Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

Bu barədə Sherg.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, Ukraynadan gətirilən uşaqlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.

Uşaqların ölkəmizin tarixi yerlərinə, muzeylərə ekskursiyaları da təşkil olunacaq.

Bundan əvvəlki 6 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.