Baş Prokuror: Həbsdə olan erməni separatçıların hüquqları beynəlxalq konvensiya və milli qanunvericiliyə uyğun təmin edilir

"Həbs edilən erməni separatçılarla bağlı cinayət işinin istintaqı yekunlaşıb".
APA-nın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlayıb.
O əlavə edib ki, istintaq hərəkətlərinin aparılması üzrə prosedurlar başa çatıb.

“Artıq cinayət işinin materialları ilə tanışolma mərhələsidir. Bu mərhələ kifayət qədər uzun vaxt tələb edir. Çünki zərərçəkmişlər həddindən artıq çoxdur. Eyni zamanda təqsirləndirilən şəxslərin hüquqları beynəlxalq konvensiyalara və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təmin olunur. Onların hər birinin bir neçə vəkili var. Onların hüququ var ki, materiallarla tanış olsunlar. Çünki ittihamlar kifayət qədər ciddidir. Separatçılıqla, o cümlədən bizim tarixi-mədəni abidələrin məhvi ilə bağlı ittihamlardır", - deyə o bildirib.

K. Əliyev vurğulayıb edib ki, bu proseslər tamamlandıqdan sonra iş baxılması üçün məhkəməyə təqdim olunacaq.