Professor: İTS xeyli vətəndaşın həyatında iz buraxaraq, məmnunluq yaradıb

Azərbaycanda icbari tibbi sığorta ilə son iki ildə 182 mindən artıq doğuş aparılıb.
Bu barədə NUHÇIXAN-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar xidmət zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri sığorta hesabına göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır.
2022-2024-cü illər ərzində (ilk 6 ay) icbari tibbi sığorta ilə 97 278 təbii doğuş, 85 614 klasik qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Doğuşların 1054-ü çoxdöllü hamiləlik (əkiz, üçəm, dördəm və s.) təşkil edib.
Vurğulanıb ki, doğuşdan sonrakı dövrdə zahı qadınların və yenidoğulmuşların müşahidəsinin aparılması, ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi də ödənişsiz göstərilir. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişi tövsiyə olunur. Xidmətlər Zərfi ilə hamilə qadına arterial təzyiqin ölçülməsi, nəbzin sayılması, bədən kütləsi indeksinin, qanda şəkərin, qan qrupu, qanın klinik analizi (hemoqlobin), sidiyin ümumi analizi kimi tibbi xidmətlər göstərilir. Həmçinin hepatit B və C, sifilis testləri, insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək), uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi icbari tibbi sığorta təminatına daxildir.
Tibb müəssisəsində hamiləliyin 12-ci həftəsinə qədər fol turşusunun təyini, USM, doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması (kardiotokoqrafiya) və digər müayinələr də həyata keçirilir.
Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator tibb müəssisələrinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyi tabeli Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, Azərbaycanda İcbari Tibbi Sığorta bir neçə il öncə tətbiq olunsa da, artıq xeyli uğurlar əldə edilib:


“Randevu sisteminin qurulmasında müəyyən problemlərin olmasına baxmayaraq, nəticəyə əsasən bir çox vətəndaşımız bundan fayda görür. Xüsusilə də ürək-damar, neyrocərrahi, əməliyyatı kimi həm bahalı, həm də mürəkkəb əməliyyatlardan xəstələr pul ödəmədən dövlət hesabına istifadə edirlər. İcbari Tibbi Sığorta xeyli vətəndaşın həyatında iz buraxaraq, məmnunluq yaradıb. İşin təşkili ilə bağlı müəyyən şikayətlər var. Bu da təbiidir. İcbari Tibbi Sığortanın əsasında randevu sistemi durur. Dünyanın hər yerində bu belədir. İnsanların birdən-birə klinikaya axışması real deyil. Həkimlər bunun öhtəsindən gələ bilməz. İTS ilə məşğul olan həkimlərin də gündəlik xəstə qəbulu norması olmalıdır. Randevu sistemi də bu məsələ nəzərə alınaraq həyata keçirilir. Doğuş və hamiləliyin İTS çərçivəsində həyata keçirilməsi ürək açan haldır. Çünki bəzən doğuş keçirən insanların arasında kasıblar da olur. İTS ilə həmin insanlar xəstəxana xərclərini ödəməkdən qurtulurlar. İcbari Tibbi Sığortadan istifadə etmək mütləq lazımdır. Müxtəlif şayiələr var ki, İTS da tibbi xidmətlərin keyfiyyəti aşağıdır. Ancaq bu tam yanlış sözlərdir. Həkim, əməliyyatı bütün xəstələrə eyni tərzdə edir. İTS üçün də ayrılan sərfiyyat materialları bütün dünyada qəbul edilmiş, reyestrə salınmış materiallarıdır. Bəzən müəyyən işbazlar xəstələri aldadırlar ki, daha yaxşısı var. Xəstələrdə qorxduqları üçün ödəniş ilə yenisini almaq məcburiyyətində qalırlar. Qətiyyən deyilən mənfi fikirlərə aldanmaq lazım deyil”.