Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.
Sherg.az xəbər verir ki, hadisə Regional Perinatal Mərkəzində baş verib.
Belə ki, doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Xaçmaz rayon Hülövlü kənd sakini 2000-ci il təvəllüdlü Samirə Bəhruz qızı Nəsirova əməliyyat zamanı ölüb. Onun körpəsi də dünyasın dəyişib.
Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, qadın hamilə olan gündən 9 ay boyunca ginekoloji poliklinikalarda qeydiyyata düşməlidir:
“Həmçinin hər ay mütəmadi olaraq həkim nərazəti altında olmalıdır. Qan, sidik analizi, ultrasəs müayinəsi, uşağın ürək döyüntüləri, yarana biləcək anamiyaların olub-olmaması yoxlanılmalıdır. Məsələn ana müayinələrdən yayınır və o əsnada təzyiq, böyrək göstəriciləri qalxaraq doğuşa gəlir. Bu zaman isə qıcolmalar baş verir. Səbəb isə hər ay müayinəyə gəlməməkdir. Məsələn, qalxanvari vəzdə olan problemi yoxlamadıqları üçün uşaq ya ağıl zəifliyi, ya da autizm xəstəliyi ilə doğulur. Bunların hər biri anadan qaynaqlanır. Bəzən ananın qan qrupu belə bilinmir ki, qanaxma olan zaman ən azından uyğun qan tapılsın. Xüsusilə də rayonlarda qadınlar bu işə barmaq arası baxırlar. Hamiləlikdi, vaxtında nənələrimiz neçə uşaq dünyaya gətirib deyərək yan keçirlər. Ancaq dövr o dövr deyil. Vaxtında həkim qəbuluna getmək lazımdır ki, problemlər aşkarlansın və vaxtında tədbir görülsün”.