Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Təhsil həm də milli maraqların qorunmasına xidmət etməlidir
Milli təhsil sisteminin əsas məqsədi xalqın sosial və mənəvi kodlarını qorumaq, onları gələcək nəsillərə ötürməkdir
Milli adət və ənənələr, onun əsasında formalaşan mənəvi dəyərlər sistemi hər bir xalqın mədəni siması deməkdir. Adət-ənənələr gənclərin vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Sevindirici haldır ki, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği istiqamətində ölkədə vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri, hətta sıravi vətəndaşlar belə əllərindən gələni edirlər. Dövlətçilik tariximizin, adət-ənənələrimizin, onun reallıqlarının, mənsub olduğu dəyərlərin dünyada tanıdılmasının vacibliyi başa düşülür. Elə bu səbəbdən də müstəqilliyimizi əldə etdiyimiz 30 ildən bir qədər artıq dövr ərzində Azərbaycan tarixi, adət-ənənələri və milli-mənəvi dəyərlərinin dünyada tanıdılmasına nail olub. Azərbaycanın qalib ölkə, regionda lider kimi tanınması və qəbul edilməsi, eləcə də dəyərlərimizə, mənsub olduqlarımıza hörmətlə yanaşılması heç də təsadüfi deyil. Bütün bunlar məhz dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği sayəsindədir. Adət-ənənələlərimizin təbliği daim aktualdır.
Bu səbəbdən milli dəyərlərin tədrisi məktəbdə tərbiyəvi tədris proqramının əsas hissələrindən biridir. Milli dəyərlər bir cəmiyyətin tarixi, mədəniyyəti və mənəvi mirasını yaşadan dəyərlərdir. Gənc nəsillərə milli dəyərlərin öyrədilməsi, onların kimliklərinin formalaşmasına, vətənpərvər olmalarına və cəmiyyətin əxlaqi dəyərlərini qoruyub saxlamalarına şərait yaradır.
Mütəxəssislər də hesab edir ki, dövlətçilik tariximiz, milli adət-ənənələrimiz, elm və mədəniyyətimiz gənc nəslə tədris edilməli, öyrədilməli, onlar məlumatlandırılmalı, bilikləndirilməlidirlər.
Qeyd edirlər ki, bu bilik, məlumatlılıq da öz növbəsində bizə məxsus olan dəyərlərin, qədim tarixə malik olan dövlətçilik ənənələrimizin, elm və mədəniyyətimizin, adət-ənənələrimizin təbliğinə əsaslı zəmin yaradır. Eyni zamanda vətəndaşlar özləri belə övladları ilə dövlətçilik tariximiz, adət-ənənələrimiz, elm və mədəniyyətimiz barədə söhbətlər aparmalı, bu ali dəyərləri təbliğ etməlidirlər. Belə bir cəmiyyət də, bu cəmiyyətin təmsil olunduğu dövlət də sarsılmaz olur. Bu baxımdan da dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliğinin hər zaman aktual olduğu təkzib edilə bilməz. Xalqımızın mənəvi dəyərlərimizə verdiyi önəm... elm və mədəniyyətimizi dərindən öyrənməli və təbliğ etməliyik ki, məkrli niyyət güdən düşmənlərin öz məqsədlərinə çatmalarına imkan verməyək. Bunun üçün də dövlətçilik tariximizə, milli adət-ənənələrimizə, elm və mədəniyyətimizə hər zaman sahib çıxmalı, onları davamlı olaraq təbliğ etməliyik.
