5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrinə Təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri - maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.
Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasıdır. Bununla yanaşı məqsədimiz təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.
Azərbaycanda bu bayram hər il təmtəraqla qeyd olunur. Təəssüflər olsun ki, bu təmtəraq bizim cəmiyyətdə fərqli anlaşılır. Hər il bir qayda olaraq Elm və Təhsil Nazirliyi Müəllimlər Günü ilə əlaqədar məktəblərə pul yığılmaması ilə bağlı təlimat göndərsələr də, bəzi təhsil müəssisələri bu tapşırıqlara məhəl qoymur.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a deyib ki, hər il müəllimlər günü yaxınlaşarkən bu qalmaqalla üzləşirik:
''Valideynlər öz aralarında pul yığaraq müəllimlərə bahalı hədiyyələr alırlar. Hətta, bayram münasibəti ilə restoranlar, banket zalları bağladılaraq şənliklər keçirilir. Bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Çünki valideynlər arasında həmin pulu verməyə maddi imkanı olmayanlar var. Fikrimcə, bu səbəbdən müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır. Müəllimə kitab və yaxud 1ədəd gül alına bilər. Ümumiyyətlə, hədiyyənin böyüyü kiçiyi yoxdur. Əsas həmin insana qarşı olan diqqət və hörmətdir. İmkanı olan valideynlər bütün hər kəsi hədiyyə almağa məcbur edir. Əksinə olduqda isə müəllim şagirdlər arasında ayrı-seçkilik qoyur. Onsuz da müəllim dərs dediyinə görə, dövlətdən yüksək maaş alır. Əlavə olaraq hazırlıqlardan da gəlir əldə edirlər. Bir sözlə, müəllimlərin dəbdəbəli hədiyyəyə ehtiyacları yoxdur və olmamalıdır. Müəyyən məbləğdən yuxarı verilən hədiyyə rüşvət hesab edilir. Bütün bunlara şərait yaradan isə məhz, valideynlərdir. Ümid varam ki, Təhsil və Elm Nazirliyi bu problemi kökündən həll edəcək".