Neftçala rayonunda şəhid anası qohumları tərəfindən döyülüb.
Oxu.az xəbər verir ki, hadisə rayonun Xol Qarabucaq kəndində baş verib.
Kənd sakini Şəfiqə Səmədovanın oğlu Camal Vüqar oğlu Səmədov öz dayısı qızı ilə ailə qurub. C.Səmədov Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olandan sonra ailədə şəhidin pensiyası və veriləcək əmlakla bağlı mübahisələr başlayıb.
Belə ki, şəhidin atası Vüqar Səmədov oğlunun pensiyası və əmlakın Camal Səmədovun həyat yoldaşı Həcər Səmədovaya qalmasına narazılıq edib və bu barədə ailədə söz-söhbətlər başlayıb. Nəticədə söz söhbətə son qoymaq üçün Həcər 1 il sonra, yəni şəhidin il mərasimindən sonra iki azyaşlı uşağı ilə birlikdə atasının evinə köçüb və həmin vaxtdan etibarən uşaqları Şəfiqə Səmədovaya göstərməyiblər.
Şəhid anası dəfələrlə nəvələrini görmək üçün qardaşı evinə zəng vursa da, xeyri olmayıb. Məcburiyyət qarşısında qalan Ş.Səmədova uşaqları görmək üçün qardaşının evinə gedib. O, evə daxil olarkən qardaşı oğlu İlqar Səfərov şəhid anasını yumruqla vuraraq yıxıb. İlqar Səfərovun atası Şahmar Səfərov bacısı Şəfiqə Səmədovanı tutaraq evdən çölə atıb.
Hadisə nəticəsində Şəfiqə Səmədova baş və bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.
Hadisə yerinə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları gediblər və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.
Məhkəmədə şəhid ailəsi təqsirləndirilən şəxsi bağışlayıb və ondan şikayətçi olmayıb.
Məhkəmə şəhid anasının xahişini nəzərə alaraq cinayət işinə xitam verib və İ.Səfərovu məsuliyyətdən azad edib.
Psixoloq Samirə Bağırova Sherg.az-a bildirib ki, Şəhid anasından da əlavə, bir qadın qohumları tərəfindən şiddətə məruz qalıb və bu məsələnin səbəbi məlum deyil:

“Oğlu şəhid olmuş ananın, məlum vəziyyətlə əlaqədar psixi problemləri ola bilər. Yaxud qohumlararası illərlə sürən ziddiyyət, vərəsəlik, məişət problemləri zəminində şiddətə məruz qalmağına özü də səbəb yarada bilər. Müharibə dönəmlərində təəssüflər ki, şəhid övladının, yoldaşının adından, qanından başqa məqsədlər üçün, sui- istifadə edən valideynləri də, həyat yoldaşları da, çox gördük. Şəhid anası deyib əlbətdəki, məsələni bir az qloballaşdırmaq olar. Amma biz məsələnin əsl mahiyyətini bilmirik. Yenə də hər şeyə rəğmən, qadına əl qaldırmağın ən alçaldıcı davranış olduğunu anlamaq üçün, azərbaycan xalqının düşüncəsi köklü şəkildə dəyişməlidir, yaxud qanunlar bir az da sərtləşməlidir. Məsələnin şiddətə keçməməsi üçün, daha sivil yollarla, qanunla həll olunması üçün dövlətin polisi var. Amma bunu da anlamaq və məntiqli davranmaq üçün savad gərəkdir. Savad və sağlam psixologiya isə hamıya məxsus xüsusiyyət deyil. Cəmiyyətin şəhid ailələrinə münasibəti, şəhid ailələrinin davranışına bağlıdır. Bir şəhid anası, tik - tok sosial şəbəkələrində canlı efir açaraq, övladının rəsmindən, adından sui istifadə edərək, pul toplayırsa, dövlətin etdiyi hər dəstəyə baxmayaraq, üstünə benzin töküb, daha artığını tələb edərək həyasızlıq edirsə, şəhid olmuş həyat yoldaşının ən yaxın dostuna sevgi mesajları yazırsa, sosial şəbəkədə səhifə adını şəhid bacısı, şəhid qardaşı, qazi filan yazıb uyğun olmayan davranış sərgiləyirsə, əlbətdəki cəmiyyətin də yanaşması dəyişə bilir. Hərçənd ki, bu hamıya şamil olunmasa da, amma belə hallar təəssüf ki, heç də az deyil”.