Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Azərbaycan diasporu qarşısında duran yeni vəzifələr bəllidir
“Bu gün hər hansı bir ölkədə təhsil alan və ya işləyən azərbaycanlı Azərbaycanın bir parçasıdır. Onların üzərinə düşən əsas vəzifə isə dövlətimizin başını uca etmək, Azərbaycanı layiqincə təmsil etməkdir”
Xaricdə təhsil alan hər bir tələbəmiz Azərbaycanın fəal təbliğatçısına, ölkəmizin simasına çevrilə bilər. Tələbələrin diasporun formalaşmasında, güclənməsində roluna önəm verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamda dəyişiklik edilməsi barədə imzaladığı Sərəncam bu məqsədə xidmət edir. Qeyd edək ki, məlum dəyişikliklərə əsasən, Dövlət Proqramının müddəti uzadılıb və 2022–2028-ci illər olaraq müəyyən edilib. Bundan başqa, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. 2022–2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizədək hissəsi magistratura səviyyəsini, 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.
Xarici ölkələrdə təhsil alan tələbələrimiz üzərlərinə düşən vəzifənin önəmini yaxşı anlayır və ölkəmizin tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, təhsil aldıqları tədris müəssisəsində yayılmasında səylərini əsirgəmirlər. Bu günlərdə ABŞ-də təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Çikaqoda keçirilən görüş Azərbaycan Respublikasının və ABŞ-nin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub. Orta Qərb Ştatları Azərbaycan Tələbə Alyansının rəhbəri Nərgiz Həbibova Alyansın yaranma məqsədi, bugünədək görülən işlər barədə ətraflı məlumat verib, azərbaycanlı tələbələrin şəbəkələşməsi, Azərbaycan həqiqətlərini qərb cəmiyyətinə çatdırmaları, ABŞ-dəki dost icmaların üzvləri ilə əməkdaşlıq imkanları barədə danışıb, tələbələrin inkişafına kömək edəcək proqramların əlçatanlığına diqqət çəkib. Görüş iştirakçılarına xaricdəki azərbaycanlı gənclərin vətənə bağlılığı və bu sahədə DİDK-nın həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib. Çikaqo-Kent Hüquq Kollecinin Beynəlxalq Proqramlar üzrə rəhbəri Adam Veber təşkilata uğurlar arzu edib və ABŞ-dəki azərbaycanlı tələbələri hər zaman dəstəklədiyini ifadə edib. Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təsisçilərindən olan Fərid Məmmədov tələbələrə tövsiyələrini verib, Azərbaycanı tanıtmaları istiqamətində onlara daim dəstək olacaqlarını bildirib. Toplantıda DİDK-nın və diasporun fəaliyyəti ilə bağlı müxtəlif videoçarxlar nümayiş olunub, irimiqyaslı layihələrdən danışılıb. Görüş soydaşlarımızı maraqlandıran sualların cavablandırılması, ABŞ-də azərbaycanlı tələbələrin daha yaxşı şəbəkələşməsinin perspektivləri və gələcək fəaliyyətə dair yeni təşəbbüslərlə bağlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb. Ölkəmizin tanıdılması, diasporun fəaliyyətinin güclənməsi istiqamətində xarici ölkələrdəki Azərbaycan icmaları, Azərbaycan evləri də önəmli rol oynayır. Tokio şəhərində Yaponiyada yaşayan Azərbaycan icmasının üzvləri ilə də bu günlərdə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilib ki, Azərbaycanın və Yaponiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşdə açılış nitqi ilə çıxış edən ölkəmizin Yaponiyadakı səfiri Gursel İsmayılzadə bu ölkədə yaşayan Azərbaycan icmasının bir araya gəlməsinin əlamətdar hadisə olduğunu bildirib. Qeyd edib ki, həm Dövlət Komitəsi, həm də səfirlik hər zaman soydaşlarımızı dinləməyə, onları maraqlandıran sualları cavablandırmağa hazırdır. Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntər Vətən müharibəsindən sonra Azərbaycan diasporu qarşısında yeni hədəflərin dayandığını, bu toplantının həmin hədəflərə çatmaq istiqamətində mühüm addım olduğunu vurğulayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti, gerçəkləşdirilən irimiqyaslı layihələr, o cümlədən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri, komitənin xarici ölkələrdə təşkil etdiyi ixtisaslaşmış forumlar və sair haqqında ətraflı məlumat verib. Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan komitə sədri dünya azərbaycanlılarının, o cümlədən Yaponiyadakı icmamızın azərbaycançılıq ideologiyasına sadiq qaldıqlarını, Azərbaycan həqiqətlərinin təbliğində fəal iştirak etdiklərini diqqətə çatdırıb. Sonra diaspor fəaliyyətində xidmətlərinə görə Xəlil Kələntərə və Minarə Şükürovaya təşəkkürnamələr təqdim edilib. Görüş icma üzvlərini maraqlandıran sualların cavablandırılması və gələcək planlar haqqında fikir mübadiləsinin aparılması ilə başa çatıb.
Tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov “Sherg,az"a açıqlamasında bildirdi ki, sovet dövründə xaricdə təhsil strategiyanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub:
- Bilirik ki, Ulu Öndərin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada güclü kadr potensialı yaratmaq, yüksəkixtisaslı mütəxəssislər yetişdirmək idi. Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk illərindən başlayaraq gənclərimizin keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsini təmin etdi. Ümummilli Lider uzaqgörən siyasətçi idi və bilirdi ki, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilən gənclər sabah ölkəyə ixtisaslı kadr kimi qayıdacaq, eyni zamanda onlar arasında təhsil aldığı respublikada, şəhərdə qalıb işləyənlər mütləq olacaq. Və bu gənclər harada olursa-olsun Azərbaycanı təmsil edəcəklər. Ulu Öndər özü bu barədə danışıb: “Mən 14 iyun 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra, ilk növbədə, təhsillə məşğul olmağa başladım. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər. O vaxt gəlib çatdı”. Həmin dövrdə - 1970-80-ci illərdə15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələndi. Ulu Öndər xaricdə təhsil alanları milli sərvət hesab edirdi. Ümummilli Lider bu gənclərin sabah, birisigün ölkəmizə çox faydalı olacağını bilərək onları diqqət mərkəzində saxlayır, xüsusi qayğı göstərirdi. Həmin kadrlar bu gün də ölkəmizi hər sahədə uğurla təmsil edir, Azərbaycanın adını ucaldırlar. Prezident İlham Əliyev də Ulu Öndərin məqsədyönlü siyasətini uğurla davam etdirir, dövlət resurslarını gənclərin xarici ölkələrdə təhsil almasına yönəldir. Bu gün hər hansı bir ölkədə təhsil alan və ya işləyən azərbaycanlı Azərbaycanın bir parçasıdır. Həm də savadlı, intellektual gənclərdir. Onların üzərinə düşən əsas vəzifə isə dövlətimizin başını uca etmək, Azərbaycanı layiqincə təmsil etməkdir. Bu gənclər diaspor təşkilatlarımızın möhkəmlənməsinə, diaspor şəbəkəsinin genişlənməsinə çalışmalıdırlar.