Birinci sinif şagirdinin nadinc olduğu üçün məktəbdən kənarlaşdırıldığı iddia olunur.
Şagirdin yaxını Xanım Əhmədli iddia edir ki, paytaxtın Nəsimi rayonunda yerləşən İlqar Əbilhəsənov adına 42 nömrəli məktəbin direktoru 1-ci sinfində təhsil alan şagirdi dərsdə həddindən çox hərəkət etdiyinə görə məktəbdən kənarlaşdırır.Onun sözlərinə görə, şagird daha əvvəl bağçaya və məktəbəqədər hazırlıq qruplarına gedib, lakin belə bir problemlə qarşılaşmayıb. O bildirir ki, direktorla yanaşı, şagirdə dərs deyən müəllim, həmçinin valideynlər də uşağın dərsə gəlməsindən narazıdırlar.
Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən (BŞTİ) "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən məktəbin 1c sinif şagirdi nizam-intizam qaydalarına tabe olmadığından onu tədris prosesinə cəlb etmək mümkün deyil. Sinifin digər valideynləri şagirdin tədris prosesini ciddi şəkildə pozduğundan şikayətlənir və bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar.Şagirdin valideyni ilə bu haqda dəfələrlə söhbət aparılıb.İdarədən o da bildirilib ki, məktəbin psixoloqu şagirddə davranış pozuntusu olması ilə bağlı rəy verib. Məktəb rəhbərliyi tərəfindən şagirdlə bağlı müvafiq qərarın verilməsi üçün psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət ediləcək. Təhsil ekspertləri isə bildirirlər ki, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi olmadan hər hansı bir şagirdin təhsildən kənarlaşdırılması özü də bir qanun pozuntusudur.
Ekspert bildirib ki, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi olsa belə, şagird alternativ təhsilə cəlb olunmalıdır.
Məsələni dəyərləndirən sosioloq Lalə Mehralı “Sherg.az”a söyləyib ki, bəzən insanlar nadinc, hiperaktiv və tərbiyəsiz uşaq anlayışlarını bir-birindən ayırd edə bilmirlər:
''Tərbiyəsi olmayan, hiperaktiv uşağa nadinc deməklə onu tərbiyələndirmirik əksinə pislik etmiş oluruq. Çünki hiperaktivlik müalicə tələb edir. Çox ehtimal, yeni məktəbə gedən həmin uşaq hiperaktiv və yaxud gec tərbiyə edilən biridir. Ona görə də hadisəni psixoloqların köməyi ilə dəqiq araşdırıb dioqnoz qoymaq lazımdır. Bundan sonra şagirdin məktəbdan xaric olunub-olunmamasına baxıla bilər. Ümumiyyətlə, 6 yaşlı uşaqların məktəbə getməsinin əleyhinəyəm. Çünki həmin yaş dövründə azyaşlı məktəbə tabe olmaq istəmir. Vəziyyətin uşağın yaşından və ya təbiyədən qaynaqlandığını isə məktəb psixoloqu araşdırmalıdır. Doğrudur, məktəblərdə psixoloq ştatı mövcuddur. Lakin burada layiqincə işini görən psixoloq fəaliyyəti görə biləcəyikmi sualının cavabı müəmmalıdır. Bildiyiniz kimi, çətin tərbiyə olunan uşaqlar üçün də ayrılmış xüsusi məktəblər var. Əslində bu mövzuda yalnız məktəbin və valideynin üzərinə getmək doğru deyil. Hər kəs qərar verərkən özünü valideynin yerinə qoymalıdır. Bəlkə, uşağın hansısa xəstəliyi var. Ona görə də hadisəyə mütəxəssis rəyi vacibdir. Məhz, bundan sonra qərar verilə bilər".