Qızlar, zaman uçur...

Oxumağın əzabı bir müddətlik, oxumamağın əzabı isə ömürlükdür


Qədim zamanlardan bütün dünyada qadın və qız uşaqlarının hüquqlarının pozulmasında problemlər yaşanır. Qadın hüquqları anlayışına daxil edilən hüquqlar sırasında fiziki sağlamlıq və müstəqillik, cinsi zorakılıqla üzləşmək, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər hüquqlara malik olmaq, ədalətli və ya bərabər əmək haqq, əmlak, iş  sahibi olmaq, təhsil almaq hüquqları ön planda dayanır. Bu hüquqlar içərisində ən mühim problem yaşanan mövzu isə qadınların təhsilə cəlb edilməsində olub. Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil cəmiyyətin, bəşəriyyətinin inkişafı üçün çox önəmlidir. Bu sahədə ən çox problem isə təhsilalan qadın və kişilər arasında bərabərliyin olmamasıdır. Çox təəssüf ki, Azərbaycandan da həmin problem yan keçməyib. Tarix boyu ziyalılarımız, elm xadimlərimiz, təhsilli insanlarımız bununla mübarizə aparsa da, hələ də problem tamamilə həllini tapmayıb. Belə ki, 1901-ci il oktyabrın 7-də böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü və bir neçə il davam edən səyləri nəticəsində Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başlayıb. Təhsil qadının mülkiyyətidir, yalnız təhsil qadınlarımızı irəliyə apara bilər. Z.Tağıyevin dediyi kimi “Bir kişinin təhsil alması, yalnız savadlı bir insanın olması deməkdir. Amma bir qadının təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. 
Bu gün ölkədə orta təhsilin icbari olması qızların təhsilində önəmli rol oynasa da, zaman-zaman təhsil səviyyəsində müəyyən fərq özünü büruzə verib. Azərbaycanda ən çox qızların təhsili ilə bağlı problem yaşanan ərazi isə Cənub bölgəsidir. Bəzi regionlarda bu ilin statistik göstəricilərinə görə 9-cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olub. Bu da erkən nikah və ya qızların təhsildən uzaq tutulması tendensiyalarından xəbər verir. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər. Xüsusilə, Lənkəran, Masallı, Lerik və Astarada buna rast gəlinir. O cümlədən Bakıətrafı kəndlərdə Nardaran, Balaxanı və digər ərazilərdə də qızların təhsildən yayınma halları mövcuddur. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideyinlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir. XXI əsrdə hələ də belə ailələrin mövcudluğunu yalnız dəhşətli bir hadisə kimi qiymətləndirmək olar. Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox aran rayonlarında genişlənib. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Problemin kökündə maddi, sosial amillər, dini faktorlar, valideyn eqosu, psixoloji  tərəflər yer alır.  

Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” məcmuəsində əks olunan məlumata görə ötən tədris ilində Azərbaycanın dövlət və qeyri-dövlət universitetlərində 111 min 583 qadın təhsil alıb. 
Məcmuədə bildirilir ki, 2021-2022-ci tədris ilində bu göstərici 104 min 678, 2015-ci ildə 78 min 662 olub. 2010-cu ildə isə 65 min 112 qadın ali təhsil ala bilib. 
Qeyd edək ki, 2022-2023-cü tədris ilində təhsil alan qadınlardan 96 min 74-ü dövlət, 15 min 509-u isə özəl müəssisələrin payına düşür.Məcmuədə bildirilir ki, 2021-2022-ci tədris ilində bu göstərici 104 min 678, 2015-ci ildə 78 min 662 olub. 2010-cu ildə isə 65 min 112 qadın ali təhsil ala bilib.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu “Sherg.az”a vurğulayib ki, ölkəmizdə qızların təhsilə cəlbi ilə bağlı vacib addımlar atılır:

“Bir zamanlar qızların təhsilə cəlb edilməsi problem kimi aktual idi. Bu məsələ bu və ya digər formada əvvəllər də və hətta qismən indi də öz qüvvəsini saxlaya bilib. Amma bu gün ən ucqar bölgələrdə belə Azərbaycan ailəsi qızlarının təhsil alması üçün əlindən gələni də, gəlməyəni də edir. Bu gün tendensiya budur ki, azərbaycanlı valideynin cibində 100 manat pulu varsa, onun 100-nü də övladının təhsili üçün xərcləməyə hazırdır. Bu, olduqca təqdirəlayiq addım və gözə xoş görünən mənzərədir. Çünki qızların təhsilinə ən böyük dəstəyi onu ailəsi verə bilər. Biz qızların təhsilinə dəstəyi yatırım kimi, cəmiyyətimizin inkişafına dəstək kimi başa düşməliyik. Mesenant Hacı Zeynalabidin Tağıyevin dediyi kimi, bir oğlana təhsil verməklə təhsilli bir insan qazanıldığı halda, bir qıza təhsil verməklə isə təhsilli bir ailənin təməli qoyulmağa başlayır. Qızların təhsildən kənarda qalması o ölkənin, xalqın, toplumun faciəsi olar. Necə ki, qədim dünya tarixlərində, hətta Məhəmməd Peyğəmbərin dövründə cahil insanlar övladı qız olardısa, onu diri-diri yandırır, basdırırdılar. Bu, təhsilsizliyin, cahilliyin ən amansız kuliminasiyası idi. Əgər ailədə savadlı ana olsaydı, heç tarix belə amansız qətlləri görərdimi? ‘’.

