“Səkinə dayıqızı, nay-nay...”: Gizli evliliklərə daha bir yol açılır

Günün mövzusu...

Qohum nikahların qarşısını sərt deyil, yumşaq üsulla almaq daha uğurlu nəticələrin əldə olunmasına gətirib çıxarar
 
 
 Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında qohum evlilikləri müzakirə olunub. 2 gündür cəmiyyət bu mövzuya köklənib. “Arşın mal alan”da “arşınmalçı” tacir Əsgərin düşdüyü vəziyyətdir; biri deyir, oxu, biri deyir, oxuma! Vəziyyət eynilə o cürdür. Qohum evliliyinin qadağan olunması tərəfdarları öz arqumentlərini, qadağa əleyhinə olanlar da öz əsaslarını irəli sürürlər.  

Qanunu niyə dəyişirik?
 Ailə Məcəlləsinə əmi, dayı və xala uşaqlarının (bibi yaddan çıxıb – M.R.) nikahını qadağan edəcək maddənin əlavə edilməsi təklif olunur. Layihədə qeyd olunub ki, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir. Vurğulanıb ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur. Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur: "Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir".
Dövlətin müdaxiləsi vacibdirmi?
 Müzakirələrdə iştirak edən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin digər sektor müdiri Araz Poladov isə deyib ki, qohum evliliklərinin qarşısının alınması maarifləndirmə ilə mümkün deyil: 
“Dövlətin insan hüquqlarına bu cür fundamental sahədə müdaxilə etməsi üçün meyarlar var. Görünən odur ki, maarifləndirmə yolu ilə qohum evliliklərinin qarşısının alınmasına nail olmaq mümkün deyil. İnkişaf etmiş cəmiyyətlərdə qohum evliliklərinin səviyyəsi çox aşağıdır. Ona görə ki, bu cür cəmiyyətlərdə bu məsələyə dövlət nəzarəti var". O deyib ki, üçüncü-dördüncü dərəcəli qohumluqlar yaxın qohumlar siyahısına daxil edilməyib. Lakin statistikalar göstərir ki, yaxın qohumlar arasında nikahlar hələ də var: "Bu problemlə bağlı çox danışmaq olar. Bu məsələlərdə iki məqam diqqət çəkir. Birincisi, şəxslərin sərbəst seçim hüququdur. Digər məqam isə dövlətin sağlam cəmiyyət marağıdır. Qohum evliliyi sosial problem olsa da, qanunvericilik səviyyəsində həll olunması mümkündür. Bunun da çıxış yolu üçüncü-dördüncü dərəcəli qohumluğun yaxın qohumlar siyahısına daxil olunması və bununla da, qohum nikahlarının qadağan edilməsidir". Araz Poladov bildirib ki, qohum nikahlarının əsas fəsadı həmin nikahlardan doğulan uşaqların irsi xəstəlikdən əziyyət çəkmə risklərinin yüksək olmasıdır: “Lakin sual yaranır ki, belə bir ehtimal dövlətin bu məsələyə müdaxiləsini şərtləndirirmi? Ümumiyyətlə, dövlətin insan hüquqlarına, bu cür mental məsələlərə müdaxiləsi üçün iki əsas meyar müəyyən olunub. Birincisi, qanuni və hüquqi məqsədlərin olması, ikincisi isə həmin müdaxilənin proporsionallığı, mütənasibliyidir. Proporsionallıq onunla ölçülür ki, dövlət qarşısına qoyduğu hüquqi məqsədlərə daha az müdaxilə yolu ilə çata bilər, yoxsa yox? İddia oluna bilər ki, maarifləndirmə yolu ilə də bu məsələdə məqsədə çatmaq mümkündür. Bizdə maarifləndirmə işləri kifayət qədər aparılıb, lakin görünən odur ki, bu məsələdə maarifləndirmə yolu ilə məqsədlərə çatmaq tam mümkün deyil. Biz bununla bağlı xarici ölkələrin də təcrübəsinə baxmışıq və görünən odur ki, 3-4-cü dərəcəli qohumlar arasında evlilik müəyyən Avropa, Cənub-Şərqi Asiya ölkələrində, Çində, Vyetnamda, Amerikanın 24 ştatında və s. ölkələrdə qadağan olunub”.

