Belə hallarda, işçi qanunla müəyyən olunmuş bir sıra hüquq və imtiyazlardan məhrum olur
Bu gün Azərbaycanda işləyən vətəndaşların 65 faizinin əmək müqaviləsi yoxdur.
Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dünənki iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkədə əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir: “Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 35,6 faizi əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 65 faiznin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 65-i müqavilə olmadan işləyir”.
V.Bayramov deyib ki, rəsmi statistika onu göstərir ki, əmək bazarında müqavilə baxımından münasibətlərin leqallaşdırılması vacibdir. Muzdlu işçilərin sayının artması, əmək müqaviləsi ilə vətəndaşların işə cəlb edilməsinə ehtiyac var. Bu da həmin şəxslərin əmək hüquqlarının qorunması baxımından, eləcə də dövlət büdcəsinə daxilolmaların artması və münasibətlərin leqallaşdırılması baxımından önəmlidir:
“Bu gün inkişaf etmiş ölkələrdə elektron dövlət xidmətləri vətəndaşa pulsuz təqdim olunur: "Vətəndaş elektron dövlət xidmətindən pulsuz olaraq istifadə etməlidir. Hətta xaricdə tətbiqlər (application) internetsiz “offline” rejimdə çalışır. Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir".
Onun sözlərinə görə, elektron imza xərcdir və bunun xərci son illər artıb:
“Əslində, əmək müqavilələrini elektronlaşdırmaqla elektron imzaya məcbur edirik. Elektron imzanın məcbur edilməsi, xüsusən də aqrar sektorda çalışan 38 faiz insanımız üçün əlavə xərc yaradır. Sualım bundan ibarətdir ki, ümumiyyətlə, elektron əmək müqavilələrinin “offline” rejimdə işləməsi, elektron imzanın əvəzlənməsi nəzərdə tutulubmu? Əgər əvəzlənmə olmayacaqsa, elektron imzanın xərclərinin azaldılması ilə bağlı müzakirələr gedirmi?”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, nazirliyin vətəndaşlara təqdim etdiyi bütün xidmətlər ödənişsizdir:
"Elektron platformalardan istifadə üçün də ödəniş yoxdur. Əmək müqavilələrinin elektron əmək müqaviləsinə keçidi layihəsi çərçivəsində vətəndaşlar üçün hər hansı xərcin təyin edilməsi nəzərdə tutulmayıb. Bu çərçivədə elektron imzanı alacaqlarsa, onun üçün hər hansı ödəniş edilməyəcək. Burada vətəndaşa münasibətdə hər hansı əlavə maliyyə öhdəliyi yaratmaq fikrimiz yoxdur.
Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov da hesab edir ki, əksər iş yerlərində işçilərlə əmək müqaviləsi bağlanmır və ya onlar faktiki olaraq əmək münasibətinə cəlb olunsalar da, mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilir. Bu barədə “Sherg.az”a danışan ekspert deyib ki, belə hallarda, işçi qanunla müəyyən olunmuş bir sıra hüquq və imtiyazlardan məhrum olur və müəssisə isə müvafiq orqanlar tərəfindən müxtəlif inzibati və cinayət məsuliyyətinə cəlb olunur. Onun sözlərinə görə, işçinin faktiki olaraq hər hansı bir işəgötürənlə əmək münasibəti olmasına baxmayaraq, o, qeyri-formal formada çalışırsa və ya mülki-hüquqi müqavilə əsasında çalışırsa, bu halda o, Əmək Məcəlləsinin tələblərinə əsasən işçi hesab edilmədiyi üçün əmək qanunvericiliyi üzrə müəyyən olunmuş hüquqlar ona şamil edilməyəcəkdir:
“Əmək müqaviləsi əsasında çalışan işçinin Əmək Məcəlləsində müəyyən olunmuş məzuniyyətlərdən istifadə hüququ var. Bunlara ödənişli əmək məzuniyyəti, təhsil və yaradıcılıq məzuniyyəti, sosial məzuniyyət və ödənişsiz məzuniyyətləri misal göstərmək olar. Əmək müqaviləsi bağlanmadığı halda, işçi müəyyən olunmuş məzuniyyətlərdən istifadə etmək hüququnu itirir. İş stajı hesablanmadığı üçün staja görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət və uşaqlara görə əlavə məzuniyyət hüququnu itirir. Əmək müqaviləsi əsasında çalışan işçiyə ayda bir dəfədən az olmayan müddətdə əməkhaqqı verilməlidir. Lakin əmək müqaviləsi bağlanmadığı halda isə işçinin belə bir hüququ olmur və ödənişin olunmaması halında çətinliklə üzləşir. Əmək müqaviləsi əsasında 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində əmək kitabçası açılır. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Əmək müqaviləsi bağlanmadığı halda, işçinin iş müddəti əmək kitabçasında əks olunmadığı üçün ona əmək stajı hesablanmır. Əməkhaqqının bəyan edilməməsi və əməkhaqqından tutulmaların aparılmaması nəticəsində sosial sığorta stajı və pensiya kapitalı formalaşmır və gələcəkdə pensiya təminatı hüququnu itirmiş olur.
Əmək qabiliyyətinin itirilməsinə görə müavinət almaq, bədbəxt hadisə və peşə xəstəliklərinə qarşı sığorta olunmaq və müavinət almaq, son haqq-hesab almaq və təhlükəsiz əmək şəraitində işləmək hüququnu itirir. Əmək Məcəlləsində isti və soyuq havalarda işin dayandırılması, əməyin mühafizəsi qaydaları və təhlükəsiz əmək şəraitinə dari normalar müəyyən olunmuşdur ki, əmək müqaviləsi olmadan çalışan işçi bu hüquqlarını da itirmiş olur”.
Ekspert həmçinin əlavə edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının bir neçə qanunvericilik aktında məsuliyyət nəzərdə tutulub:
“Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
N.Xəlilov onu da qeyd edib ki, eyni əməllər təkrar törədildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:
"Yuxarıdakı maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur. Nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Şəxs bu bəndə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir".