Məktəbəqədər təhsil müəssisələrində qidalanma ilə bağlı monitorinqlər aparılır.
Sherg.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı deyib.
O bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə əməkdaşlığı çərçivəsində paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 1600-ə yaxın müdir, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilir.
Təlim iştirakçıları müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi və digər məsələlər barədə məlumatlandırılır. Bu təlimlər iştirakçıların daha bu sahədə maariflənməsi uşaqların daha sağlam qidalanması baxımından böyük önəm kəsb edir.
Məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlüksəziliyi və qidalanması prioritetlərimizdəndir. Uşaq orqanizminin inkişafı məktəbəqədər dövrdə daha intensiv xarakter daşıyır. Uşaqların düzgün qidalanması bu prosesdə böyük əhəmiyyət daşıyır. Bu baxımdan uşaqlarda düzgün və sağlam qidalanma vərdişlərini formalaşdırmaq, onların sanitar-gigiyenik normalara uyğun qidalanma prosesini təmin etmək ən vacib amillərdən biridir. Məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunub-olunmamasına dair monitorinqin aparılması nəzərdə tutulur. Bu ilin sonunadək paytaxt və bölgələrdə 450 bağçada sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətlərin icrası gözlənilir. Bununla yanaşı, Agentlik tərəfindən müntəzəm olaraq monitorinqlər təşkil edilir. Yoxlamalar beynəlxalq standartlara uyğun hazırlanmış çərçivə sənədi və alətlərlə aparılır.