Dini irsimiz Ermənistan tərəfindən qəddar hücumlara məruz qalıb

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
 
Buna baxmayaraq, Azərbaycan tolerantlığı milli kimliyin təməl sütunu kimi qoruyur
 

  “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir və dövlət siyasətinin mühüm tərkib hissəsidir. Biz dünyaya  dini, etnik dözümlülük və birgəyaşayışın ən gözəl nümunəsini gösətiririk”. Bu sözlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Cənab Prezident istər ölkəmizdə keçirilən, istərsə də xarici ölkələrdə baş tutan beynəlxalq tədbirlərdə daim bu reallığı diqqətə çatdırır. Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirakı zamanı da Prezident ölkəmizin mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayaraq  coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimizin, əslində, bu tendensiyaya imkan yaratdığını qeyd etmişdi: “Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik və əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir. …Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik”.
 Azərbaycan ötən illər ərzində dəfələrlə beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi edib və ölkəmizə gələn qonaqlar dini və milli tolerantlığı əyani olaraq müşahidə edib, müxtəlif etnik qruplara, müxtəlif dini konfessiyalara məxsus insanların bir ailə kimi mehriban, təhlükəsiz şəraitdə birgə yaşayışına şahid olublar.  Azərbaycanın dünyaya təqdim etdiyi multikultural reallıq ölkə sərhədlərindən kənarda da müsbət qarşılanır və böyük  maraq doğurur. Bu günlərdə Braziliya Federativ Respublikasında G20 - Dinlərarası Forumu keçirilib. Ölkəmizi Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mərbuat xidmətinin məlumatına görə, R.Həsənov  “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusuna həsr olunan Forumun açılış mərasimində və panel müzakirələrində iştirak edib. Dini sahədə qlobal məsələlərin müzakirə olunduğu Forumun gündəliyi dayanıqlı inkişaf, yoxsulluq və bərabərsizliklə mübarizə, qlobal idarəetmə islahatları, münaqişələrin həlli, qlobal iqtisadi məsələlər, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi ilə bağlı mövzuları əhatə edib. Forumda Rəvan Həsənovun məruzəsi “Dini savadlılığın araşdırılması” panelinin gündəliyinə daxil edilib. R.Həsənov Forum çərçivəsində Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Yetmişlər Kvorumunun üzvü ağsaqqal Ahmed Salem Korbitt, G20 Dinlərarası Forumunun Prezidenti professor Kole Durhamla görüşüb. Görüşlərdə Azərbaycanın multikulturalizm siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, qarşılıqlı əməkdaşlıq müzakirə olunub. Rəvan Həsənov Forum çərçivəsində G20 kanalına da müsahibə verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Forumda çıxışı zamanı Qarabağda və azərbaycanlıların yüzilliklər ərzində yaşadığı indiki Ermənistan ərazilərində dini irsimizin qəddar hücumlara məruz qaldığını söyləyib. R.Məmmədov Forumda Azərbaycanın dinlərarası və mədəniyyətlərarası harmoniyaya əsaslanan multikulturalizm modeli, eləcə də bu nümunəvi mühitin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib. Komitə sədri bildirib ki, əsrlər boyu Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Dini etiqad azadlığı, tolerantlıq ənənəsi Azərbaycan kimliyinin ayrılmaz elementinə, millətin plüralizmə sarsılmaz sadiqliyinin sübutuna çevrilib. Bakıda məscidlər, kilsələr və sinaqoqların yan-yana mövcud olması müxtəlif dini icmaların harmoniya şəklində birgəyaşayışının sübutudur: “Azərbaycan dövləti tərəfindən bu zəngin tarixi, maddi və mənəvi irsin qorunaraq gələcək nəsillərə çatdırılması üçün yaradılan hərtərəfli qanunvericilik bazası irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən asılı olmayaraq hamı üçün bərabər hüquq və azadlıqlara təminat verir. Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi kimi, ölkəmizin hər zaman tolerantlıq və inklüzivlik modeli kimi qəbul olunduğunu diqqətə çatdıran komitə sədri vurğulayıb ki, tarixi və dini abidələrin, müqəddəs yerlərin və ziyarətgahların bərpası, yenidən qurulması və mühafizəsi dövlətin dinə və milli-mənəvi dəyərlərə dərin hörmətini əks etdirir. “Azərbaycanın mədəni irsin qorunub saxlanması istiqamətində fəaliyyəti ölkə hüdudlarından kənara çıxır. Belə ki, Azərbaycan Vatikandakı Müqəddəs Marselin, Pietro və Sebastyan katakombalarının bərpasına öz töhfəsini verib, Fransadakı Notr-Dam kilsəsinin təmiri üçün vəsait ayırıb”. Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində dini ayrı-seçkiliyin ən qəddar formalarından əziyyət çəkdiyini diqqətə çatdıran R.Məmmədov ölkənin 30 il ərzində işğal altında saxlanılmış ərazilərindəki 67 məsciddən 65-nin məhv edildiyini bildirib: "Qarabağda və azərbaycanlıların yüzilliklər ərzində yaşadığı indiki Ermənistan ərazilərində dini irsimizə qarşı qəddar hücumlara baxmayaraq, xalqımızın gələcəyə kökləndiyini, dini və etnik tolerantlığı milli kimliyinin təməl sütunu kimi qorumağa davam edərək, bütün regionun tarixində sülh və əməkdaşlığa əsaslanan yeni səhifə açmağa çalışdığını, işğaldan azad edilmiş ərazilərdə dini-tarixi abidələrin bərpası ilə bağlı mühüm layihələr həyata keçirilir".
 Qeyd edək ki, 2014-cü ildən etibarən hər il keçirilən G20 Dinlərarası Forumu dini məsələlərlə məşğul olan qurumlara və tədqiqat institutları şəbəkəsinə BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı müzakirə platforması təqdim edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərarası Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin formalaşdırılması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 Siyasi elmlər doktoru Hikmət Babaoğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı onlara tanınan konstitusion hüquqdur:

