Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13 min 859 nikah və 6933 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, eynu evdə evli ancaq boşanmış insanlar yaşadıqca, bir-birini anlamayan və bu vəziyyətdə övlad böyüdən valideynlər olduqca uşaqlarda evlilik qorxusu yaranacaq:
“Uşaqlar yetkinlik yaşına çatanda evliliyə üstünlük verməyəcəklər. Həmin şəxslərdə evlilik fobiyası yaranacaq. Məsələn qızların bir kişiyə inancı itəcək. Çünki daim evdə xəyanət edən, məsuliyyətdən qaçan və ailəni bir yerdə saxlaya bilməyən ata-ana ilə böyüyüblər. Bu səbəblə də gənclərdə evlilik qorxusu yaranıb və ailə qurmağa üstünlük vermirlər. Bu qədər cütlüklər boşanır və ya boşanma yolunda irəliləyirsə, deməli artıq insanlar artıq evliliyə dırnaq arası baxır. Ona görə də nikahların sayı azalıb. Digər tərəfdən bəzən gənclərin işləməsi və valideynlərlə bir yerdə yaşamaq istəməməsi də problem yaradır”.