Musa Quliyev: Tibb işçilərinin əməkhaqqı artımı səhiyyə xidmətlərinin keyfiyyətinə də təsir göstərəcək
Səhiyyə sisteminin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının təmin edilməsi yalnız müasir infrastrukturun yaradılması və yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu sistemin əsas dayağı insan amilidir. Həkimlərin və digər səhiyyə əməkdaşlarının peşəkar fəaliyyəti, sosial rifahı və əməyinin layiqincə qiymətləndirilməsi səhiyyə siyasətinin nəticəliliyini müəyyən edən əsas amillərdəndir.
Bu baxımdan TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüs mühüm sosial əhəmiyyət daşıyır. Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə irəli sürdüyü təşəbbüsə Prezident İlham Əliyevin müsbət münasibəti və onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətin səhiyyə sahəsinə diqqətinin növbəti göstəricisidir.
Bu qərarın mühüm tərəfi ondan ibarətdir ki, söhbət yalnız əməkhaqqının artırılmasından getmir. Burada tibb işçisinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə səhiyyə xidmətlərinin keyfiyyəti arasında birbaşa əlaqə nəzərə alınır. Peşəkar kadrın əməyinin düzgün qiymətləndirilməsi onun işə motivasiyasını artırır, səhiyyə sistemində kadrların qorunmasına və peşənin gələcək nəsillər üçün daha cəlbedici olmasına şərait yaradır.
Yeni əməkhaqqı qaydalarının 2026-cı il sentyabrın 1-dən tətbiq olunması və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə etməsi islahatın miqyasını göstərir. TƏBİB sistemi üzrə illik əməkhaqqı fondunun 189 milyon manat artırılması isə dövlətin bu istiqamətə ayırdığı əlavə maliyyə resurslarının əhəmiyyətli həcmdə olduğunu göstərir.
Əməkhaqqı artımlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılması da xüsusi diqqət çəkir. Belə yanaşma səhiyyə sistemində mövcud ehtiyacların daha dəqiq nəzərə alınmasına imkan verir. Xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlər üçün nəzərdə tutulan artımlar bu sahələrdə insan resurslarının gücləndirilməsinə xidmət edir.
Regionlarda kadr çatışmazlığının aradan qaldırılmasına yönələn stimullaşdırıcı mexanizmlər isə islahatın sosial mahiyyətini daha da genişləndirir. Kadr təminatında çətinlik yaşanan ixtisaslar üzrə xüsusi əlavələrin və müəyyən xidmətlər üzrə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi həkimlərin regionlarda fəaliyyət göstərməsinə əlavə stimul yaradır. Nəticədə bu addım təkcə tibb işçisinin gəlirinə deyil, bölgələrdə yaşayan insanların tibbi xidmətlərə əlçatanlığına da təsir göstərir.
Milli Məclisin deputatı Musa Quliyev TƏBİB-də çalışan tibb işçilərinin maaşlarının artırılmasını yüksək qiymətləndirib. O, “Sherg.az-a açıqlamasında bildirib ki, tibb işçilərinin maaşlarının artırılması səhiyyə sistemində kadr potensialının gücləndirilməsinə xidmət edəcək:

“Səhiyyə sisteminin dayanıqlılığı və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti birbaşa kadr potensialından, xüsusən də kadrların peşəkarlığından, məsuliyyətindən, motivasiyasından və işgüzarlığından asılıdır. Tibb işçilərinin əməyinin layiqincə qiymətləndirilməsi və sosial rifahının yaxşılaşdırılması səhiyyə sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu mənada əməkhaqqının artırılması təkcə işçilərin sosial müdafiəsi və əmək hüquqları baxımından deyil, həm də Azərbaycanda əhalinin sağlamlığının qorunması baxımından da əhəmiyyətlidir, başqa sözlə, birbaşa insan kapitalına qoyulmuş investisiyadır. TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqqılarının qaldırılmasını biz bu sahədə aparılan islahatların tərkib hissəsi kimi yüksək qiymətləndiririk. Onu da deyim ki, bu artım yalnız mexaniki xarakter daşımır. Əməkhaqlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və kadr təminatı kimi meyarlar nəzərə alınmaqla diferensial şəkildə artırılması daha peşəkar və məqsədyönlü yanaşmanın göstəricisidir. Bu yanaşma, eyni zamanda, tibb işçiləri üçün əlavə stimul yaradır, onların fəaliyyətə motivasiyasını artırır və səhiyyə xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərir. Yəni harada, hansı sahədə çalışan həkimin əməyinin məsuliyyəti, iş yükü və əhəmiyyəti daha yüksəkdirsə, həmin istiqamətdə əməkhaqqı artımının daha çox olması tamamilə normal və məntiqli yanaşmadır. Eyni zamanda, iş şəraiti və risklər də nəzərə alınmalıdır. Məsələn, gecə növbələrində, daha ağır və riskli şəraitdə çalışan tibb işçilərinin əməyinin əlavə stimullaşdırılması ədalətli əməkhaqqı prinsipinə uyğundur. Eyni zamanda, regionlarda əməkhaqqına əlavə stimullaşdırıcı ödənişlərin tətbiq olunması da məntiqli və məqsədyönlü yanaşmadır. Xüsusilə həkim çatışmazlığı olan bölgələrdə bu cür əlavə ödənişlər kadrların həmin ərazilərə cəlb olunmasına və mövcud kadr probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək. Bu, bütövlükdə həm tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həm də onların öz peşə fəaliyyətlərinə məsuliyyət və motivasiyasının artırılmasına xidmət edəcək”.
