Ötən günlərdə Azərbaycanda baş verən təbii fəlakət hadisələri nəticəsində əhali üçün ciddi problemlər yaşanıb.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, bu hadisələr zamanı bir çox dövlət qurumlarının üzərinə böyük yük düşür: “Aparılmış tədbirlərə baxmayaraq, bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi tam kəsilib. Bu tip hadisələr zamanı sığorta məsələsi ön plana çıxır. İstehsal xərclərini belə qarşılaya bilməyən kəndlilər öz təsərrüfatını bağlayır. Banklar fermerlərin öz təsərrüfatını sığortalamasına ehtiyatla yanaşır. Nazirlər Kabineti xüsusi qərar çıxarmalı, tədbirlər planı hazırlamalı, ziyan çəkmiş kəndlilərə maddi yardım edilməlidir”.
İqtisadçı ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, ölkədə sığorta mexanizminin zəif inkişaf etməsi bu istiqamətdə zərərin aradan qaldırılması yükünü dövlətin üzərinə yönəldir:
“Əsasən aqrar sektora, fərdi və ailə təsərrüfatlarına zərər dəyib. Xüsusilədə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan insanların təbii fəlakətlər nəticəsində dəyən zərərləri daha böyükdür. Bir sıra hallarda əmlaklara da zərərlərin dəyməsi müşahidə edilir. Bunların hər biri öz növbəsində araşdırılmalı, mövcud hüquqi yardımların edilməsinə ehtiyac var. Eyni zamanda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərin bu istiqamətdə ciddi risklə üz-üzə qaldığını da müşahidə edirik. Məhsuldarlıq sahələri yararsız hala düşüb. Belə olduğu təqdirdə istehsal prosesinin disiplinliyini qorumaq və yaxudda götürülmüş borc öhdəliklərini yerinə yetirmək mümkün olmur. İmkan daxilində dəstəyin göstərilməsinə ehtiyyacın olduğunu düşünürəm və təklifi də müsbət qiymətləndirirəm”.