...Yüz minlərlə insanın öz yurdlarına dönmələrinə şans yaratmaqla son dörd ildə heç bir dövlət Azərbaycan qədər töhfə verməyib
Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini qəbul edib.
Məruzəni qanunverici orqanda Ombudsman Səbinə Əliyeva təqdim edib.
O qeyd edib ki, ötən il Ombudsmanın ünvanına 29 min 371 müraciət daxil olub:
"Müraciətlərə baxılıb, araşdırmalar aparılıb, insanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər edilib, pozulmuş hüquqların bərpası istiqamətində zəruri tədbirlər görülüb, həmçinin səlahiyyətli dövlət qurumlarına insan hüquqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə yönəlmiş təklif və tövsiyələr təqdim olunub".
S.Əliyeva vurğulayıb ki, illik məruzədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin təhlili əks etdirilməklə yanaşı, hüquq pozuntularının qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında səmərəli dialoqun və əməkdaşlığın dərinləşdirilməsi bir daha önə çəkilir:
"Ümid edirəm ki, İllik Məruzə insan hüquqlarının daha effektiv müdafiəsinə, dövlət qurumları ilə ictimaiyyət arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq ruhunun gücləndirilməsinə təkan verməklə yanaşı, insan hüquq və azadlıqlarının təmin olunmasında sistemli və davamlı irəliləyişlərə, habelə hüquq mədəniyyətinin yüksəlməsinə öz töhfəsini verəcək". Məruzə müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Millət vəkili Sahib Alıyev “Sherg.az"a açıqlamasında Ombudsmanın illik məruzəsinin hərtərəfliliyi və prinsipiallığıyla diqqət çəkdiyini vurğulayıb. Onun sözlərinə görə, müxtəlif hüquqların təmini ilə bağlı burada sadalanan yüzlərlə faktın arxasında böyük zəhmət və məsuliyyət hissinin durduğunu görməmək mümkün deyil:
“Ombudsman institutunun Suriyada girovluqda saxlanılan azərbaycanlılardan tutmuş, qapalı müəssisə və təcridxanalardakılara qədər bütün təbəqələrin təmsilçilərinin problemləri ilə maraqlanması, çatışmazlıqları açıq şəkildə təsbit etməsi, eyni zamanda vəziyyətdən çıxış yolları da göstərməsini yüksək qiymətləndirirəm. Mən də bu fikirdəyəm ki, həbsxanalarda, özəlliklə də təcridxanalardakı sıxlığa, təkcə Lənkaranda olduğu kimi çağdaş penitensiar kompleksin istifadəyə verilməsi yoluyla deyil, həm də cəza siyasətinin humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması fəlsəfəsindən daha tez-tez çıxış etməklə son qoymaq olar ki, bu da orada saxlanılanların sayının, onlara ayrılan xərclərin də azaldılmasıyla nəticələnərdi. Bu yolla qənaət edilən vəsait isə məruzədə sözügedən müəssisələrdə saxlanılanların müayinə və müalicə ilə vaxtında təminlərində problemlərin olduğuna, oradakı tibb məntəqələrində avadanlıq, dərman çatışmazlığına toxunulur ki, onların aradan qaldırılmasına sərf edilə bilər. Hesab edirəm ki, sözügedən obyektlərdə tibbi heyət üçün vakant yerlər, dərman, eləcə də digər ləvazimatlarla təminatları onların sənəddə əksini tapan tutumlarına deyil, oradakı insanların saylarına uyğun gəlməlidir, yəni sıxlıq faktoru nəzərə alınmalıdır. Əksəriyyəti qanun pozduqlarına görə təcrid olunanlara qarşı hər hansı qanunsuzluğa yol verilməməsi bir dövlət ədəbinin ədalətinin göstəricisidir ki, ombudsmanın bu məsələdə ortaya qoyduğu prinsipiallığı yüksək qiymətləndirirəm”.
