Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mayın 8-nə keçən gecə Rusiyanın Yaroslavl vilayətindəki "Yaroslavl" neft emalı zavoduna (NEZ) və Rostovdakı pilotsuz uçuş aparatları (PUA) anbarına zərbələr endirib.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna tərəfinin məlumatına görə, zərbələrdən sonra obyektlərdə yanğınlar baş verib.
Baş Qərargahdan bildirilib ki, "Yaroslavl" NEZ illik emal gücü təxminən 15 milyon ton olan Rusiya neft emalı sənayesinin əsas müəssisələrindən biridir.
"Dəyən ziyanın miqyası dəqiqləşdirilir", - məlumatda qeyd olunub.
Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan Luqanskdakı "Luqanskaya" neft bazasının, müxtəlif yaşayış məntəqələrindəki yanacaq-sürtkü materialları anbarlarının və Rusiya qoşunlarının təmir bölməsinin vurulduğunu bəyan ediblər.
Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Zaporojye vilayətinin işğal olunmuş ərazisindəki Rusiya qoşunlarının rabitə qovşaqlarına zərbələr endirilib.
"Digər obyektlərlə yanaşı, Zaporojye vilayətinin Mixaylovka ərazisində Rusiyanın "Tor-M2" zenit-raket kompleksi və Krımda "Kasta-2E" radiolokasiya stansiyası vurulub", – bildirilib.