"11 il kirayədə yaşamışam" - Natiq Şirinov

"Bir xanım zəng edib toya çağırır. Ona qonorarı deyəndə, cavab verdi ki, nədi bir "tappa-turup" vurursan, bu qədər pul istəyirsən? Cavab verdim ki, zəhmətimin 20 ilinin qiymətini desəm, deyərsən azdır. Nağara ifaçısı 35 yaşdan sonra pensiyaya çıxmalıdır. Amma biz bunu qoruyuruq".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Natiq Şirinov "Söhbət musiqidən gedir" proqramında deyib. Nağara ifaçısı sənətindən danışıb və musiqinin hazırki durumundan gileylənib:

"Əllərimin üstünə kimi çatlayır, qan gəlir. Soyuq havada nağara vurmaq lap çətindir. Soyuqdan dəri quruyur və çat əmələ gəlir. İnsanlar asan yolla pul qazanmaq istəyirlər. Deyirlər, Natiqin etdiyini studiyada tez yazdırım, məşq etmirlər. Nağaranı təmsil edə bilmirlər. Bunu ifa edirəmsə, Allah zəhmətimin qarşılığını verəcək. İndikilər ancaq pul düşünür. 11 il evsiz qalmışam, kirayədə yaşamışam. İki uşaq qucağımda o evdən qovurdular bura qaçırdım, burdan qovurdular ora qaçırdım. Pul düşünmürdüm, mənim yerimə olsalar nə edərlər? Pulu unudun, özü gələcək. İndi yüngül mahnıya meyilliyik. Toy gözəldi, amma toyxana çoxdur. Bir az konsert zalını çoxaltmaq lazımdır. Bizə səhnə lazımdır".