“Ondansa, maddi sıxıntı içində qalmış ana və körpəni sosial paketlər sayəsində himayə etmək daha normal yanaşmadır
Bu ilin ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olub. Ədliyyə Nazirliyinin məlumatında qeyd edilir ki, icraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışdadır. İnzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfər, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir.
Qeyd edək ki, “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Layihə Milli Məclisdə müzakirə olunub. Bununla bağlı Azərbaycan Respublikasının Ailə Məcəlləsi, həmçinin Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi də müzakirə edilib. Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır. Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında alimetnlə bağlı ayrıca deyil, mövcud qanunlara bir sıra dəyişiklik və əlavələrin edilməsini məqsəduyğun sayır:
- Azərbaycan aliment ödənişi məsələsində beynəlxalq qaydaları qəbul edib mövcud konvensiyaya qoşulursa, bu, əlbəttə müsbət haldır. Lakin buna görə ayrıca qanun qəbul etməyə, məncə, ehtiyac yoxdur. Hazırda işlək olan qanunlara – Ailə Məcəlləsi, Əmək Məcəlləsi və sair. bir sıra lazımi dəyişiklik və əlavələr etməklə problemin həllində irəliləyiş əldə etmək mümkündür. Aliment ödəməyənlərə qarşı ilkin xəbərdarlıq, cərimə, daha sonra həbs qərarı verilir. Lakin bu, vəziyyətdən çıxış yolu deyil. Aliment ödəməyən atanın həbsdə olması övladına təkbaşına qulluq göstərmək məcburiyyətində qalmış qadına hansı üstünlük verir və ya onun maddi vəziyyəti bununla yaxşılaşırmı? Cəza mexanizmi olmalıdır, sözsüz. Lakin biz öncə ehtiyac içində olan uşağı və qadını düşünməliyik. Bunun üçün də sosial paketlər olmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi ilə birgə işləməli, övladı ilə tənha, maddi sıxıntı içində, heç bir yerdən gəliri olmayan, aliment ödənilməsi də mümkün olmayan məhkəmə işləri barədə ƏƏSMN-yə məlumat verilməli, nazirlik də yardım etməlidir. Hesab edirəm ki, ən optimal yol, yenə də, Aliment Fondunun yaradılmasıdır. Ola bilər, yeni qanun layihəsində bu əksini tapsın. Bir çox ölkələrdə Aliment Fondu İnstitutu fəaliyyət göstərir və alimentdən məhrum qalmış uşaqlar bunun sayəsində maddi cəhətdən təmin edilə bilir. Aliment ödənilməməsinə cərimələrin miqdarının artırılması, əmlakın müsadirə olunması da mümkündür. Lakin bəzən müsadirə ediləsi əmlak da olmur. Heç bir yerdə işləməyən, işsiz “atanı” nə qədər istəyirsən cərimə et, nə faydası?! Ondansa, maddi sıxıntı içində qalmış ana və körpəni sosial paketlər sayəsində himayə etmək daha normal yanaşmadır. Bu məsələdə mütləq dövlət dəstəyi, sosial paketlərin olması vacibdir.