Bu gün Ağdam rayonunun erməni işğalından azad edildiyi gündür. Bu tarixi hadisə cənab Prezident İlham Əliyevin siyasi ustalığı, sərkərdəlik məharəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsi sayəsində mümkün oldu. 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu hərbi əməliyyatlar keçirilmədən, bir güllə belə atılmadan Azərbaycana qaytarılıb.
Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Əslən Ağdamdan olan, Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı “Sherg.az"a açıqlamasında deyib ki, Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Bu tarix xalqımız üçün qürur günüdür. AVP sədri Vətən müharibəsi nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisinin Azərbaycana təhvil verilməsini və bununla da, əsaslı şəkildə insan tələfatının qarşısının alınmasını Azərbaycanın həm də siyasi müstəvidə qazandığı Qələbə kimi şərh edib:
“Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edilib. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu. Prezident İlham Əliyev bu münasibətlə deyib ki, biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.
44 günlük müharibənin gedişində Azərbaycan Ordusu bütün mənalarda Ermənistanın silahlı qüvvələrindən üstün olduğunu nümayiş etdirərək onların müdafiə xətlərini yarıb qüvvələrini sıradan çıxartdı. Zamanın əleyhinə işlədiyini görən Ermənistan tərəfi də işğalda qalan 3 rayonu döyüşsüz təslim etməyə məcbur oldu. Bu mənada Ağdam şəhəri döyüşsüz, itkisiz azad olundu demək də doğru ifadə deyil. 44 gün ərzində atılan güllələr, verdiyimiz itkilər, torpaqlarımız uğrunda tökülən qanlar həm də Ağdam uğrunda olub.
Bildiyiniz kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb”.
Ağdamın işğalı zamanı itkilərimizin çox olduğunu xatırladan A.Nağı deyib ki, şəhərin müdafiəsi uğrunda çoxlu qanlar tökülmüşdü:
"Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid olub, minlərlə insan yaralanıb, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın demək olar bütün rayonlarında məskunlaşıb. Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə edib, ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənib”, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilib. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınıb, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ağdamı xarici və yerli jurnalistlər “Qafqazın Xirosiması” adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət edib".
Ağdam şəhər gününün əhəmiyyətinə toxunan partiya sədri qeyd edib ki, biz işğal günlərini qeyd etməkdən yorulmuşduq:
"Bu gün isə ordumuzun və Ali Baş Komandanımızın sayəsində biz şəhər günləri, Qarabağımızın azadlıq günlərini qeyd edirik. Azərbaycan dövlətinin diqqəti oradadır. Ağdamı regionun böyük bir şəhərinə və iqtisadi mərkəzə çevirməklə bağlı çox böyük layihələr var. Oradakı işlər geniş şəkildə davam etdirilir. Ağdamla və insanların ora köçürülməsi ilə bağlı planlar da var. Hesab edirəm ki, Ağdam yaxın vaxtlarda tam şəkildə bərpa olunacaq və əvvəlkindən də qat-qat gözəl olacaq. Beləliklə, Ağdam dünyanın ən müasir və cəlbedici şəhərlərindən birinə çevriləcək. Ermənilər elə bilirdilər ki, artıq Ağdamı sıradan çıxarıblar. Amma Ağdam küllərindən yenidən doğuldu".