Əhməd bəy Ağaoğluya həsr edilmiş elmi konfrans işini yekunlaşdırıb



Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans sentyabrın 20-də işini yekunlaşdırıb.

Aİİ-dən "Sherg.az"a bildirilib ki, bağlanış mərasimində rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov elmi konfransın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı imzaladığı Sərəncam böyük mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir.

Rektor nəzərə çatdırıb ki, konfransda görkəmli şəxsiyyətin həyat və yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentindəki fəaliyyəti, Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında, həmçinin “Difai” təşkilatının yaradılmasında rolu, ədəbi və ictimai fəaliyyəti, İslam və milliyyətçiliklə bağlı düşüncələri, milli mübarizəsi və yaradıcılığında multikultural dəyərlərin tərənnümü kimi mövzuları əhatə edən məruzələr dinlənilib.

Ceyhun Məmmədov Əhməd bəy Ağaoğlunun çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratdığını, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşdirilməsində diqqətəlayiq xidmətlər göstərdiyini bildirib.

Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram Əhməd bəy Ağaoğlunun təkcə Azərbaycan üçün deyil, eləcə də Türkiyə üçün önəmli şəxsiyyətlərdən biri olduğunu bildirib. Əhməd bəy Ağaoğlunun Türk Ocaqlarının yaradılmasında yaxından iştirak etdiyini bildirən Cezmi Bayram qeyd edib ki, təşkilatın quruculuq fəaliyyəti də onun evində aparılıb.

Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirən Cezmi Bayram konfransın işini yüksək dəyərləndirib. Vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi qarşılıqlı faydalı əməkdaşlığa, mövcud təcrübələrin paylaşılmasına böyük töhfə verir.

İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Mustafa Balcı konfransda dinlənilən məqalələrin hər birini yüksək qiymətləndirib.

Türkiyənin Ankara Universitetinin professoru Abdullah Gündoğdu böyük mütəfəkkir Əhməd bəy Ağaoğluya həsr olunmuş konfransın təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, dahi mütəfəkkirin 150 illik yubileyinə həsr olunmuş bu konfrans onun həyat və yaradıcılığının daha dərindən araşdırılmasına zəmin yaradır.

Sonda konfransda çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, konfransın materialları kitab şəkilində çap olunacaq.