Ötənilki çıxışında ombudsmanın Qərbi Azərbaycandan olanların pozulmuş haqlarının beynəlxalq müstəvidə qaldırması zərurətinə toxunduğunu xatırladan S.Alıyev insan hüquqları təsisatının Birləşmiş Millətlər Təşkilatının irqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinə Ermənistanla bağlı alternativ hesabat təqdim etməsini əhəmiyyətli addım kimi dəyərləndirib:
“Eləcə də ATƏT-in İnsan Ölçüsü Konfransının Tolerantlıq və ayırı-seçkilik mövzusundakı Plenar Sessiyasında azərbaycanlılara qarşı aparılan etnik tənzimləmələrin, onların öz doğma yurdlarına qayıtmaq haqlarının qabardılmasını, İƏT Xarici İşlər Nazirləri Şurasının 2024-cü ildəki rəsmi sənədində sözügedən reallığın öz əksini tapmasını Qərbi Azərbaycana qayıdışın hüquqi bazasının zənginləşdirilməsi yönündə atılmış addımlar kimi dəyərləndirirəm.
Bu məruzə göstərir ki, əgər söhbət azərbaycanlıların pozulmuş haqlarının təminindən gedirsə, biz burada da ancaq özümüzə, bu məsələlərdən məsul qurumlarımıza güvənməliyik.
Düzdür, insan haqları məsələsi universal prinsip sayılır və bu, beynəlxaq hüquqda elə belə də təsbit olunub. Ancaq biz müstəqillik qazanandan üzü bəri guya bunun keşiyində duran beynəlxalq qurumların, özünü azad dünyanın liderləri kimi təqdim edənlərin qaçqınlıq və köçkünlüklə üzləşən yüz minlərlə azərbaycanlının pozulan haqlarına necə biganə yanaşdıqlarını, nə cür ayrı-seçkiliyə yol verdiklərini azmı gördük? BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün - “anşluss”un və nasizmin nə olduğunu, “miautsum”çuların kimin yolu ilə getdiklərini yaxşı bilən bu avstriyalı hüquqşünasın həmin o yüz minlərin evlərini yağmalatdıran, yurdlarını dağıtdıran, terrorçuluqda, soyqırımında, başqa hərbi cinayətlər törətməkdə ittiham olunanların azadlığa buraxılmaları çağırışı göstərir ki, səlibçi zehniyyətinə dayanan bu siyasət hələ də davam etməkdədir. Azərbaycan qanunlarına tabe olmaq istəmədiklərindən Qarabağdan çıxıb gedənlərin hər hansı şərt irəli sürmədən geriyə dönmələrini təmin etməyə çağıranlar etnik təmizləmə ilə üzləşən yüz minlərlə azərbaycanlının indi Ermənistan adlandırılan yerə, öz doğma yurdlarına dönmək haqlarını nədən tanımaq istəmirlər? Bizi öz sivilizasiyalarından saymadıqları üçünmü?
Ona görə də mən tam məsuliyyətlə bildirirəm ki, əgər insan haqlarının təminindən söhbət gedirsə, yüz minlərlə insanın öz yurdlarına dönmələrinə şans yaratmaqla son dörd ildə heç bir dövlət burada Azərbaycan qədər töhfə verməyib. Beynəlxalq müstəvidə insan haqları deyib bağıranların qaldırdıqları səs-küy isə sadəcə bəlli məqsədlərə xidmət edən şoudur. Onları sənin haqlı olub-olmaman yox, sövdələşmə, əlindəki kartın maraqlandırır.
Plasdarma çevirdikləri ölkənin liderini ayaqüstə qarşılayanlar, onun öz milli maraqlarından çıxış etməyə çalışdığını görəndə ayaq altda salıb tapdalayırlar. Və açıq şəkildə bildirirlər ki, onları torpağın üstündəkilərin, bir zaman meydanlara töküb kökə payladıqlarının indi düşdükləri vəziyyət yox, o torpağın altındakı nadir metallar maraqlandırır”.