Qadağalar vəziyyəti dəyişəcəkmi?
 "Əmi, bibi uşaqlarının evlənməsinin qadağan edilməsində dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır". Bu fikirləri isə sözügedən müzakirələr zamanı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov səsləndirib. Onun sözlərinə görə, yaxın qohum evliliklərini qadağan etmək bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. “Düşünürəm ki, bu məsələdə insanları maarifləndirərək, bilgi verərək mane ola bilərik. Fikrimcə, buna əngəl olmaqla, qadağa qoymaqla əksinə, ona qarşı çıxanların, alternativ yollar axtaranların sayı artacaq”, - deyə o əlavə edib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qadağalara qarşı olduğunu dedi:

- Mən, ümumiyyətlə,  problemlərin həllinin sərt qadağalarla həllinin tərəfdarı deyiləm. Problem varsa, səbəblər araşdırılmalı və səbəblər aradan qaldırılmalıdır. O zaman qadağalara da ehtiyac yaranmayacaq. Qohum nikahların qarşısının qadağalarla (qanunla) alınması, yüngül desək, absurddur. Birinci ondan başlayaq ki, xala, bibi ərə gedəndə  soyadını dəyişir və ya dəyişməyə məcbur edilir. Eyniylə dayı başqa soyadda olur. Qalır əmi... ümumiyyətlə, nikaha daxil olan şəxslərin qohumluq münasibətinin statistikası necə müəyyən edilib? Qohum evliliklərindən doğulmuş neçə uşaq irsi və ya digər xəstəliklərin daşıyıcısıdır, dəqiq statistika aparılıbmı? Qohum evliliklərindən doğulan xəstə uşaqlar var, həmçinin qohum evliliklərindən doğulmayan xəstə uşaqlar da var. Bu, eyniylə sağlam uşaqlara da aiddir. Xəstə uşaqlar təkcə qohum evliliklərindən dünyaya gəlmir, sağlam uşaqlar da yalnız qohumluq əlaqələri olmayanlardan doğulmur. Məncə, bu qadağalardansa, birincisi, tv-lərə mütəxəssisləri dəvət edib insanları faktlarla, elmi cəhətdən maarifləndirmək, inandırmaq lazımdır. İkincisi, nikaha daxil olmaq üçün müraciət edənlər bir ay müddətində mütəxəssislərlə görüşməli, daha sonra qərar verməlidir. Üçüncüsü, qohum nikahlar əsrlərdən bəri gələn adətlər olduğundan, onun qarşısını sərt deyil, yumşaq (inandırma) üsulla almaq daha uğurlu nəticələrin əldə olunmasına gətirib çıxarar.

Evlilik insanların seçim hüququdur. Bu hüququ necə qadağan etmək olar?!  

 M.Zeynalova qeyd etdi ki, qanunlar vasitəsilə davranış dəyişikliyinin mümkünlüyünü təbliğ edib hər zaman. Lakin paralel olaraq alternativlərin, yəni dəstək proqramlarının vacibliyini də həmişə vurğulayır:
- Bu gün məni qane etməyən məhz qadağaların yanında dəstək  proqramlarının  yada düşməməsi idi. İnsanlara alternaitivlər verilməyəndə, özləri alternativlər yaradır. Qohum nikahları qadağan ediləcək, bir-birini sevən qohum qız, oğlan qanundankənar, gizli evlənəcək. Qadağalarla biz qeyri-rəsmi nikahların, nikahdankənar doğulacaq körpələrin sayını artırmış olacağıq.  Evlilik insanların seçim hüququdur. Bu hüququ necə qadağan etmək olar?!.  Bəlkə iki gənc bir-birini sevir, necə qadağan etmək olar onlara ki, siz evlənməməlisiniz? Yenə də deyirəm, insanları başa salmaq, maarifləndirmək, qohum nikahlarının mümkün fəsadlarını anlatmaq olar. Əgər yenə razılaşmayacaqlarsa, o zaman məsuliyyəti özlərinin daşımalı olduğunu bildirmək lazımdır.

