Məişət zorakılığına məruz qalanların əsas müdafiəçisi dövlətdir

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Burada qadınların hüquqları təmin edilir, işlə təmin edilirlər, uşaqlar təhsilə cəlb olunur

Azərbaycanda bu gün də qorunan ənənələr, möhkəmliyini, dayanıqlığını itirməyən ailə modeli demoqrafik vəziyyətin pisləşməsinə imkan vermir. Əlbəttə ki, ailə institutlarının qorunmasında Azərbaycan dövlət siyasəti böyük əhəmiyyət daşıyır. Azərbaycan ailəsinin himayəçisi ilk növbədə dövlətdir. Qəbul edilmiş qanunlar, zərurət yarandıqda qanunvericiliyə edilən dəyişikliklər ailə institutlarının mühafizəsində əsas rola malikdir. Lakin müasir dövrün yeni trendləri istər-istəməz özünü göstərməyə başlayır. Azərbaycan ailə modeli də son illərdə bəzi dəyişikliklərə uğrayıb. Bu dəyişiklik daha çox özünü ailə tərkibində göstərir. 50 il əvvəl ailədə nənə, baba, ata, ana, ən azı 3-4 uşaq vardısa, indiki ailələr kiçilməyə doğru gedir. Hazırda 3-4 nəfərlik ailələr daha çox nəzərə çarpır. Bunun bir səbəbi də gender bərabərliyinin təmin edilməsidir. Bəzən qadınlara qarşı ayrı-seçkilikdən danışılır. Qadınların yüksək vəzifələrə irəli çəkilməməsi, işləyən qadınların azlığından narazılıq ifadə edilir. Lakin belə deyil. Ölkəmizdə dövlət orqanlarında çalışan, yüksək vəzifələrə təyin edilən qadınlar çoxdur, işləyən təbəqə arasında da qadınlar heç də az deyil. Xanımların işləməsi əlbəttə lazımdır. Amma evin xanımının işləməsi onun həm də ailə içində az olması, övladları ilə daha az vaxt keçirmsi deməkdir. Bəzi ailələrdə məhz bu amil əsas götürülərək 1, ya da 2 övladın dünyaya gətirilməsi planlaşdırılır ki, bu da nəticə etibarilə ölkədə doğum sayının azalmasına gətirib çıxarır. Təbii ki, sosial problemləri də gözdən qaçırmaq olmaz. Hər bir valideyn dünyaya gələcək övladının normal təminatını düşünür və imkanlarını hesablayaraq qərar verir. Ailə planlaşdırılması həm də budur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30788 nikah və 14248 boşanma halları qeydə alınıb. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,0-dan 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb. Məlumata görə, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 yeni doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub. Yeni doğulanların sayında kəskin azalma yoxdur. Amma bunun səbəbləri mütləq öyrənilməlidir ki, qarşıdakı illərdə problemlə qarşılaşmayaq. Səbəblər arasında gənclərin sosial problemlərinin olması, bəzilərinin ailə məsuliyyətindən uzaq durmaq istəyi, yaxud həyat tərzlərindən imtina etmək istəməməsi də var. Bütün bunlar demoqrafik göstəricilərə mənfi təsir edir. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, demoqrafik göstəricilər daim diqqət mərkəzində saxlanılmalıdır: 
- Xatırladım ki, Rusiya Federasiyasında Dumanın deputatları 30 yaşadək evlənməmiş, ailə qurmamış şəxslərə cərimə tətbiq edilməsi məsələsini müzakirə ediblər. Müsbət yanaşanlar da olub, mənfi qarşılayanlar da. Belə düşünənlər var ki, cərimələrlə problemi həll etmək mümkün olmayacaq. Cəriməni ödəyəcəklər, amma yeni ailələr yenə qurulmayacaq. Vaxtilə SSRİ-də subaylığa görə vergi növü vardı. Subay kişilərin əməkhaqqından vergi tutulurdu. Ola bilsin, bu vergilər hansısa sosial proqramlara sərf olunurdu, yəni ailələrin, uşaqların təminatına xərclənirdi. Amma hər halda vardı belə bir vergi sistemi. Ailəli şəxslərdənsə vergi tutulmurdu.  Bunu ona görə xatırlatdım ki, ailələrin sosial təminatı ən vacib məsələdir. Ailə qurmuş gənclər üçün məxsusi sosial təminat paketləri olmalıdır, onların maddi vəziyyətini yüngülləşdirəcək social-iqtisadi layihələr icra olunmalıdır. Bu bir həqiqətdir ki, ölkəmizdə əhali sayı, yaş kateqoriyası, yeni doğulanlar, ailə quranlarla bağlı demoqrafik problem yoxdur. Lakin biz ailə quran gənclərin, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına çalışmalıyıq. Demoqrafik məsələyə ciddi yanaşılmalıdır. Bu məsələ diqqətdən kənarda qalmamalıdır. Demoqrafik siyasətdə yeni təşəbbüslərə ehtiyac var. Ailə planlanması məsələsi də daim gündəmdə olmalı, yeni doğulanların cins nisbətinin kəskin fərqlənməsinin qarşısı alınmalıdır. Bu, ordu quruculuğu, işçi qüvvəsi baxımından vacib məsələdir. 

Məişət zorakılığı probleminə toxunan M.Zeynalova qeyd edib ki, hazırda ölkədə fəaliyyət göstərən qadın və uşaq sığınacaqları qadına qarşı şiddətin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır: 
- Məişət zorakılığına məruz qalmış qadınların, baxımsız qalan, bəzi hallarda küçəyə atılan azyaşlıların sığınacaqlara yerləşdirilməsi vacibdir. Dövlətimiz qadın və uşaqların hər cür zorakılıqdan qorunmasının əsas təminatçısı olaraq çıxış edir. Bu kontekstdə də qadın və uşaq sığınacaqlarını əhəmiyyətli sayır. Məsələn, bizim sığınacaqdakı qadınların hüquqları təmin edilir, işlə təmin edilirlər, uşaqlar təhsilə cəlb olunur, bundan əlavə müxtəlif peşələrə yiyələnirlər. İctimai Birliyin nəzdində Qadın və Uşaq Sığınacağı sakinlərinin İntellektuallar Klubu yaradılıb. Bunun sayəsində sığınacaq sakinlərinin bilik və bacarıqları, istedadları üzə çıxır. Çalışırıq ki, qadınlar, uşaqlar həm təhsil, həm də iş baxımından maraq və bacarıqları olan istiqamətlərə yönləndirilsin. Bu həm də onların gələcəklərinin təminatı baxımından əhəmiyyətlidir.