Psixoloqdan çağırış: Bu yaş qrupu üçün “yox” cavabı böyük travmalara səbəb olur

Bu gün intihar edən 17 yaşlı Məhəmmədəli Şamil oğlu Qəmxarov Astara rayonunun Siyaku kənd məktəbinin 11-ci sinif şagirdi olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb məktəblinin qız istəməsi olub. İlkin ehtimala görə, istədiyi qızdan "yox" cavabı alan M.Qəmxarov yaşadığı evin həyətindəki yarımtikilidə canına qəsd edib. Yeniyetmənin özündən başqa bir bacısı və bir qardaşı var.

Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, bu tip hadisələrə dəfələrlə rast gəlmişik:

''Yeniyetmələrdə bu kimi davranışların səbəblərini açıqlamaq üçün bir neçə əsas məqama toxunmaq olar. Bu yaş qrupu emosional dəyişikliklərin, özünütəsdiq arayışının çox güclü olduğu dövrdür. Bəzən bu, yeniyetmələrin emosional vəziyyətlərə həssaslıqla yanaşmasına və “yox” cavabı kimi rədd edilmələrin böyük travmalara səbəb olmasına gətirib çıxarır. Yeniyetmələr özlərini necə dəyərli hiss etdiklərini hələ tam müəyyən etmədikləri üçün rədd edilmə onlarda şəxsi dəyərsizləşmə hissini yaradır. Bunu qəbul etmək çətin ola bilər. Nəticədə insan bu hisslə özünə zərər vura bilər. Yeniyetmələrə emosiyalarını sağlam yollarla ifadə etməyi və stresli vəziyyətlərdən necə çıxmağı  öyrətmək vacibdir. Valideynlər və müəllimlər bu məsələdə mühüm rol oynayır. Onlar yeniyetmələrin hisslərini anlamalarına və düzgün istiqamət tapmalarına kömək etməlidirlər. Ümumiyyətlə yeniyetmələr özlərinə yaxın bir dəstək sisteminin olduğunu hiss etdiklərində belə qərarlara daha az meyilli olurlar. Rədd edilmə ilə necə başa çıxmağın öyrədilməsi yeniyetmələrə uzunmüddətli fayda verir. Bu bacarığın inkişaf etdirilməsi gələcəkdə onların münasibətlərini və emosional sağlamlığını qorumağa kömək edəcək. Belə həssas mövzularda diqqətli olmaq və problemin həllinə yönəlik məsələlərə toxunmaq lazımdır. Bir sözlə, ailələr bu barədə uşaqları ilə  təbliğat aparmağa borcludurlar.