“Bu gün cəmiyyətdə psixoloji problemlərin və xəstəliklərin yaratdığı ən böyük təhlükələrdən biri də suisidal meyllər və cəhdlərdir”.
Bunu “Sherg.az”a açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib.
O qeyd edib ki, ötən illərə nisbətən ölkəmizdə intihar hallarının xeyli dərəcədə azalması müşahidə olunur:
“Ümumiyyətlə psixoloji narahatlıqlar, depressiya, psixoz və maddə istifadəsi kimi mənfi sağlamlıq vəziyyətləri intihar riskinin artması ilə birbaşa əlaqəlidir. Lakin xəstəxanalarda bu psixoloji faktorlar üzrə müraciətlərin olması və qeydiyyata alınması, heç də hər zaman insanın öz həyatını sonlandırması və ya öldürməyə cəhd etməsi demək deyil. Anlamaq lazımdır ki, intihar konkret bir hadisə və ya mövzunun deyil, insanın həyatında baş verən bir çox amillərin nəticəsidir. Ona görə də bu cəhdlərə təkan verən səbəblərin yalnız psixoloji tərəflərini izah etmək daha doğru olardı. Çox vaxt intiharı düşünən insanlar psixoloji pozuntu və çətin həyat hadisələri nəticəsində bu fikrə yönəlirlər. Həddindən artıq aşağı əhval-ruhiyyə, mənfi düşüncə, şiddətli narahatlıq və psixoz kimi simptomlar intihar düşüncələrinə səbəb olur. Araşdırmalar göstərir ki, öz həyatına son qoyan bir çox insan əslində ölmək istəmir, lakin ağrılardan qurtulmaq, ümidsizlik hissləri və başqa bir çarə olmadığını hiss etmək onların bu dəhşətli seçimi düşünməsinə şərait yaradır. Psixi sağlamlıq vəziyyətlərindən başqa, suisidal cəhdlərə meylin digər səbəbləri isə - xroniki sağlamlıq problemləri, qorxu, tükənmə və ya çarəsizlik hissi, mənfi situasiyalar (sosial təcrid, yaxın insanların itkisi, maliyyə böhranı), ətrafda baş verən intihar cəhdinə şahid olmaq, alkoqol və maddə istifadəsi və ən əsası isə yeniyetmələrdə valideyn təzyiqinin nəticəsidir.
Öz həyatına qəsd edən insanlar çox vaxt əvvəlcədən xəbərdarlıq əlamətləri göstərirlər. Şəxsiyyətdə və ya görünüşdə dramatik dəyişiklik və ya irrasional və ya qəribə davranış, yemək və ya yuxu vərdişlərinin pozulması, məktəbdə və ya işdə performansın azalması, əvvəllər vacib olan şeylərə və gələcəyə marağın olmaması, intihar, ölüm haqqında yazmaq, danışmaq, niyyət və ya zarafat etmək, dostlardan, ailədən və ya cəmiyyətdən uzaqlaşma və s. hallar buna misaldır.
E.Rüstəmov söyləyib ki, intihar hallarının böyük bir qismi yeniyetmə və gənclər arasında baş verir:
"Ümumiyyətlə yeniyetməlik böhranı zamanı valideynlər uşaqlarına daha həssas yanaşmalıdır. Diqqət edilməsi lazım olan digər bir məsələ isə valideynləri tərəfindən sevgi görməyən, dəyərsizlik və laqeydlik yaşayan yeniyetmələrin də bir çoxunun qorxu yaratmaq məqsədilə bəzən intihara meyl etməsi hallarının olmasıdır. Bu halda fərd bir növ valideynərini itirmək qorxusu ilə üz-üzə qoyaraq ailə üzvlərinin onun üçün narahat olmağını istəyir. İntihar hissi o an öhdəsindən gələ biləcəyinizdən daha çox ağrı hiss etmək deməkdir. Hər bir insan müəyyən dönəmlərdə bir dəfə də olsa bu fikri ağlından keçirə bilər. Lakin bilmək lazımdır ki, intihar düşüncəsi elə yalnız düşüncədir. Bu düşüncənin olması o demək deyil ki, fərd onlara əməl etməlidir. Belə düşüncələrlə mübarizədə effektiv üsullardan biri də həyatınızda oxşar stresli vəziyyətlərlə qarşılaşdığınız başqa bir zaman haqqında düşünməkdir. Şəxs daha öncə onların öhdəsindən gəlmək üçün nə etdiyini və indi də eyni şeyi edə bilərmi deyə fikirləşməlidir. Düşüncəsindən asılı olmayaraq hər bir insan diqqətini keçmişə deyil, indiyə və gələcəyə cəmləməlidir. Heç bir şey dəyişməz saydığımız keçmiş qədər sürətlə dəyişmir. Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar. Ailə üzvləri və yaxınlar bu düşüncədə olan insana hərtərəfli dəstək olmalı və xatırlatmalıdır ki, milyonlarla insan bu düşüncələrin öhdəsindən gəldiyi halda, o da bunu edə bilər. Ən əsası isə professional şəkildə mütəxəssis dəstəyi almaqdır. Bu nöqtədə fərdin hisslərini ailə üzvü, dostu və ya müəllimi ilə bölüşmək və professional kömək alana qədər onların bu mövzuda nəzarəti olduqca vacibdir. İntihar düşüncələri ilə hərəkət etmək lazım deyil. Bu düşüncələrin nə qədər hədsiz dərəcədə olduğuna baxmayaraq, hər bir çətinlik kimi onlar da zamanla keçəcəklər. Həyatda hər zaman yaşamaq üçün bir məna, bir ümid vardır. Yetər ki həyatın mənasını da, özümüzü də anlayıb, hər zaman doğru olanı, yəni - yaşamağı seçək”.