Taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçiriləcək.
İmtahana son qeydiyyat tarixi sabah saat 10:00-dək aparılacaq. Artıq Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 2369 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub.
İmtahanda veriləcək sualların hər biri bir bal ilə qiymələndiriləcək. Səhv cavablar düzgün cavablara təsir göstərmir. Suallara 10-dan az olmamaqla düzgün cavab verən şəxslərə 7 il müddətində şəhadətnamə təqdim olunacaq.
Məsələ ilə bağlı yerüstü nəqliyyat agentliyindən bildirildi ki, imtahanda iştirak etməyən şəxslər taksi fəaliyyəti göstərə bilməyəcək.
Məsələyə münasibət bildirən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, taksi sürücülərinin imtahandan keçirilməsi ilə bağlı DİM gec də olsa, hərəkətə keçib:
“Bununla bağlı əvvəldən də elan verilmişdi. Çox təəssüf ki, qeydiyyatdan keçənlərin sayı azdır. Görünür ki, əvvəl taksi sürücüsü olanlar, indi qayda-qanunla işləmək istəmirlər. Lakin bu o qədərdə qəliz imtahan prosesi deyil. Onların sırf işinə aid suallar verilir. Məsələn, taksi fəaliyyəti, yol hərəkəti qaydaları, vətəndaşlarla ünsiyyət kimi məsələlər əhatə olunur. Hesab edirəm ki, bu imtahanlardan keçmək lazımdır. İndi keçə bilməyənlərə isə gələcək zamanda da şans veriləcək. İnanmıram ki, imtahandan kütləvi kəsilmə halı olsun. Burada imtahandan kəsilmək nadir hallarda rast gəlinən prosesdir. 100 nəfərdən cəmi 2-3 şəxs keçə bilmir. Əvvəl dil bilikləri ilə problem var idi. Yəni sürücü rus dilliydisə Azərbaycan terminlərini bilmirdi. İndin isə bu kimi problemlərin yaşanmaması üçün digər variantlar tətbiq edilir. Ümumiyyətlə İmtahanlar mütamadi olaraq keçiriləcək. Düşünürəm ki, DİM il ərzində imtahanı bir neçə dəfə keçirə bilər”.