Mövcud qanunvericiliyə edilən dəyişiklik, imzalanan sənəd dövrün tələblərinə uyğundur
Azərbaycana humanitar yardım kimi gətirilən mallar, mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlarla yanaşı hüquqi və fiziki şəxslər tərəfindən idxal edilən zaman yalnız Nazirlər Kabinetinin razılığı ilə vergidən azad edilə bilər. Bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununun icrasına dair Prezident İlham Əliyevin fərmanına edilən dəyişikliklərdə öz əksini tapıb. Əvvəllər belə malların siyahısı Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə müəyyən olunurdu. Qeyd edək ki, Azərbaycana humanitar yardım kimi gətirilən mallar əlavə dəyər vergisindən (18 faiz) azaddır.
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, söhbət humanitar yardımdan gedirsə, adı üstündədir; humanitar yardım. Və humanitar yardım olaraq ölkəyə gətirilən mallara əlavə olaraq vergi rüsumu tətbiq etmək məntiqsizdir:
- Humanitar yardımlar spesifik sahələr üzrə ola bilər. Tibb, təhsil, sosial sahələr, eləcə də ölkəyə strateji vacib avadanlıqlar, qurğular gətirilə bilər ki, bu qəbildən olan, bu niyyətlə gətirilən mallar əlavə vergidən, idxal gömrük rüsumlarından azad olmalıdır. Çünki bunlar strateji mallardır. Adətən belə malların maya dəyəri ucuz olur. Çünki humanitar yardım kimi nəzərdə tutulur. Maya dəyəri ucuz olan və ödənişsiz verilən mallara yenidən vergi qoyulması, əlbəttə, absurd görünər. Müxtəlif istehsal sahələrinin inkişaf etdiyi ölkələr var ki, başqa ölkələrə humanitar yardım göstərirlər. Humanitar yardımlar müxtəlif formalarda olur. Pandemiya dövründə ölkələr peyvəndlərin alınmasında bir-birinə yardım edirdi. Tonlarla yardım göndərilirdi ölkələrə. Humanitar yardım əlçatanlığı ilə seçilməlidir. Ödənişi olmamalıdır. Ödənişsiz gələn malın üzərinə vergi rüsumu tətbiq etmək məntiqsizdir. Bunları nəzərə alaraq hesab edirəm ki, mövcud qanunvericiliyə edilən dəyişiklik, imzalanan sənəd dövrün tələblərinə uyğundur.