Ukraynalı turist Bakıda çaşdı: Şəhərdə söyüş söymək böyük ədəbsizlikdir

“Ölkəyə gələn hər bir şəxs, istər qonaq olsun, istər turist, iş adamı, ölkə qanunlarına tabe olmalıdır”

 
 Bakıda rus dilində söyüş söyən ukraynalı turist həbs edilib. Bu barədə Qaynarinfo.az məlumat verib. Xəbər verilir ki, Bakıya turist kimi gəlmiş ukraynalı axşam saatlarında şəhərə gəzməyə çıxıb. Həmin vaxt mobil telefonla ucadan danışaraq, rus dilində nalayiq ifadələr işlədib və səs-küy salıb. Ərazidə olan polis əməkdaşları özlərini təqdim edərək, ondan hərəkətlərinə son qoymasını tələb ediblər. Ukraynalı turist bu xəbərdarlıqlara məhəl qoymayıb. Nəticədə saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Ukraynadakı məlum hadisələrə görə D.G. Almaniyada yaşayır. Həmin şəxs əməlindən peşman olduğunu bildirib. Məhkəmənin qərarı ilə, D.G. 10 gün müddətinə inzibati qaydada həbs edilib. Hər hansı bir hüquq pozuntusu törədildikdə, bu müəyyən hüquqi məsuliyyətə səbəb olur. Məsuliyyətin bir növü olaraq inzibati məsuliyyət şəxsin inzibati xəta törətməsi zamanı meydana gəlir. 
  
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Sherg.az"a açıqlamasında bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ictimai qaydanın pozulması hallarında tətbiq edilir: 
- Burada ictimai qayda pozuntusu, xırda xuliqanlıqdan söhbət gedə bilər. Amma başqa şəxsə qarşı zor tətbiq edilməməsi, kiminsə əmlakının zədələnməməsi, sağlamlığa zərər vurulmamasıyla müşayiət olunan pozuntulardır. Bu halda həmin şəxs ya 50-100 manat məbləğində cərimə edilir, ya da 15 gün müddətinə inzibati qaydada həbs edilir. İnzibati həbs də tənbeh xarakterli olur, tərbiyəvi, maarifləndirici xarakter daşıyır.  İnzibati xətalar cəmiyyətimizdə o qədər də geniş yayılmış hallar deyil. Bakı sakit, hər kəsin rahat yaşaya biləcəyi, əmin-aman şəhərlərdən biridir. Turistlər bəli, ölkəmizə çox gəlir. Ola bilər, insandır, emosional, əsəbi vəziyyətdə olsun və ictimai asayişi, başqalarının rahatlığını pozacaq hərəkətlər etsin. Bu halda, asayiş keşikçisi polis həmin şəxsi ictimai qaydaya riayət etməyə çağırır. Şəxs polisin xəbərdarlığına məhəl qoymayıb ictimai qaydaya zidd davranışlarını davam etdirdikdə isə inzibati qaydada həbs edilir, digər şəxslərə dövlət əmlakına, kiminsə əmlakına ziyan toxunmayıbsa, onunla tərbiyəvi söhbət aparılır. Ya da hərəkətin miqyasına baxılaraq cərimə tətbiq edilir. Ukraynalı turistə qarşı inzibati cəza tətbiq edilib.  
  
Ə.Nuriyev qeyd etdi ki, inzibati xətalarla cinayətləri bir-birindən fərqləndirmək lazımdır. Həm inzibati xətalarda, həm də cinayət əməllərində qanun pozuntuları olur. Onların xəta hesab olunmasının başlıca amili qanunazidd əməldir: 
- Bununla yanaşı, inzibati xəta da cinayət kimi qəsdən və ya ehtiyatsızlıqdan törədilə bilər. Bu əlamətlər onları bir-birinə yaxınlaşdırır. Lakin cinayətlə inzibati xəta tam fərqli anlayışlardır. Hər hansı qanun pozuntusunda və ya xətada cinayət tərkibi olarsa, belə əməllər cinayət sayılır. Əks təqdirdə, bu əməllər inzibati xəta hesab olunur və inzibati qaydada tənbeh olunmaqla inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xəta anlayışı da, cinayət tərkibli əməllər də konkret olaraq müəyyən edilib. İnzibati tənbeh xəbərdarlıq da ola bilər, inzibati cərimə, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, ictimai işlər də ola bilər, bəzən şəxslər ölkə hüdudlarından kənara da çıxarılır. Xarici ölkədən gəlmiş turistin qonaq qismində, turist olması yəqin ki, nəzərə alınıb və ona daha yumşaq inzibati cəza tətbiq edilib. Ölkəyə gələn hər bir şəxs, istər qonaq olsun, istər turist, iş adamı, ölkə qanunlarına tabe olmalı, ictimai qayda-qanunlara riayət etməlidir.