Ekspert qeyd edib ki, ölkəmizdə təhsilin tamamilə əlçatan olması heç kimə sirr deyil:
“Müxtəlif universitet və kolleclərdə, eləcə də peşə təhsili müəssisələrində plan yerlərinin artırılması, keçid ballarının aşağı düşməsi, köklü təhsil islahatları, infrastrukturun yenilənməsi, azad edilmiş ərazilərimizdə təhsilə qayıdış, dünyanın müxtəlif ölkələri ilə tələbə-təhsil mübadiləsi təhsilin inkişafı baxımından aysberqin görünən tərəfidir. Bu siyahıya təhsil müəssisələrinə qəbul edilmiş tələbələrə verilən müxtəlif təqaüdləri, özəl müəssisələrinin bu kampaniyalara qoşulmasını, qrantları və bu kimi maliyyə yardımlarını əlavə edə bilərik. Bu gün ölkəmizdə müxtəlif adda tələbələrə təqaüdlərin verilməsi istiqamətində də ciddi addımlar atılır. Bu istiqamətdə müxtəlif QHT-lərin, təşkilatların, dövlət qurumlarının fəaliyyəti və işlərinin nəticəsi göz önündədir. Bütün bunlar tələbələrin inkişafını, tədqiqatyönümlü işlər aparmalarını, araşdırmaçı olmalarını, öz ixtisaslarını dərindən öyrənmələri baxımdan müstəsna fəaliyyət hesab edilir. Əlavə olaraq, qızların təhsilinə dəstək kimi Ailə və  Qadın  Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun birgə fəaliyyəti nəticəsində “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı”, Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə baş tutan “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində edilən maliyyə yardımları təqdirəlayiqdir.
Faiz nisbətilə hesablayanda görürük ki, təhsil müəssisələrində, xüsusilə ali təhsil müsəssisələrində qızların oxuma faiz nisbəti daha üstünlük təşkil edir. Bölgələr üzrə bu nisbət Cənub bölgəsində azdır. Bu da daha çox həmin bölgələrdə yaşayan insanların uzun illik formalaşan mental dəyərləri, həyat tərzi və  maddi sıxıntıları ilə bağlıdır. Müvafiq qanunvericilik bazasının gücləndirilməsi, bu istiqamətdə görülən ardıcıl işlər bu məsələnin həlli yolunda köməkliyini göstərir.Qızların təhsilinə dəstək naminə beynəlxalq səviyyədə də görülən işlər və bu istiqamətdə aparılan islahatlar öz bəhrəsinin verir. Məsələn, UNESCO, UNICEF, Malala, Global Partnership for Education, CARE, Girl Rising kimi beynəlxalq qurumlar qızların təhsilinə dəstək olmaq üçün müxtəlif proqramlar həyata keçirir’’.

Tanınmış psixoloq Əfsanə Rüstəmova isə bildirib ki, həqiqətən də Azərbaycanın bəzi bölgələrində, xüsusilə də Cənub regionunda qızların təhsildən yayındırılma hallarına tez-tez rast gəlinir:

“Bunun əsas səbəbləri  məişət qayğıları və cəmiyyətin insanlara yüklədiyi namus gözləntisindən qaynaqlanır. Yəni qızlar müəyyən yaşdan sonra ailələr tərəfindən idarə olunmayacaq yaşa gəlirlər. Belə olan halda isə həmin qızların namusunun məsuliyyəti öz üzərilərinə düşür.  Ailələr isə düşünürlər ki, qızların namus məsuliyyətini özlərinə vermək olmaz və təhlükəli məsələdir. Ona görə də atanın nəzarət edə bilmədiyi namus  yükünü aparıb hansısa oğlana hədiyyə edirlər. Yetkinlik dönəmində olan qızlar bu qavrayışla böyüdüklərinə görə ailələrinin hərəkətləri onlara da normal gəlir. Sözügedən məsələni normal hal kimi qəbul etməyən qızlar isə hansısa formada yolunu tapıb özlərini xilas edirlər. Ona görə də qızların təhsildən yayındırılmasına səbəb kimi namus məsələsini aktuallaşdırmalıyıq. Namusun bu cür bir şey olmadığını insanlara öyrədə bilsək, düşünürəm ki, təhsildə məhsuldarlıq artacaq. İnsanların namus qayğısı aradan qalxdıqdan sonra qadınlar rahat şəkildə təhsil almaq və almamaq seçimlərinin olduğunu biləcəklər. İndiki halda onlar dilemma arasındadırlar. Yəni iki ehtimal mövcuddur. Düşünürlər ki, təhsil alan namussuz olacaq, təhsil almayan namuslu ailə həyatı quracaq. Əgər bu iki seçimdən daha fərqli fikirlərin olduğunu cəmiyyətə aşılasaq insanlar seçimlərin azad olduğunu biləcəklər. Belə olanda isə insanlar azad olduqlarını düşünərək, özlərini xoşbəxt hiss edəcəklər”.
Hörmətli valideynlər, qız övladlarınızı nəyin bahasına olursa, olsun, oxudun. Bu Allah yanında da bəyənilir.  Qızlar, zaman uçur. Oxumağın əzabı bir müddətlik, oxumamağın əzabı isə ömürlükdür. Sonra gec olacaq, peşman olacaqsınız. Uşaq yaşından gələcəyə nikbin baxın. Düz həyatda ən böyük səhvinizi etməyin. Hər şey məqamında, məramında gözəldir. 

Yazı Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur.