Son illər kredit kartlarına tələbat artıb.
Bankların təklif etdiyi bu kartlar vasitəsilə vətəndaşlar nağd pul çıxarmaq, alış-veriş etməklə borcu hissə-hissə ödəmək imkanı qazanırlar.
Amma bəzən elə olur ki, vətəndaşlar vəsaiti vaxtında ödəyə bilmir və böyük həcmdə borca düşürlər. Elə bu səbəbdən də kredit kartlarının verilmə qaydalarında sərtləşmə gözlənilir.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun "Sherg.az"a sözlərinə görə, burada konkret olaraq hansı sərtləşmədən söhbət gedildiyi haqda dəqiq məlumat yoxdur:
"Yəni, bununla bağlı yalnız ümumi fikirlər var. Fikrimcə, bu sərtləşmələr yalnız kredit kartlarına şamil olunmayacaq. Ümumi olaraq kreditləşmələrdə də sərtləşmələr olacaq. Çünki kart sadəcə olaraq kreditdən istifadə alətidir. Zənnimcə, kredit götürmək istəyənlərin ödəniş qabiliyyətinin qiymətləndirilməsində sərtləşmələr ola bilər. Son vaxtlar banklar kreditləri əvvəlki kimi, verirlər, ona görə də ödənilməsində sonradan problem yaranır. Ancaq gələcəkdə kredit verilən şəxsin gəlirinə deyil, onun himayəsində olan adamların sayına baxılacaq. Təbii ki, dediklərim bir ehtimaldır. Qərar verildikdən sonra məsələni müzakirə edə bilərik".