Razi Abbasbəyli: “Pensiya yaşına az qalan işçinin işdən çıxarılması qanunla qadağan deyil”
“60 yaşdan yuxarı vətəndaşlar üçün xüsusi sosial proqramlar olmalıdır”
Pensiya yaşına çatmamış şəxslərin işdən azad edilməsi sosial gərginliyə səbəb olan problemdir. Bir neçə gündür sosial şəbəkələrdə bu mövzu gündəmə gətirilir ki, pensiya yaşına çatmamış və ya pensiya yaşına çatmasına 1 il, 6 ay qalmış işləri ixtisar edirlər.
Təbii ki, pensiya yaşı tamam olmamış şəxs, heç bir yerdən maddi gəliri yoxdur deyə ağır duruma düşür. Bu vəziyyət xüsusən mənzil-istismar sahələri, kommunal təsərrüfatı idarələrində müşahidə edilir. Yaşlı işçiləri, amma pensiya yaşı hələ çatmamış işçiləri işdən çıxarır, əvəzinə gənc kadrları təyin edirlər. Pensiya yaşı tamam olmamış şəxslərin işdən azad edilməsi qanunidirmi?
İqtisadçı Razi Abbasbəyli ”Sherg.az”a açıqlamasında bildirdi ki, pensiya yaşına çatmamış və ya pensiya təyin edilməsinə az müddət qalmış işçinin işdən azad edilməsi qanunla qadağan deyil, belə bir qanun yoxdur: 
- Hazırda qüvvədə olan qanunvericiliyə görə işçi bir neçə halda işdən azad edilə bilər. İşdən azadetmə qaydalarına görə, bunun işçinin pensiya yaşına az qalması və yaxud da pensiya yaşına çatması mərhələsində həyata keçirilməsi qadağandır deyə maddə yoxdur. Yəni, işçinin pensya yaşına 1 ilmi, 6 aymı qalıb deyə, işdən azad edilə bilməz kimi bir qadağa mövcud deyil. Faktiki vəziyyət bundan ibarətdir ki, uzun illər bir təşkilatda, müəssisədə işləyən işçilər, pensiya yaşına az müddət qaldığı vaxtda işdən azad edilir, işsiz qalır, onların yenidən iş tapması isə ciddi problemə çevrilir, məhz yaşla əlaqədar onların başqa bir işə qəbulu əmək bazarında mümkünsüz hala gəlir, vətəndaş pensiya yaşına çatana qədər heç bir sosial təminat almır. Yalnız müstəsna hallar var ki, məsələn, işsizlikdən sığorta məbləği təyin edilə bilir, lakin burda da problem yaradan hallar var. Məsələn, işçi öz ərizəsi ilə işdən çıxırsa (bir çox hallarda işçilərə məhz bu formada ərizə yazdırılır), işsizlikdən sığorta haqqı ala bilmir, hesablanmır ona bu məbləğ. Yalnız müəssisə bağlanarsa, fəaliyyəti dayanarsa və ya ixtisar həyata keçirildikdə, işçi işsiz qaldığı müddətdə, rəsmi olaraq Dövlət Məşğulluq Mərkəzində işsiz statusu alırsa, çalışdığı müəssisədə aldığı əmək haqqının 80 faizi 6 ay müddətində - yeni iş tapana qədər kompensasiya kimi, sığorta hadisəsi kimi ona ödənilir. 6 ay sonra isə bu məbləğ dayandırılır, verilmir artıq. Vətəndaş yenə maddi gəlirsiz qalır. Belə olan təqdirdə çox ciddi problemlər yaranır. Məsələn, kommunal təsərrüfat idarələrində çalışanların böyük əksəriyyətinə bir neçə il əvvəl ərizə yazdıraraq DOST iş mərkəzlərinin xətti ilə çalışdıqları işə yenidən bərpa etdilər, amma muzdlu əmək müqaviəsi ilə 1 il çalışmaq təmin olundu. İşçi iş yerini və əmək haqqını itirməsə belə, öz iş yerindən çıxarılaraq DOST vasitəsiylə yenidən işinə bərpa olundu. Amma bir illik müqavilə başa çatdıqdan sonra işdən azad edildilər. Nəticədə minlərlə insan işsizlikdən sığorta əldə edə bilmədi. Bunu onunla əsaslndırdılar ki, 1 illik müqavilə ilə işləyiblər. Və onlara işsizlikdən sığorta təyin edilmədi. Qanunla belədir, lakin ədalətsizdir. Belə hallar 100 minlərlə işçini əhatə edir. Dünya təcrübəsində isə görürük ki, müstəsna hallar kənara qoyulur, vətəndaş istər özü işdən çıxsın, istər ixtisara düşsün, itərsə əmək müqaviləsi bitsin, növbəti iş tapana qədər dövlət tərəfindən işsizlik sığorta ilə təmin olunur. Azərbaycanda bu qayda çox az adama şamil olunur, çox az bir qisim insan işsizlik sığortası ilə təmin olunur. İşsizlik sığortasının müddəti 6 aydır. 6 aydan sonra ödəmə dayandırılır. Bu, sosial ədalət prinsipinin pozulmasıdır. Hökumət sosial proqramlar həyata keçirməlidir. Əmək bazarının mövcud tələbləri nəzərə alınmalısır. 60 yaşdan yuxarı vətəndaşlar üçün sosial təminat proqramları olmalıdır.