Beşaylıq oğlan uşağı sifilis xəstəliyindən ölüb.
Oxu.Az-ın məlumatına görə, yanvarın 18-də Yasamal rayonunda B.Bağırova küçəsi 4 ünvanında yerləşən "OMD" xəstəxanasında anası 2000-ci il təvəllüdlü Kamilla Ələkbərova tərəfindən imtina edilmiş beşaylıq oğlan uşağı sifilis xəstəliyindən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, son vaxtlar anaların övladından imtina etməsi hallarının artdığı müşahidə edilir:
“Əvvəllər bu kimi hallara daha az rast gəlinirdi. Lakin indi övladını beşikdə, dövlət müəssisəsində, məktəbdə, evdə qoyub başqasıyla qaçan dırnaqarası analar çoxalıb. Ümumiyyətlə, heç maraqlanmayanlara, hətta ölümə tərk edənlərə də rast gəlirik. Onlara ana deməyə insanın dili gəlmir. Hər uşaq dünyaya gətirən ana deyil. Ana böyüdən, bəsləyən, hər qayğısını və nazını çəkəndir. Küçədə, it də, pişik də doğur, lakin Allahın heyvanı belə balasını tərk etmir. Yaradılışın ən ali varlığı insan və mərhəməti ilə insanlığın naxışı hesab edilən qadın bu əzazilliyi göstərirsə bu artıq həyacan siqnalıdır. Hətta bu o deməkdir ki, sözügedən qadın sadəcə nəsil artıra bilir, ana və insan ola bilməyib”.