Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib.
“Sherg.az” Modern.az-a istinadən xəbər verir ki, mübahisədən sonra şagirdlərdən birinin valideyni digər məktəbliyə xəsarət yetirib.
Mövzu ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Musa Zahid oğlu Həsənov sinif yoldaşı Yusif Ruslan oğlu İbişzadənin atası tərəfindən döyülüb:
“Şagird Musa Həsənovun anası, məktəbin ibtidai sinif müəllimi Səidə Həsənova Daxili İşlər Nazirliyinin 102 “qaynar xətt”inə zəng edərək polisə şikayət edib. Hazırda Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır”.
Hadisəyə münasibət bildirən sosioloq Lalə Mehralı "Sherg.az"a söyləyib ki, bizim ölkədə hamı hər şeyə qarışmağı özünə borc bilir:
''Məsələn, uşaqlar münaqişə edəndə işə valideyn qarışırç yaxud həyatyoldaşının anası ilə konfliktinə əri girir. Yəni, bütün hallarda müdaxilə etməyi sevən xarakterə malikik. Lakin belə vəziyyətlərdə valideynlərin müdaxiləsi təmamilə yolverilməzdir. Çünki uşaqlar yaşlarının elə dövründədirlər ki, bugün dalaşsalar belə, ertəsi gün heç nə olmamış kimi barışırlar. Bu səbəbdən onların mübahisəsinə valideynlərin qarışması məsələnin böyüməsindən başqa bir şey deyil. Belə hadisə olmasaydı, maksimum şagirdlər direktorun otağına aparılaraq xəbərdarlıq ediləcəkdi. Amma indiki halda işə polis qarışacaq. Həmçinin, iki valideyn bir-biri ilə düşmən olacaq".