Haqlımıyıq, haqsızmıyıq?

 Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında bildirdi ki, hansı məsələdə  maarifləndirə bilmiriksə, orada sərt qadağa qoyuruq:

- Bu, uşaqların tərbiyəsində də belədir. Haqlımıyıq, haqsızmıyıq, bunu zaman göstərəcək. Qadağa, qayda-qanun varsa, deməli, onu pozan da var. Bunun qarşısı necə alınacaq? Tutalım, bir hadisə baş verdi -  xala qızı xala oğlu ilə cinsi əlaqədə oldu. Nə edək? Onları evləndirməyək? Doğulan uşağa sənəd verməyək? Bu müstəvidə hər hansı bir səhv olubsa, o, necə aradan qaldırılacaq, bunu düşünmək lazımdır. Qanun necə kömək edəcək, necə şamil olunacaq bu halda həmin şəxslərə? Hesab edirəm ki, maarifləndirməyə üstünlük verilməlidir. Biz sivil cəmiyyət deyilikmi? Sivil cəmiyyətiksə, cəmiyyətin anlamaq, başa düşmək, qəbul etmək və qaydalara tabe olmaq, qanuna hörmət etmək qabiliyyəti də olmalıdır və yəqin  ki, var da! Məsələn, mən övladıma necə deyə bilərəm ki, dayın oğlu ilə, yaxud dayın qızı ilə evlənmə. Bunu əvvəldən uşaqlara aşılamaq lazımdır ki, xala uşaqları, dayı, əmi, bibi uşaqları qardaş-bacıdırlar. Uşaqları bu istiqamətdə maarifləndirmək lazımdır. Orta məktəbdə “İnsan və cəmiyyət” fənni, ailə dəyərləri  tədris olunmalı, yaxın qohumların ailənin üzvləri olduğu izah edilməlidir. Xəstəlik məsələsinə gəlincə, 15 ildir peşəkar psixoloq fəaliyyəti ilə məşğulam və uşaqların xəstə, qüsurlu doğulmasında qohumluq əlaqələrinin prioritet olduğunu görürəm. Xəstəliklər genetik bağlılıq, qohumluq əlaqələri olan cütlüklərin övladlarında özünü göstərir. Ola bilər, birinci nəsildə xəstəlik olmasın, amma ikinci nəsildə özünü göstərsin.  Sağlam görünən uşaqlar passiv daşıyıcı da ola bilər və hər hansı irsi xəstəlik növbəti nəslə ötürülə bilər. Burada kimin dominant olduğu da əsasdır. Yəni qanunu tətbiq etməzdən əvvəl fikirləşmək lazımdır. Təlqin etmək, anlatmaq vacibdir. Ümumiyyətlə, qadağalara gətirib çıxaracaq hallar aradan qalxmalıdır ki, qanunlara dəyişikliyə də gərək qalmasın.
 Belə. Biz də müzakirələri bitirdik. Bilirsiz də, “Arşın mal alan”da mübahisə qızışan vaxtı tacir Əsgər aradan çıxır. Mübahisə edənlərin mübahisəsini kəsənsə “Sonya” olur. Nazlana-nazlana gəlib küçədən keçir, kişilərin gözü ona dikilir, “oxu, oxuma” mübahisəsi də bitir. İndi bizə də deyəsən, “sonya”lar lazım olacaq. Əmiqızı, xalaqızı, bibiqızı, dayıqızı ilə ilə evlənmək qadağan edildisə, ortaya “sonya”lar, “liza”lar düşəcək. Rəhmətlik Sabir demişkən: “tacirlərimiz (kişilərimiz) sonyalara bənd olacaqmış, bədbəxt tükəzbanları neylərdin, ilahi!”. Bu gedişlə “Səkinə dayıqızı”na da əlvida deyiləcək.
P.S. Başqa-başqa ölkələrin müxtəlif məsələlərin həllindəki təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışmaq heç də hər zaman fayda vermir. Bura Azərbaycandır. Milli adət-ənənələri olan ölkə. Azərbaycan Avropa, Çin, Vyetnam deyil... Amerika heç deyil!..