"Belə verilişlər lazım, çox da gərəklidir. Başqa cür meyxananın bu xalqın mənəvi genefonduna zərbə olduğunu necə izah etmək olar?! Meyxanaçıların nadanlığını özlərindən yaxşı kim ifşa edə bilər?!".
Bunu "Sherg.az"a açıqlamasında yazar Tural Cəfərov (Qan Turalı) "Meyxəbər" verilişinin sosial şəbəkələrdə tənqid olunmasından danışarkən deyib. Yazıçı bildirib ki, elə verilişdən sonra deməyə bir söz qalmır:
"Bircə epizoda baxmaq kifayətdir ki, bu adamların Mirzə Cəlilin təsvir etdiyi o zırramalardan olduğunu görəsən. Bir dəqiqə bəs edir ki, həmin insanların bir kitabı belə sona qədər oxumadığını anlayasan. Bir an belə yetər ki, onların bu xalq, vətən üçün gərəksiz olduqları qədər ziyanlı olduğunu başa düşəsən".
Qeyd edək ki, bir müddətdir, Space TV-də "Meyxəbər" verilişi yayımlanır. Aparıcıları meyxanaçılar Vüqar Əbdülov, Oqtay Kamil, Mehman Əhmədli və Rüfət Nasosnudur. Sözügedən verilişin heç bir məna ifadə etmədiyi, məğzinin anlaşılmadığı barədə sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirilir.