"Qılıncla yanaşı qələm də lazımdır" -Müraciət

Tarixçi-alim Zaur Əliyev əsgəri çağırışla bağlı müraciət yayıb

Kamran Əsədov: "Gənc alimlərin elmi fəaliyyətə davam etməsi üçün təhsil müddətinin 4 ilə qaldırılması  yaxşı olar"


  Tarixçi-alim  Zaur Əliyev sosial media hesabında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət ünvanlayıb. 
Alim doktoranturanı bitirən oğlanların  təhsillərini başa vurduqdan dərhal sonra  hərbi xidmətə aparılmasının düzgün yanaşma olmadığını hesab edir.
Onun sözlərinə görə, Azərbaycanda doktorantura təhsili alan gənc alimlərin  3 il sonra hərbi xidmətə çağırılması, onların elmi fəaliyyətlərinə böyük maneə yaradır və ölkənin elmi potensialını zəiflədir. Bu problem, doktorantura təhsilinin müddətinin kifayət etməməsi və doktorantların müdafiə mərhələsinə çatdığı vaxtda hərbi xidmətə çağırılmaları ilə əlaqədardır. Ölkə rəhbərliyi elmin gəncləşdirilməsinə xüsusi önəm versə də, mövcud sistem gəncləri müdafiə mərhələsində elm sahəsindən uzaqlaşdıraraq onların nailiyyətlərə çatmalarına mane olur. Beləliklə, ölkədə elmi kadrların azalması ilə nəticələnir və təhsil sahəsində ciddi kadr çatışmazlığı yaranır.

  Tarixçi alim müraciətində belə deyib: “Sizlərə bir elmi rəhbər kimi müraciət edirəm. Əyani doktorantura üçün müddət 3 il verilir. Təhsil müddətində ehtiyatda hesab olunur.  Müddət bitən kimi doktorant elmi işinin müdafiəsi ərəfəsində hərbi xidmətə çağırılır. Məgər bilmirsiniz ki, Azərbaycanda üç il təhsil müddətində çox nadir insan müdafiə edib fəlsəfə doktoru diplomu alır? Mənim neçə doktorantım müdafiə ərəfəsində aparıldı hərbi xidmətə. Yazıq gənclər işin sonuna az qalmış niyə bir il elmdən uzaq tutulmalıdır? Axı alim olacaq şəxs bir il elmdən uzaqlaşan kimi mövzu aktuallığın itirir. Sonra məqalə və sənədlərin vaxtı keçir. İmtahan vaxtı keçir və yenidən imtahan verməlidir. Axı ölkədə nə qədər belə ehtiyac var ki, elmi gənclərsiz qoyursunuz? Şükür Allaha müharibə bitdi, qalib ölkəyik. Kifayət qədər də ehtiyatda əsgər var. Nəyə lazımdır elm ardınca gələnləri  hərbi xidmətə aparmaq? Vətənə xidmət deyirsinizsə, elə alimlik də vətənə xidmət sayılır. Qılıncla yanaşı qələm də lazımdır, axı”.

  Z.Əliyevin sözlərinə görə, doktorant təhsil aldığı üç ilin iki ilində elmi işi yazır. Ən azı 6 məqalə çap etməlidir. Onun da ikisi mütləq xarici ölkə jurnallarında olmalıdır: 
“Növbəti bir il ərzində ölkədə elmi işin müdafiəsi sistemində elə bürokratik əngəllər var ki, ən azı əlavə bir il lazımdır ki, diplomu alasan.
Bir il əlavə möhlət hüququ olmasa, yazıq gənclər necə alim olsunlar? Axı bu ən böyük ədalətsizlikdir. Bir tərəfdən ən yuxarı səviyyədə  elmin gəncləşdirilməsinin vacibliyi vurğulanır,  digər tərəfdən də gənc alimləri müdafiə ərəfəsində  hərbi xidmətə aparırlar. Oradan qayıdanda əksəriyyəti  elmə gəlmək istəmir. Çünki prosedur yenidən başlasa, iki il zaman aparacaq. Xahiş edirəm, bu məsələyə ciddi baxın.  Gənclərin halına yanın. Ölkə elmini gənclərsiz buraxmayın...
Neçə-neçə perspektivli gənclər elmdən çıxıb gediblər buna görə. Nəyə görə ölkənin gələcək işığını söndürüb elmi gənclərsiz qoymaq istəyirsiniz. Axı bu, eyni zamanda peşəkar müəllimlərsiz, peşəkar tədqiqatçılarsız qoymaqdır Azərbaycanı...”. 
  
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda doktorantura təhsilinin normativ müddəti əyani təhsil üçün 3 il, qiyabi təhsil üçün isə 4 il müəyyən olunub:

 “Bu müddət ərzində doktorantlardan həm dissertasiya işini yazması, həm də minimum 6 məqalə dərc etdirməsi tələb olunur ki, bunun da ikisi xarici ölkə jurnallarında çap olunmalıdır. Lakin Azərbaycanda elmi işin müdafiəsi prosesi ciddi bürokratik tələblər və uzun prosedurlarla müşayiət olunur, bu da doktorantların elmi işlərini 3 il ərzində tamamlamağı çətinləşdirir. Müdafiə mərhələsinə çatanda isə hərbi xidmətə çağırılmaları onların işlərini yarımçıq qoymalarına səbəb olur və onlar qayıtdıqda yenidən müdafiə prosesinə başlamaq məcburiyyətində qalır. Bu vəziyyət də təbii olaraq gənclərin elmə olan marağını azaldır və onların peşəkar müəllim və tədqiqatçı kimi formalaşmalarına mane olur. Uzunmüddətli perspektivdə bu, ölkədə elmi potensialın zəifləməsinə, elmi tədqiqat və təhsil sahəsində kadr çatışmazlığına gətirib çıxarır. Müasir elmi tədqiqat və innovasiyalar ölkənin inkişafı üçün strateji əhəmiyyətə malikdir və gənc alimlərin elm sahəsindən uzaqlaşdırılması bu inkişafı ləngidə bilər”.
 
 K.Əsədovun sözlərinə görə, dünyada inkişaf etmiş ölkələrin əksəriyyətində doktorantura təhsil müddətinin sonunda müdafiə üçün əlavə vaxt verilir və hərbi xidmət məsələsində elmi fəaliyyət göstərən gənclərə xüsusi möhlət hüquqları tətbiq edilir: 
“Məsələn, Almaniyada müdafiə ərəfəsində olan doktorantlar üçün hərbi xidmət müvəqqəti olaraq təxirə salınır. Elmi işlərdə fəaliyyət göstərən gənclərə elmi tədqiqatlarını tamamlayana qədər əlavə il verilir. ABŞ və Kanada kimi ölkələrdə isə doktorantura müddəti uzunmüddətli təhsil və tədqiqat proqramlarını əhatə edir. Hərbi xidmət öhdəliyi olmadığı üçün gənclər elmi fəaliyyətlərini daha geniş müddətdə davam etdirə bilirlər. Cənubi Koreyada da elmi fəaliyyət göstərən doktorantlar üçün xüsusi möhlət hüququ tətbiq olunur, onlara hərbi xidmət müddətini müdafiə mərhələsindən sonra tamamlamaq imkanı verilir.
Hesab edirəm ki, Azərbaycanda da gənc alimlərin elmi fəaliyyətə davam etməsi və təhsil müddətini tamamlaya bilməsi üçün təhsil müddətinin 4 ilə qaldırılması yaxşı olar. Eyni zamanda müdafiə mərhələsində olan doktorantların hərbi xidmətə çağırılmalarının təxirə salınması, onlara elmi fəaliyyətlərini tamamlamaq üçün möhlət hüququ verilməsi də məqsədəuyğundur. 
  Müdafiədən sonra Ali Attestasiya Komissiyasında sənədlərin təsdiqlənməsi prosesini sürətləndirmək üçün prosedurların optimallaşdırılmaq, gənclərin elmi fəaliyyətlərini davam etdirməsi üçün elmi qrantların artırılması və tədqiqat mərkəzlərinin dəstəklənməsi də arzuolunandır”. 
  Ekspertin sözlərinə görə, bu tədbirlərin tətbiqi ilə doktorantlar üçün elmi fəaliyyətdə qalmaq daha əlverişli və məqsədəuyğun olacaq. Gənclərin elmə marağı artacaq, elmi fəaliyyətlərə qatılmaq üçün daha çox təşviq ediləcəklər və Azərbaycanda yüksəkixtisaslı kadrlar artacaq:
“Müddətin uzadılması və möhlət hüququnun verilməsi nəticəsində ölkədə elmi kadrların sayı və keyfiyyəti yüksələcək və bu da Azərbaycan elminin inkişafını təmin edəcək.
  Bu dəyişikliklərin tətbiqi ilə ölkədə elmə marağın artması, müdafiə işlərinin sayının çoxalması, elmi tədqiqatların inkişafı və təhsil keyfiyyətinin yüksəlməsi gözlənilir. Uzunmüddətli perspektivdə ölkənin təhsil və elmi potensialı güclənəcək və dünya arenasında rəqabət qabiliyyəti artacaq. Gənclərin hərbi xidmət səbəbindən elm sahəsindən uzaqlaşması əvəzinə, elmə töhfə vermələri təmin ediləcək ki, bu da ölkənin gələcək inkişafına və innovativ potensialına müsbət təsir edəcəkdir”.