Onu da deyək ki, bu gün ümumtəhsil müəssisələrində, lisey komplekslərində, özəl məktəblərdə milli adət-ənənələrimizin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər təşkil olunur. Özəl günlərdə, bayram ərəfələrində, xüsusi tarixlərdə bu kimi tədbirlərin keçirilməsi çox gözəldir, amma bu, biristiqamətli olmamalıdır. Mütəxəssislərin də qeyd etdiyi kimi, dövlətçilik tariximiz, milli adət-ənənələrimiz, elm və mədəniyyətin təbliği bir neçə istiqamətlə şagirdlərimizə çatdırılmalıdır. Təhsilin işi, sadəcə, predmetin və ya fənnin tədrisi ilə məhdudlaşmamalıdır. Orta ümumtəhsil müəssisələrindəki tədris dövrünün əsas missiyası, məqsədi hər bir şagirdi şəxsiyyət kimi cəmiyyətə hazırlamaqdır. Bu mənada, orta məktəbin fnksionallığı universitetin missiyasından dəfələrlə çətindir. İnsan üçün bir həyat boyu vacib sayılacaq müsbət çalarların 75 faizi məhz orta məktəb dövründə formalaşır.
Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan təhsil sistemi milli kimliyi qoruyan və gələcəyin intellektual əsaslarını yaradan strateji bir sahədir:
“Təhsilin inkişafı yalnız bilik ötürməklə məhdudlaşmır; o, eyni zamanda cəmiyyətin sosial və mənəvi dəyərlərinin möhkəmləndirilməsi, ölkənin qlobal rəqabət qabiliyyətinin artırılması üçün təməl rol oynayır. Hazırkı dövrdə milli təhsil sistemi müxtəlif çağırışlarla üzləşir, bu isə onun yenidən qurulmasını və gücləndirilməsini zəruri edir.
Milli təhsil sisteminin əsas məqsədi xalqın sosial və mənəvi kodlarını qorumaq, onları gələcək nəsillərə ötürməkdir. Təhsilin xarici təsirlərə tamamilə bağlanması mümkün deyil və lazımi deyil, lakin bu təsirlər milli kimliyə zərər verməməlidir. Təhsil sistemi elə qurulmalıdır ki, Azərbaycan xalqının mədəni və tarixi dəyərləri qlobal trendlərlə uyğunlaşdırılaraq qorunsun və inkişaf etdirilsin.
Dünyada təhsil təkcə iqtisadi və texnoloji tərəqqinin deyil, həm də mədəni və siyasi təsirin əsas alətlərindən biridir. Dövlətlər təhsildən “yumşaq güc” vasitəsi kimi istifadə edərək, öz mədəni və siyasi maraqlarını həyata keçirirlər. Belə bir reallıqda Azərbaycanın təhsil sistemi yalnız daxili inkişaf məqsədlərinə deyil, həm də milli maraqların qorunmasına xidmət etməlidir.
Milli təhsil modelinin yenidən qurulması xalqın tarixi təcrübəsi, mədəni dəyərləri və müasir çağırışlara uyğunlaşdırılmalıdır. Təhsili yalnız texnoloji yeniliklər və qlobal trendlər əsasında qurmaq yetərli deyil; onun təməlində milli dəyərlər, milli maraqlar və sosial harmoniya dayanmalıdır. Azərbaycan təhsilinin gələcək prioritetləri xalqın son yüz illik təcrübəsindən qaynaqlanmalı və milli kimliyin qorunmasını təmin etməlidir.
Bilik və gücün birləşməsi hər bir dövlətin dayanıqlı inkişafını təmin edən əsas elementdir. Təhsil bu iki əsas faktorun vəhdətini yaradan mexanizmdir. Bu səbəbdən, təhsil siyasəti yalnız iqtisadi məqsədlərə deyil, həm də dövlətin strateji maraqlarına xidmət etməlidir. Təhsili qlobal rəqabət mühitinə inteqrasiya edərkən onun milli dəyərlər üzərində qurulmasına xüsusi diqqət yetirilməlidir.
Azərbaycan təhsil sistemi milli maraqları qoruyaraq qlobal səviyyədə rəqabətə davamlı bir modelə çevrilməlidir. Təhsil sahəsində hər bir yenilik bu əsas prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Təhsil gələcəyin ən mühüm təminatıdır və bu təminatı milli kimlik və qlobal rəqabətliliyin harmoniyası əsasında qurmaq hər birimizin ortaq məsuliyyətidir”.