İkinci növbədə dərsə gələnlər qaranlıq düşməmiş – 3-cü dərsdən sonra evə buraxılır
Binəqədi rayonu, 182 saylı orta məktəbdə 3 gündür şagirdlər qaranlıqda dərs keçir. Məktəbin elektrik enerjisi kəsilib. Səhər növbəsinə gələnlər ala-qaranlıqda dərslərini birtəhər keçir. Hazırlıq kurslarına gələn 5 yaşlıların valideynlərinə isə “uşaqları məktəbə gətirməyin” deyilib. Bədbəxtlikdən məktəb 2 növbəlidir. 2-ci növbədə dərsə gələnlər də qaranlıq düşməmiş – 3-cü dərsdən sonra evə buraxılır. Elektrik enerjisi olmadığından hazırkı soyuq havada sinif otaqları da qızdırılmır. Bu azmış kimi ayaqyolu da işləmir, su da gəlmir. Məktəbin sanitar qovşağı çöküb. “Xəzər” televiziyası problemi efirdə işıqlandırıb. Valideynlərin narazılığına axır ki, reaksiya verilib. “Azəreneji” nümayəndələri məktəbə gəlib, problemlə maraqlanıblar. Bakı Şəhər Təhsil İdarəsi də açıqlama verib. BŞTİ-nin məlumatında qeyd edilir: “182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub. Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Məktəbdə tədris prosesi davam edir”.
BŞTİ 3 gün elektrik enerjisinin olmamasını “fasilə” adlandırır, “qısa zamanda” (3 gündür) həll ediləcəyini, məktəbdə tədris prosesinin davam etdiyini bildirir. Elektirk enerjisi olmayan məktəbdə “tədrisin davam etməsi” isə “Dəli Kür” filmində mollanın “ölsən də qəssab oğlu, sənə ərəb dilini öyrədəcəyəm”, deməsinə oxşayır. Təki məktəbdə davamiyyət aşağı düşməsin deyə, şagirdləri qaranlıq otaqlara doldurmağa nə ad vermək olar? Görünür, bununla təhsilin inkişafına nail olmaq istəyirlər.