Deputat xatırladıb ki, müxtəlif regionlarda mövcud olan kadr çatışmazlığı da səhiyyə sisteminin qarşısında duran mühüm məsələlərdəndir. Onun sözlərinə görə, əməkhaqlarının artırılması və xüsusilə kadr çatışmazlığı olan bölgə və ixtisaslar üzrə əlavə stimulların tətbiqi bu problemin aradan qaldırılmasına ciddi töhfə verə bilər:
“ Eyni zamanda, əməkhaqlarının yüksəldilməsi tibb işçilərinin kadr axınının qarşısının alınması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu addımın həkimlərin bir müəssisədən digərinə, özəl sektora və ya xarici ölkələrə üz tutmaq meylinin azalmasına, nəticədə isə səhiyyə sistemində peşəkar kadr potensialının qorunub saxlanılmasına müsbət təsir göstərəcəyi gözlənilir. Bütövlükdə götürəndə bu islahatlar yəqin ki, davamlı olacaq və gələcəkdə eyni şəkildə maaş artımlarını biz həm də dövlət sektorunda, yəni dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, səhiyyədə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində və digər sahələrdə çalışan tibb işçilərinin də əməkhaqqılarında artımı görəcəyik. Və TƏBİB sahəsində çalışan işçilərin əməkhaqqının artması, şübhəsiz ki, özəl sektorda, tibb sektorunda da əməkhaqqı siyasətinə daha aktual baxılmasına öz müsbət təsirini göstərəcəkdir”.
Musa Quliyev hesab edir ki, son illər səhiyyə sistemində tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması və əməkhaqlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Əməkhaqqının artırılması da TƏBİB sistemində aparılan islahatların tərkib hissəsidir:
“Şübhəsiz ki, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi yalnız əməkhaqqının artırılmasından asılı deyil, paralel olaraq digər islahatlar da davam etdirilməlidir və etdiriləcəkdir. Burada söhbət maaşların həm də diferensial qaydada artırılmasından gedir. Diferensial sistemdə əsasən dörd istiqamət nəzərə alınmalıdır. Həkim və ya orta tibb işçisinin sabit maaşı ümumi gəlirin təxminən 60–65%-ni təşkil etməlidir. Bu, işçinin sosial təminatına dövlət zəmanətidir. Maaşın 35–40%-lik hissəsi isə qəbul edilən xəstələrin sayı, göstərilən xidmətin keyfiyyəti və nəticəsi, pasiyent mənuniyyəti, habelə tibb işçisinin peşə hazırlığı və biliklərini artırmaq istiqamətindəki fəaliyyətinin qiymətləndirilməsinə əsasən müəyyən edilməlidir. Deməli, əməkhaqqının artırılması sadəcə rəqəm dəyişikliyi deyil, islahatların mühüm tərkib hissəsidir. Əsas məqsəd tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək amilləri gücləndirmək, motivasiyanı artırmaq və iş yerlərində əmək intizamını möhkəmləndirməkdir”.
Deputat qeyd edib ki, digər vacib amil iş yerlərində müvafiq əmək şəraitinin yaradılmasıdır. Həkimin və ya tibb işçisinin əməkhaqqı yüksək olsa da, lazımi iş şəraiti yoxdursa -gərginlik, psixoloji təzyiq, müasir avadanlıq çatışmazlığı və müayinələr üçün uzun növbələr mövcuddursa, bu, xidmətin keyfiyyətinə mənfi təsir göstərir. İslahatlar çərçivəsində bu məsələlər də diqqətdə saxlanılmalı və aradan qaldırılmalıdır. Yəqin ki, islahatlar dövründə bu problemlər də TƏBİB-in nəzərindədir və bunlar da aradan qalxacaqdır.
O ki qaldı əməkhaqqının yüksək olmasının tibb sahəsinə marağın artmasına, M. Quliyev bildirib ki, Azərbaycanda səhiyyənin maliyyələşməsi region ölkələri ilə təxminən eyni səviyyədə olsa da, bu göstəricinin daha da artırılmasına ehtiyac var:
“ Tibb işçilərinin orta əməkhaqqı respublika üzrə orta aylıq əməkhaqqından yüksək olmalıdır. Bununla yanaşı, həkim, orta tibb işçisi və kiçik tibb heyətinin maaşları arasında dürüst nisbət müəyyən edilməlidir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstənin müalicə prosesində orta tibb işçilərinin - tibb bacıları və feldşerlərin böyük zəhməti və məsuliyyəti var. Onların əməkhaqqı elə səviyyədə olmalıdır ki, işlərinə yüksək motivasiya ilə yanaşsınlar, xəstələrin əlinə baxmasınlar və öz təminatlarını halal əməkləri ilə şəffaf şəkildə əldə edə bilsinlər. Təcrübədə orta tibb işçisinin maaşı həkim maaşının təxminən yarısı və ya bir qədər üzərində formalaşmalıdır. Məsələn, həkimlərin orta maaşı 2000 manat təşkil edirsə, orta tibb işçilərinin gəliri 1000 manat və ya daha yüksək olmalıdır. Kiçik tibb heyətinin (sanitarların) əməkhaqqı isə orta tibb işçisi maaşının ən azı 70%-i səviyyəsində müəyyən edilməlidir ki, onlar da öz işlərinə daha böyük motivasiya və həvəslə, eyni zamanda məsuliyyətlə yanaşsınlar, xəstələrin ciblərundə gözləri olmasın və ona görə də öz təminatlarını öz əməkləri ilə şəffaf şəkildə əldə edə bilsinlər. Bütün bunlar səhiyyənin maliyyələşməsi və əməkhaqqı siyasətinin çox mühüm elementləridir. Bu prinsiplər həm özəl sektorda, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB sistemində nəzərə alınmalı olan vacib məsələlərdir”.