Sərt dağların yamacında cəmi iki şagird, BİR MÖCÜZƏ

Türkiyənin Bitlis vilayətinin Hizan rayonunda qışlaqda yerləşən məktəbdə çalışan müəllim Kevser Hilal Gökçe sinif otağını soba ilə qızdıraraq iki şagirdinin təhsili üçün böyük zəhmət göstərir.

Sherg.az xəbər verir ki, Ankaralı olan Gökçe, Milli Təhsil Nazirliyi tərəfindən 3 il əvvəl Hizan rayon mərkəzindən 52 kilometr uzaqlıqda yerləşən Ürünveren kəndinin Karakoyun qışlağındakı ibtidai məktəbə direktor səlahiyyətli müəllim kimi təyin olunub.

Dağın yamacında qurulmuş, cəmi bir sinif otağından ibarət məktəbdə çalışan Gökçe, birinci sinif şagirdi Yusuf Turan və dördüncü sinif şagirdi Melek Tacarı ən yaxşı şəkildə yetişdirməyə çalışır.

Həm məktəbin bütün işlərini görən, həm də şagirdlərini gələcəyə hazırlayan müəllim dərslərlə yanaşı müxtəlif zəka oyunlarından istifadə edərək uşaqların diqqətini artırır, onların sosial və fərdi inkişafına töhfə verir.

Yaz fəslinin gəlməsinə baxmayaraq soyuq havanın davam etdiyi qışlaqda , şagirdlər gəlməmişdən əvvəl odun doğrayıb kömür daşıyan Gökçe sobanı qalayaraq sinfi isidir. Eyni zamanda hazırladığı maraqlı fəaliyyətlərlə dərslərin darıxdırıcı olmamasına çalışır.

Gökçe bildirib ki, birləşdirilmiş sinifdə cəmi iki şagirdi var və onların ən yaxşı təhsil alması üçün əlindən gələni edir.

Üç ildir bu ucqar ərazidə fədakarlıqla çalışdığını deyən müəllim qeyd edib:

“Uşaqların həm təhsil prosesində, həm də gələcəkdə yaxşı fərd kimi formalaşması üçün əlimdən gələni edirəm. Bu günə gəlməyimdə ibtidai sinif müəllimimin böyük rolu var. Ümid edirəm ki, onlar da illər sonra məni belə xatırlayarlar. Kənd məktəbində təkcə dərs demirəm. Uşaqlar gəlməzdən əvvəl sinfi hazırlayıram, sobanı yandırıram. Məktəbin həm müəllimi, həm də rəhbəriyəm.”

“Uşaqlarla və kənd sakinləri ilə iç-içəyik”

Buranın coğrafi şəraitinin çətin olduğunu, xüsusilə qış aylarının sərt keçdiyini vurğulayan Gökçe, şagirdlər gəlməzdən əvvəl onlar üçün isti sinif mühiti yaratdığını bildirib.

“Sobanın qarşısında isinib dərsə başlayırıq. Sağlam təhsil prosesi qurmağa çalışıram. Kənd məktəbində müəllim olmaq çətindir, çünki imkanlar məhduddur. Buna baxmayaraq, hər cür fədakarlıq edərək uşaqların inkişafı üçün əlimizdən gələni edirik. Uşaqlarla və kənd əhalisi ilə sıx əlaqədəyik. Həm dərs, həm də gündəlik həyat baxımından bir-birimizi tez-tez ziyarət edirik.”

Kənd məktəbində işlədikdən sonra həyatında ilk dəfə odun doğradığını, su daşıdığını və soba yandırdığını deyən Gökçe əlavə edib:

“Yaratdığımız isti mühitdə uşaqları gələcəyə hazırlayırıq. Onların hər şeyi olmuşam. Bəzən mənə "ana" deyirlər. Onlara ana qayğısı ilə yanaşmışam, lazım olanda bacıları olmuşam. Hətta mənə həkim kimi baxdıqları da olub. Kənd müəllimi kimi onları bu isti sinifdə hərtərəfli inkişaf etdirməyə çalışıram.”

“Müəllimimi çox sevirəm”

Dördüncü sinif şagirdi Melek Tacar 3 ildir müəllimi ilə birlikdə oxuduğunu bildirərək deyib:

“Müəllimimiz səhər tezdən gəlib sobanı yandırır, bizi isidir, dərs üçün şərait yaradır. Bu çətin şərtlərə baxmayaraq çox yaxşı təhsil alırıq. Onu çox sevirik.”

Birinci sinif şagirdi Yusuf Turan isə məktəbdə çox xoşbəxt olduğunu deyib:

“Məktəbdə çox gözəl oyuncaqlar və maraqlı dərslər var. Oyunlar oynayırıq. Bura çox gözəl yerdir. Müəllimimi də çox sevirəm.”