Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsinin təfərrüatı məlum olub. Belə ki, hadisə Şəmkirin Sarıtəpə kəndində qeydə alınıb. Malika Sarıyeva qız övladına hamilə qaldığı üçün baldızı tərəfindən vəhşicəsinə döyülüb, xəstəxanaya yerləşdirilib. Bətnindəki 4 aylıq uşaq isə tələf olub. Zərərçəkənin bacısının sözlərinə görə, bu kimi xoşagəlməz hadisələr dəfələrlə Malikanın başına gəlib.
Qeyd edək ki, məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a deyib ki, hadisə sözün əsl mənasında gündəmi çalxalayıb:
''Bu, ailədaxilində yaranan böyük münaqişədir. Hamilə qadının başqa qadın tərəfindən zorakılığa məruz qalması isə sadəcə dəhşətdir. Onun video görüntülərdən məlum olan ağır xəsarətlər və övladının tələf olması böyük cinayyət hadisəsidir. Bunlara səbəb olan həmin baldız adiyatı qurumlar tərəfindən mütləq həbs olunmalıdır. Fikrimcə, baldızın psixoloji vəziyyəti yerində deyil. Bu səbəbdən o, xəstəxanaya yerləşdirilərək psixoloji durumu yoxlanılmalıdır. Ümumiyyətlə, hamilə xanıma zorakılıq tətbiq etmək ayrılıqda böyük cinayyətdir. Son dövrlər qız uşaqlarına qarşı baxış birmənalı deyil. Yəni, gənc ailələrin çoxu oğlanların doğulmasına üstünlük verirlər. Bu nüans əsrlər boyu formalaşan ailə dəyərlərimizə ziddir. Dölün cinsiyyətini müəyyən edən müayinələr çıxdıqdan sonra qadınlar qız uşaqlarını abort etdirməyə başladılar. Bu da indiki dövrdə oğlan və qız uşaqları arasındakı balansın pozulması ilə nəticələnir. Prosses bu cür davam etdiyi təqdirdə bir müddət sonra oğlanlar evlənməyə qız tapmayacaqlar. Günümüzdə oğlanlar uşaqları qızlardan 9 dəfə çoxdur".