İş tapmaq, haradasa işə düzəlmək sözün əsl mənasında qəliz məsələyə çevrilib.
Bəzi şirkətlər tərəfindən qoyulan tələbləri isə bir çox insan absurd hesab edir. Aparılan sorğudan belə məlum olub ki, ən çox gənclər, xüsusilə də universiteti yeni bitirənlər iş tapmaqda çətinlik çəkiblər. Çünki əksər iş yerlərində təcrübə tələb edilir.
Maraqlıdır, belə olan halda universiteti yeni bitirən şəxs işəgötürənin tələblərini necə qarşılaya bilər?
Günümüzdə əmək bazarı daha çox təcrübəli, işini bilən yüksək səviyyəli mütəxəssisi işə cəlb etmək istəyir
Təhsil eksperti Rizvan Fikrətoğlu "Sherg.az"a açıqlamasında diqqətə çatdırıb ki, günümüzdə əmək bazarı daha çox təcrübəli, yüksək səviyyəli mütəxəssisləri işə cəlb etmək istəyir:
''Bu da normal haldır. Bildiyiniz kimi, universitetlərdə praktikalar təşkil olunur. Təbii ki, bu prosses kağız üzərində deyil, real şəkildə həyata keçirilməlidir. Məsələn, yeni yaradılan Türkiyə-Azərbaycan universitetindəki 3 ixtisasdan biri qida mühəndisliyidir. Orada laborotoriyalar da mövcuddur. Fikrimcə, tələbələr burada praktika keçməklə yaxşı mütəxəssis olacaqlar. Reallıq ondan ibarətdir ki, ölkəmizdəki universitetlərin çoxunda praktika formal xarakter daşıyır. Bu səbəblə də məzunlar Dövlət Qulluğuna qəbulda praktiki əngəllər yaşayırlar. Ona görə də elmlə təhsil inteqrasiya olunmalıdır. Məsələn, Biologiya fakültəsini oxuyanlar mütləq Biologiya İnstutunda təcrübə keçməlidir. Praktika olmadan nəzəriyyəni inkişaf etdirmək olmur. Bu çox vacib nüansdır".