- Bu gün dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız öz dini ritual və mərasimlərini azad şəkildə yerinə yetirə bilirlər. Biz Azərbaycanın multikultural ölkə olduğunu deyərkən bu zənginliyin içərisində fərqli dini və etnik mədəniyyətlərin mövcud olmasını və onların birgəyaşayış qaydası, yaxud həyat tərzi olduğunu ifadə etmiş oluruq.  Ölkəmizdə dini və irqi fərq qoyulmadan bütün vətəndaşlara bərabər yanaşılmasını hər addımda, dövlət tərəfindən yürüdülən siyasətdə görmək mümkündür.  Ermənistan hökuməti tərəfindən əzəli yurd yerimiz Qərbi Azərbaycanda, həmçinin işğal dövründə Qarabağ və ətraf  ərazilərdə milli-dini abidələrimiz vəhşicəsinə darmadağın edilməsinə baxmayaraq, Azərbaycan dövləti və xalqı tolerantlığını itirmədi, Bakıda erməni qriqoryan kilsəsi bu gün də qalmaqdadır, paytaxtda, regionlarda pravoslav kilsələri, kafedrallar, sinaqoqlar,  məbədlər fəaliyyət göstərir. Azərbaycan ordusu 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanan Qarabağ və Şərqi Zəngəzuru azad etdikdən sonra isə cənab Prezidentin göstərişi ilə başladılan quruculuq işləri zamanı bütün dini abidələr, heç bir fərq, ayrı-seçkilik qoyulmadan təmir edilməyə başlandı və ibadətə açıldı. O cümlədən də Şuşadakı Qazançı kilsəsi. Bu, məsələnin yalnız bir tərəfidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda mövcud olan xristian dini abidələrinin mütləq əksəriyyəti başqa bir xalqa deyil, elə bizim xristian əcdadlarımıza mənsubdur. Biz 4-7-ci əsrlərdə xristian dinini hətta dövlət səviyyəsində qəbul etmiş xalqıq. Bu bizim qüsurumuz deyil, tam əksinə, dinə mütərəqqi yanaşmamızdır. 4-cü əsrdə islam din kimi mövcud deyildi. Ona görə də biz dini-ideologiya kimi xristianlığı mənimsəmişik. 650-ci ildən sonra isə islam dinini qəbul etdik. Hazırda adından da göründüyü kimi, “Qazançı” kilsəsi xristian türklərin, yəni xristian əcdadlarımızın bizə qalan mirasıdır. Sonralar haylar Azərbaycana köçürülərkən bizim xristian abidələrimizi özünküləşdirməklə dini tariximizi də saxtalaşdırdılar. Ona görə əslində, biz həm dini tolerantlıq nümunəsi kimi həmin abidələrə öz münasibətimizi onları bərpa edərək göstərir, həm də xristian mədəniyyətinə ehtiram etdiyimizin nümunəsini ortaya qoyuruq.