Azərbaycanda doğum sayı ildən-ilə azalır -RƏY

Ceyhun Məmmədov: "Ciddi addımlar atılmalıdır, əks halda qarşıdakı illərdə azalmalar daha da çoxalacaq"

Azərbaycanda doğum sayının azalması son illərdə diqqət çəkən demoqrafik tendensiyadır.  
Ekspertlər doğum sayının azalmasını bir neçə səbəblə izah edirlər. İqtisadi çətinliklər, pandemiyanın təsiri, 44 günlük Vətən müharibəsinin nəticələri, ailə planlaşdırması və sosial dəyişikliklər kimi arqumentlər irəli sürülür. 
Gənc ailələrin valideyn olmaqdan daha çox, təhsilə, karyera və şəxsi inkişaflarına önəm verdikləri iddia edilir.
İctimaiyyətin bir qismi də hesab edir ki, ailələr uşaqların sayını planlaşdırarkən ilk növbədə maddi imkanlarını nəzərə alırlar. Gəlir səviyyəsinin aşağı olması, qiymətlərin artması və işsizlik riskləri gənc ailələrin daha az uşaq dünyaya gətirməsinə səbəb olur.
Yaşayış xərclərinin artması, uşağın təhsili, qidalanması, geyimi və sağlamlığı üçün tələb olunan xərclər ildən-ilə artır. Bir çox ailələrdə sabit və yetərli gəlir olmadığı üçün övlad sahibi olmaq qərarı təxirə salınır. Xüsusən də böyük şəhərlərdə mənzil problemi və kredit öhdəlikləri gənc ailələrin demoqrafik planlamasını məhdudlaşdırır.
Şübhəsiz ki, uşaqlı ailələr üçün sosial yardım və güzəştlərin məhdud olması da təsir edən faktorlardandır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da "Sherg.az"a açıqlamasında Azərbaycanda doğum sayının azalması və bunun nəticəsində şagirdlərin sayında azalma ilə bağlı narahatlığını ifadə edib: 
"Doğum sayının ildən-ilə azalması çox ciddi problemdir. Bu məsələni parlamentdəki çıxışlarımda da qaldırmışam ki, 2004-2025-ci illə müqayisədə doğulan uşaqların sayında 5000 azalma var. Bu problemin kökündə bir yox, bir neçə səbəblər dayanır. Vacib nüanslardan biri gənc ailələrin çox uşağa maraq göstərməməsidir. Eyni zamanda evlənmək istəyən gənclərin sayı da xeyli azalıb. Əvvəllər ailələrdə 5-6 uşaq olurdusa, indi bu rəqəm 1-2 uşağa enib. Bu tendensiya cəmiyyətin demoqrafik strukturuna mənfi təsir göstərir və gələcəkdə sosial sahələrdə ciddi problemlər yarada bilər".

Deputat vəziyyətin ciddiliyini nəzərə alaraq, bu istiqamətdə maarifləndirmə tədbirləri və dövlət proqramlarının hazırlanmasının vacib olduğunu vurğulayıb:
 "İqtisadi faktorların da rolu danılmazdır. Bir sıra dövlətlərin təcrübəsindən yararlanmaq olar.  Doğum sayının azalması tək bizdə deyil, Türkiyə, Rusiyada, qərb ölkələrində də ciddi azalmalar var. Düşünürəm ki, sadəcə "uşaqpulu"nun bərpası problemdən çıxış yolu deyil. Sistemli və ciddi addımlar atılmalıdır, əks halda qarşıdakı illərdə azalmalar daha da artacaq".
 C.Məmmədov hesab edir ki, doğum sayının azalmasının qarşısını almaq üçün ailələrə dəstək artırılmalı, cəmiyyət məlumatlandırılmalı, demoqrafik siyasət gücləndirilməlidir.