Subaylıq sindromu: Gənclər evlilikdən niyə qorxurlar? -Sosioloqdan AÇIQLAMA

Bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30788 nikah və 14248 boşanma halları qeydə alınıb.
Bu barədə  Dövlət Statistika Komtəsindən məlumat verilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,0-dan 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.
Maraqlıdır, ölkədə nikahların sayının azalmasına səbəb nədir?  Problemi necə aradan qaldırmaq olar?

Suallarımızı cavablandıran sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a söyləyib ki, son illər ölkədə nikahların sayında azalma dinamikası müşahidə edilir:

''Bunun bir çox səbəbləri var. İlk növbədə əhalinin içərisində gənclərin sayı aşağı enib. Məsələn, 10 il öncə Azərbaycanda gənclərin sayı ölkə əhalisinin təqribən 30 faizin təşkil edirdi. İndi isə bu rəqəm 21 faizə düşüb. Əlavə olaraq il ərzində 600-ə yaxın gənc müxtəlif məqsədlərlə ölkəni tərk edir. Həmçinin, evlənmə yaşı çoxalıb. Əvvəllər gənclər 18-20 yaşda evlənirdilər, indiki vaxtda isə onlar öncə təhsil alıb işi,evi olduqdan sonra, evlənmək qərarına gəlirlər. Bu səbəbdən  oğlanlar daha çox 30-35, qızlar 24-25 yaşında ailə həyatı qururlar. Həmçinin, boşanmaların sayı pik həddə çatdığı üçün gənclər nikahdan qorxur. Bununla yanaşı, evliliyə maraq da azalıb. Məsələn, Asiya ölkələri özəlliklə Çin və Yaponiyada gənclər arasında subaylıq sindromu yayılıb. Beləki, cavanlar daha çox sosial şəbəkədə olduqları üçün real həyatda ünsiyyətdən qaçırlar. Bizdə də həmin tendensiya müşahidə edilir. Təəssüf ki, boşananların sayı da getdikcə artır. Bu nüans ailə dayanıqlılığının zəif olduğunu göstərir. Boşanmaların artması gələcəkdə dövlətə əlavə maliyyə yükünün yaranmasına səbəb olacaq''.

Ekspert diqqətə çatdırıb ki, insanlar eqoist, ailə dəyərlərindən kənar həyat tərzi sürməyə çalışırlar:
''Qadınlar artıq işləyib ayaqları üstündə dura bildiklərinə görə, kişilərin hər kaprizinə dözmürlər. İstənilən halda ailə dayanqlığını möhkəmləndirmək naminə tədbirlər görülməlidir. Klassik ailə dəyərləri saxlanılmalıdır.  Boşanmalara səbəb olan problemlər həll edilməlidir. Gənc ailələrə dəstək proqramları genişləndirilməlidir".