Suriyadan gətirilənlərin cəmiyyətə adaptasiyası dövlətin maraq və istəyidir -RƏY

Cari ilin 4 iyun tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. 
Ombudsman Aparatından Trend-ə bildirilib ki, ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüşərək, onlara göstərilən sosial xidmətlə yerində tanış olub, hüquqlarının təmini vəziyyətini araşdırıblar.
Repatriantlarla görüş zamanı onların sosial-psixoloji vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.
Ombudsmanın nümayəndələrinə müəssisə rəhbəri və əməkdaşları tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Sherg.az”a bildirib ki, Ombudsmanın suriyadan qayıtmış insanlarla görüşməsi çox yaxşıdır:

“Ombudsman yəqin ki, həmin şəxslərin  problemləri ilə tanış olub. Onlara təkcə adaptasiya deyil, psixoloji yardım da göstərmək lazımdır. Çünki oradakı situasiya ilə Azərbaycandakı vəziyyət eyni deyil. Hesab edirəm ki, müəyyən müddət ərzində onlar bu reabilitasiya dövrünü keçə biləcəklər”.


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə bildirib ki, Ombudsmanın  Azərbaycana gətirilmiş vətəndaşlarımız ilə görüşlər keçirməsi ilk deyil:

“Səbinə xanım hissə-hissə Azərbaycana gətirilmiş vətəndaşlarımız ilə bu cür görüşləri mütamadi olaraq keçirir. Təbii ki, növbəti görüşlərdə də məqsəd və niyyət eynidir. Yəni Suriyadan Azərbaycana gətirilmiş vətəndaşların cəmiyyətə adaptasiya olunması ilə bağlı görüləcək işlərlə yaxından tanış olmaq, həmin insanların hüquq və azadlıqlarının təminatı vəziyyətini öyrənmək və lazımi tövsiyyələrini vermək üçün görüşlər həyata keçirilir. Azərbaycan dövlətinin istəyi ilə geri gətirilmiş vətəndaşlarımız olduqca ağır və çətin günlərdən keçiblər. Onların bir çoxu aldadılaraq həyat yoldaşları və qohumları tərəfindən Suriyaya aparılıb. Həmin qadınların ərləri Suriyada qanunsuz hərbi birləşmələrdə iştirak edərkən ailələrini və övladlarını orada əsirliyə salmış kimi xüsusi düşərgələrdə saxlayıblar. Özləri həlak olandan sonra isə döyüş bölgələrində tərəflərin nisbəti dəyişdikdən sonra bu şəxslər uzun müddət həbsxana şəraitində müəyyən düşərgələrdə saxlanılıb. Nəhayət ki, Azərbaycan dövlətinin bu məsələyə yanaşmasından sonra ərləri qanunsuz hərbi birləşmələrdə iştirak etməklə, ağır cinayətlər törətsələr də ailə üzvlərinin Azərbaycana qayıtması təmin edilib. Bu dövlətimizin vətəndaşına olan münasibətin təzahürüdür. Ölkəyə gətirildikdən sonra bunların cəmiyyətə adaptasiya olunması dövlətin maraq və istəyidir. Buna görə də məhz həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin, Sosial Xidmət müəssisələrində yerləşdirilirlər. Bu isə bir daha göstərir ki, o şəxslər Azərbaycana gətirildikdən sonra taleyin ümidinə buraxılmır. Dövlət müəssisələrində yerləşdirilməklə onların cəmiyyətə adaptasiya olunması, işləməsi, səhhəti və sağlamlığı ilə bağlı məsələlərin hər biri dövlətin nəzarətindədir. Səbinə xanımın bu cür addımları həm bu şəxslərə müəyyən qədər ruh verir, həm də dövlət bir neçə qurum vasitəsilə həmin şəxslərin cəmiyyətə adaptasiyası ilə bağlı müəyyən işlər aparır”.