Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən ölkədə orta məktəb və lisey şagirdlərinin rəqəmsal oyun vərdişlərini müəyyən etmək üçün aparılan araşdırmanın nəticələri açıqlanıb.
Bu barədə Oxu.Az CNN Türk-ə istinadən xəbər verir.
Nəticələrə əsasən, orta məktəb və lisey şagirdlərinin rəqəmsal oyun aludəçiliklərinə təsir edən amillər tənhalıq və can sıxıntısıdır.
Orta məktəb səviyyəsində 11 min 891, lisey səviyyəsində 8 min 493 olmaqla, 20 min 384 şagirdin qatıldığı araşdırma çərçivəsində rəqəmsal oyun, internet və sosial media asılılığı ilə xoşbəxtlik, kiberzorakılıq, can sıxıntısı, stres və tənhalıq halları tədqiq edilib.
Nəticədə, getdikcə artan sosial media asılılığı ilə bağlı mühüm məqamlar üzə çıxıb. Lisey şagirdlərinin 50 faizinin, orta məktəb şagirdlərinin isə 35 faizinin sosial media asılılığı riski altında olduğu müəyyən edilib.
Həmçinin, rəqəmsal oyun asılılığına təsir edən amillər də məlum olub. Tənhalıq, can sıxıntısı, xoşbəxtlik, internet və sosial media asılılığı və kiberzorakılıq ən çox təsir edən amillər sırasında yer alıb. Tələbələrin xoşbəxtlik səviyyələri, tənhalıq və can sıxıntısı kimi amillər rəqəmsal oyun asılılığının səviyyəsini artırdığı halda, xoşbəxtlik artdıqca, oyun asılılığının səviyyəsinin də azaldığı müşahidə edilib.
İnternetdən istifadənin artması ilə şagirdlərin 10 faizinin ortasəviyyəli kiberzorakılığa məruz qaldığı, yüksək səviyyəli kiberzorakılığın isə nadir baş verdiyi müəyyən edilib.
Araşdırmaya əsasən, tənhalıq hissinə orta məktəb və lisey şagirdlərində tez-tez rast gəlindiyi halda, lisey şagirdlərində narahatlıq səviyyəsinin orta məktəb şagirdlərinə nisbətən daha yüksək olduğu məlum olub.
Bu barədə fikirlərini bölüşən sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, yaşadığımız dövr internet əsridir:
“Artıq sosial şəbəkələr özündə həm də sosial medianı formalaşdırıb. İnsanlar gündəlik məlumatları tək informasiya saytlarından deyil, həmçinin də sosial mediadan almalı olurlar. Bu sosial şəbəkələr isə informasiya ilə yanaşı, insanlara qeyri-adi bir həyat təqdim edir. Bununla çoxsaylı kütləni özündən asılı vəziyyətə salır. Nəzərə alsaq ki, media çox güclü təsir vasitəsidir, sosial medianın təsiri altına düşmüş insanları anlamaq bir o qədər çətin olmaz. Lakin bütün bunlar o demək deyil ki, insanlar günün əksər vaxtını sosial şəbəkələrdə keçirməlidir. Bunun səbəblərindən biri də vaxtın düzgün bölünməməsi və ən əsası isə sosial şəbəkələrdə təqdim olunan videolara olan maraqdır. Bu maraq artıq öz orbitindən çıxıb və insanlarda asılılıq yaradıb".
Xanım sosioloq vurğulayıb ki, digər səbəb sosial şəbəkələrin insanlara psixoloji təsiri, onları özünə bağlamasıdır:
"Təəssüflər olsun ki, bu gün cəmiyyətin bütün yaş qruplarında olan insanlar sosial şəbəkələrin aludəçisinə çevrilib. Ən dəhşətli hal isə ondan ibarətdir ki, insanlar bu aludəçilik hisslərinə azyaşlı uşaqları da qurban ediblər. Valideynlər düşünmədən smartfonları azyaşlı uşaqların əlinə verir. Lakin anlamaq istəmirlər ki, cizgi filmlərinin arasına elə reklamlar yerləşdirilir ki, uşaqlar bunu görməməlidir. Bəzən sakit olsun deyə uşaqların əlinə verilən telefonla onlar bir küncə çəkilirlər. Burada nəyə baxdıqları isə heç kimi düşündürmür. Beləliklə, böyüklərin sosial şəbəkələrdən aldığı mənfi nüanslar bir tərəfə qalsın, övladlarımızın gələcəyini baltalamış oluruq. Əsas da gənclərin sosial şəbəkə aludəçiliyi daha qorxuncdur. Bu şəbəkələrdəki rəngarəng həyat-yaxşı yaşamaqla bağlı çağırışlar, əxlaqi dəyərlərə sığmayan, etik qanunlara zidd videolar iradəsi zəif gəncləri tilsimə salır. Onlar isə yolunu azaraq cinayətə əl atır. Bütün bunların zərbəsi isə təbii ki, bizim cəmiyyətə dəyir. Əslində isə istər sosial şəbəkələr, istər sosial media, istərsə də digər vasitələrdən yerində, planlı və lazımi şəkildə istifadə xeyir gətirər. Lakin təəssüflər olsun ki, adıçəkilən vasitələrdən düzgün istifadə edənlərin sayı çox azdır. Çoxluğu ailə, milli dəyərlərimizə, əxlaq kodeksinə zidd videolara baxanlar, mənasız çağırışlara uyanlar təşkil edir. Güclü nəzarətlə heç olmasa uşaqları xilas edə bilərik. Aid qurumlar ailələrlə, valideynlərlə, məktəblərlə işləməli, maarifləndirmə aparmalıdır. Rəqəmsal platformalar nəzarət meaxizmi həyata keçirməlidir. Yoxsa sabah gec ola bilər”.