Rəqəmsallaşma kiberhücumları bitirə bilər
Azərbaycan yeni nəsil super-beyinlər yetişdirir
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsidə "İqlim dəyişikliyi ilə mübarizədə suni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda dövlət, hökumət təmsilçilərinin və deputatların iştirakı ilə bu mövzu ətrafında müzakirələr aparılıb.
Energetika nazirinin müavini Elnur Sultanov deyib ki, iqlim sahəsində atılan addım inkişaf trendinə çevrilməlidir. O qeyd edib ki, iqlim mövzusunda rəqəmsallaşma istiqamətində addımlar atılır: "Rəqəmsallaşma məhsuldarlığı artırmaqla yanaşı, kiberhücumların da qarşısını almış olur. Eyni zamanda kommunal xidmətlərin vahid sistem üzərində qurulması ilə bağlı mühüm hədəflər mövcuddur". Nazir müavini bildirib ki, rəqəmsallaşdırma qurumların vahid sinir sisteminin qurulmasını özündə ehtiva edir: "Bu da qərarvermədə olduqca önəmlidir. Süni intellektin inkişaf etdiyi dövrdə məlumatların emal edilib, qərar verilməsi daha çevik hala gəlmiş olur".
"Ölkəmizdə süni intellekt sahəsində mütəxəssislər hazırlanır"
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib ki, süni intellektin inkişafı üçün məlumat və infranstruktur lazımdır. Bu mənada iqlim sahəsində atılan addımlar da inkişaf trendinə çevrilməlidir. O qeyd edib ki, eyni zamanda bu sahənin inkişafı üçün həmin sahənin mütəxəssislərinin olması da vacibdir: “Artıq inkişaf etmiş ölkələrin inkişafında məlumat və insan resursları ilə bağlı uğurlar var. Amma süni intellektlə bağlı mənzərə heç də eyni deyil. Əslində, burada həllər üçün vacib alətlərə ehtiyac mövcuddur”. Nazir müavini bildirib ki, artıq süni intellekt akademiyasına gənclərin cəlbi prosesi uğurla davam edir: “Bu gəncləri biz süni intellekt mütəxəssisləri kimi hazırlaya biləcəyik. Həmçinin akademiyanın inkişafı üçün dünyanın bir çox aparıcı universitetləri ilə əməkdaşlıq qurulub”.
"Məktəblərdən başlayaraq süni intellektlə bağlı maarifləndirmə işləri aparılır"
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, süni intellekt artıq üzvi surətdə həyatımıza daxil olub. O qeyd edib ki, hazırda çox böyük informasiya axını var: “İnsan bu informasiyaları qəbul etmək iqtidarında deyil. Ona görə də süni intellektin imkanlarına ehtiyac var. Sözsüz ki, bunun mənfi tendensiyaları da ortaya çıxır. Bunun üçün data mərkəzlərinin yaranmasına ehtiyac var. Amma bu data mərkəzlərinin ekologiya və ətraf mühitə mənfi təsirləri də mövcuddur”. Nazir müavini bildirib ki, süni intellektlə bağlı alətlərin ekologiyaya mənfi təsirləri ilə bağlı tendensiyalar var: “Elm və Təhsil Nazirliyi bu istiqamətdə araşdırmalara başlayıb. Xüsusilə məktəblərdən başlayaraq süni intellektlə bağlı maarifləndirmə işləri aparılır. Eyni zamanda bu gün şagirdlərə süni intellektlə bağlı əsas anlayışlar aşılanır. Məqsəd sözsüz ki, ilkin olaraq təsəvvürlərin yaranmasına yönəlib”.