Özəl klinikalar bunu edə bilər
“Bəzən əsassız çağırışlar həqiqətən də olur. Birisi işdən gəlib, oturub evdə, görür ki başı ağrıyır, deyir, təcili yardımı çağırım, gəlsin, təzyiqimi ölçsün, şəkərimi ölçsün. Yersiz hallarda təcili yardıma müraciətlərin ödənişli olması praktikası dünyada var”
"Vətəndaşlara təcili təxirəsalınmaz yardım bütün dünyada icbari tibbi sığorta ilə qarşılanır və dövlətin birmənalı olaraq pulsuz tibbi xidmətidir. Amma gələcəkdə təcili tibbi yardımı əsassız çağırıb, hər hansı problemini həll etmək istəyənlərə bu xidmət ödənişli ola bilər”. Bu sözləri TƏBİB sədri Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılmasına dair brifinqdə deyib. Və bununla da, Azərbaycanda yaxın illərdə təcili tibbi yardım xidmətinin pullu olması barədə dolaşan xəbərlərə aydınlıq gətirib. TƏBİB sədri qeyd edib ki, təcili olmayan hallarda, məsələn, ayaq ağrısı və ya baş ağrısına görə təcili tibbi yardımı çağırmaq olmaz. Belə çağırış zamanı icbari tibbi sığorta xərcləri düzgün xərclənmir. Ona görə beynəlxalq praktikada belə çağırışlar ödənişlidir. Lakin ölkəmizdə təcili tibbi yardımın ödənişli olması gözlənilmir. Bu xidmət tam ödənişsizdir.
Düşündürücü olan budur ki, təcili yardımın çağırılması hansı şərtlər daxilində mümkün və düzgün hesab edilir? Vətəndaş, xüsusən yaşlı insanlar səhhətlərinə daha çox diqqət yetirir, sağlamlıqla bağlı hər hansı narahatlıq hiss etdikdə təcili yardım çağırmaq istəyirlər. Təcili yardım gəldikdə, vətəndaşın ciddi sağlıq problemi olmadığı aşkarlandıqda həmin şəxsdən ödəniş tələb ediləcəkmi və ya şəxs cərimələnəcək ki, niyə təcili yardıma çağırış edib? Ödənişli təcili yardım necə həyata keçiriləcək?
Məsələyə aydınlıq gətirən həkim-terapevt, uzun illər təcili yardım xidməti sahəsində çalışan Şahvələd Məmmədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, təcili yardım özündə həm də təxirəsalınmaz tibbi yardımı ehtiva edir:
- Təcili yardım, həyatı təhlükə altında olan insanlara həkim briqadasının göstərdiyi tibbi yardımdır. Bura ürəkdə kəskin ağrılar, infarkt riski, koma vəziyyəti, şoka düşmələr, qan axması, qəza keçirmiş insanlara yardım və sair daxildir. Təxirəsalınmaz tibbi yardım isə səhhətində problem yarandığından müstəqil şəkildə tibb müəssisəsinə, yerli poliklinikaya gedə bilməyən, həkim qəbuluna getməkdə çətinlik çəkənlərə göstərilir. Bütün bu hallarla bağlı isə tibbi göstərişlər olmalıdır. Amma o ki qaldı bizim insanlarımıza, uzun illər təcili yardımda işləmiş həkim kimi deyirəm, bəzən əsassız çağırışlar həqiqətən də olur. Birisi işdən gəlib, oturub evdə, görür ki başı ağrıyır, deyir, təcili yardımı çağırım, gəlsin, təzyiqimi ölçsün, şəkərimi ölçsün. Kiminsə başının bir tərəfi ağrıyır, təcili yardım çağırır. Yersiz hallarda təcili yardıma müraciətlərin ödənişli olması praktikası dünyada var. Düşünmürəm ki, bizdə tezliklə bu, həyata keçirilsin, amma belə təcrübə var. Bu, pullu təcili yardım xidməti adlanır. Məsələn, Avropa ölkələrində ödənişli xidmət göstərən ayrıca təcili yardım növü var. Bu xidmət növü planlı xəstələr üçün nəzərdə tutulur. O şəxslər ki daim təzyiqini və ya şəkərini ölçdürür, daim nəzarətdə saxlamaq istəyir, onlar planlı xəstələr adlanır və onlar ödənişli təcili yardım xidmətinə cəlb olunurlar. Özəl klinikalar bununla məşğul ola bilər. Amma dövlət təcili yardım xidmətində belə hal ola bilməz.