“İkinci əl” qiyafətlər: virus, xəstəlik mənbəyidir 

  “İkinci əl” qiyafətlərin satıldığı mağazalar Bakıda da var. Bu cür mağazalar 1990-lardan sonra çoxalmağa başladı. Avropadan gətirilən mallara ilk zamanlar böyük maraq olsa da, geyilmiş libasların xəstəlik, virus mənbəyi ola biləcəyi ehtimalı onlara marağı getdikcə azaltdı. Bununla belə hələ də şəhərimizdə bu tip geyim mağazaları fəaliyyət göstərir. Geyim əslində bir çox yoluxucu xəstəliklərin mənbəyi ola bilər.  “Sherg.az “mashable.com.tr”yə istinadən bildirir ki, dəri təbii olaraq milyonlarla bakteriya, göbələk və virusla örtülüdür və bunlara dəri mikrobiomu deyilir. Bu o deməkdir ki, geyindiyimiz hər bir paltar bu mikroblarla sıx təmasda olur. Geyim bir çox xəstəliyə səbəb olan patogenlərin məlum daşıyıcısıdır. Bu o deməkdir ki, əşyalar satılmazdan əvvəl təmizlənməyibsə, orijinal geyim sahibinin unikal dəri mikrobiomundan olan mikroblar hələ də ikinci əl paltarda ola bilər. Bundan əlavə, paltarı sonuncu dəfə geyindikləri zaman keçirdikləri infeksiyalar və ya patogenlər hələ də paltarda ola bilər. Tədqiqatlar göstərir ki, paltar bir çox yoluxucu patogenə sahib ola bilər. Bunlara Staphylococcus aureus (dəri və qan infeksiyalarına səbəb olan) kimi mikroblar, Salmonella, E. coli, norovirus və rotavirus kimi bakteriyalar (qızdırma, qusma və ishala səbəb ola bilər) və ayaq və üzük qurdlarına səbəb ola bilən göbələklər daxildir. İkinci əl paltarlarda dəri infeksiyalarına (məsələn, dermatit və qaşınma kimi) səbəb ola bilən parazitlər də aşkar edilib. Dərimizdəki mikroblar tərdəki amin turşularında, saç köklərindən ifraz olunan yağda və dəri hüceyrələrinin zülallarında yaşaya bilir. Bütün bunlar geyindiyimiz paltarlara keçir. Təbii ki, təkcə bu deyil, tədqiqatlar göstərir ki, bir çox patogen mikroblar (məsələn, E. coli, Staphylococcus aureus və Streptococcus pyogenes) otaq temperaturunda saxlandıqda paltarda aylarla yaşaya bilir. Pambıq və ya qarışıq lifli paltarlardakı mikroblar 90 günə qədər canlı qalır. Lakin polyester parçalarda bu mikroblar 200 günə qədər yaşaya bilir. Bir çox bakteriya növləri havada rütubət yüksək olduqda parçalarda daha uzun müddət yaşayır. Bu, mikrob artımını minimuma endirmək üçün paltarların quru bir mühitdə saxlanmasını təklif edir. Çünki mikrobların çoxunun böyüməsi üçün rütubətli, nəmli mühitə ehtiyacı var. İkinci əl paltarların yuyulması mikrobların böyüməsinin qarşısını almaq və infeksiya riskini azaltmaq üçün çox vacibdir. Qotur paraziti ilə çirklənmiş ikinci əl paltarların tədqiqi, paltarların yuyulmasının mövcud parazitləri aradan qaldırdığını göstərib. Yeni aldığınız ikinci əl paltarlarınızı təxminən 60 dərəcədə yuyucu vasitə ilə yumağınız məsləhətdir. Bu, yalnız paltarları kirdən təmizləməyəcək, həm də mikrobları məhv edəcək və patogenləri zərərsizləşdirəcəkdir. Soyuq su isə paltarda olan patogenlərdən xilas olmaq üçün yaxşı nəticə vermir. Buna görə də, yüksək temperaturda yuyulma mümkün deyilsə, mövcud mikrobları öldürmək üçün çamaşır dezinfeksiyaedici vasitələrdən istifadə etməyinizə əmin olun. Geyimlərin çarpaz çirklənməsini azaltmaq üçün əvvəlcə ikinci əl paltarları adi camaşırxanadan ayrı yumalısınız. İkinci əl paltarları iki-üç saat ərzində antibakterial yuyucu vasitə ilə qaynar olmayan ayrı bir qabda islatmaq, mövcud olan patogenləri yox edəcək. Sonra adi maşında yuya bilərsiniz. Qalan mikrobları məhv etdiyinizə daha da əmin olmaq üçün quruducuda isti qurutma dövrü və ya buxarla ütüləmə prosesi (yenidən parçanız buna imkan verirsə, təxminən 60 dərəcə) bakteriyaların, virusların və parazit yumurtalarının öldürülməsində çox təsirlidir. Aldığınız yeni paltarları geyinməzdən əvvəl yumaq da yaxşı olar.