Tarix elmimizin QURBANLARINDAN BİRİ

Prof. Məhəmməd Tağı Zehtabi (Kirişçi).

Sabir Rüstəmxanlı

 Milli Məclislə Azərbaycan Müdafiə Nazirliyinin arasında, vaxtilə Bakının ən yaraşıqlı binalarından sayılan doqquzmərtəbəli evlərdən birində üz-üzə oturmuşduq. Onu qiyabən çoxdan tanıyırdım, o da mənim yazılarımı oxumuşdu. 1988-ci ildən başlanan milli azadlıq hərəkatındakı mövqeyimi azdan-çoxdan bilirdi. Hər halda Azərbaycanda bu qədər yaxını-dostu, qohumu ola-ola mənimlə görüşmək istəməsi və bu axşama tək məni dəvət etməsi aradakı münasibətin kifayət qədər etibarlı olduğunu və mənə inandığını göstərirdi. Az qala atamla yaşıd olan, elə onun kimi iri cüssəli, sal qayaya bənzəyən, danışığı, oturub-duruşu ilə Güneydən olan digər yaşlı ziyalılarımızı - Qulam Məmmədlini, Nəsir İmanquliyevi, Şəfayət Mehdiyevi, Hüseyn Ciddini, Söhrab Tahiri xatırladan bir kişiydi. Azərbaycanın şimalında müstəqil dövlətin bərpası, bu yolda çəkdiyimiz əziyyətlər, inşallah Güneydə də yeni bir dövr başlayacağına sonsuz ümid... Söhbətimizin mövzusu beləydi... Axıra yaxın səni dəvət elməkdə bir məqsədim də var. Çox fikirləşdim və qərara gəldim ki, bu işi ancaq sən görə bilərsən... deyıb ayağa qalxdı. Yan otaqdan iri bir qovluq gətirib masanın üstünə qoydu. 600-700 səhifəlik makina yazısıydı. Ərəb əlifbasıyla... İlk səhifəni götürüb höccələməyə başlayanda "bu, Azərbaycan tarixinə yeni bir baxışdır. İran türklərinin 6000 illik tarixini yazmışam" - dedi. Təkcə bu sözlər yetərliydi ki, əlimin altında nə boyda bir sərvət olduğunu hiss edim...

Kitab nəşrinin çətin bir dövrü idi. Hətta dərsliklər üçün kağız tapa bilmirdik. Mətbəə ləvazimatını, kardonu, boyani, dozaklı Dağıstandan, çöl yollarıyla, qaçaq mal kimi, hətta bəzən Türkmənistan üzərindən və ya Türkiyədən gətirirdik... Buna baxmayaraq böyük tarixçi alimin kitabı nəşr olunmalıydı. O axşam uzun müddət bu məsələni müzakirə elədik. Mənim fikrimcə, bu əsər ilk növbədə İranda türkcə və farsca buraxılmalıydı. Kitabın təcili latın qrafikasına köçürülməsini qərarlaşdırdıq; sonrakı taleyi mənim boynuma qalırdı. Eyni zamanda, söz verdim ki, Bakı nəşrindən sonra Türkiyədə buraxılmasına da yardım edəcəyəm və bunu Türk Dünyası Araşdırmaları Vaqfının Genel Başkanı, köhnə dostum prof. Turan Yazqandan xahiş edəcəyəm. Razılaşıb ayrıldıq. Bundan sonra da bir-iki dəfə nazirlikdə görüşdük. Sonra məlum oldu ki, razılaşdığımız kimi əsəri öncə İranda nəşr etdirmək qərarına gəlib. Türkiyədə də adını çəkdiyim vaqfdan xahiş etdim və əsər orda ixtisarlarla nəşr edildi.

M.Zehtabi 1923-cü ildə (hicri 1302) ildə Güney Azərbaycanın Şəbüstər şəhərində anadan olmuş və çox mürəkkəb, məşəqqətli bir həyat yolu keçmişdir. Məşəqqət sözü XX yüzildə Güneydə doğulmuş və Milli Hökumət dönəmində yaşamış, gəncliyi bu illərdə keçmiş aydınların yaşadıqlarını ifadə etməyə gücü çatmayan bir kəlmədir... Milli hökumətin qurulmasında iştirak etmiş və ya Pişəvəri hərəkatına rəğbət bəsləyən güneyli qardaşlarımızın hər birinin həyatı bir faciə əsəridir. Zehtabi də onlardan biridir. O, ilk və orta təhsilini Şəbüstərdə, sonra Təbrizdə almış, fars, ərəb və fransız dillərini öyrənmişdi...

1945-ci ildə Təbrizdə buraxılan Azərbaycan qəzetində yazılar yazır, yenicə qurulan Təbriz Universitetinə daxil olur. Yazılarına və milli düşüncələrinə görə 1948-ci ildə Sovet İttifaqına qaçır, həbs edillib Sibirə göndərilir. 3 il həbsdə olduqdan sonra Düşənbədə və Bakıda elmi araşdırmalarla məşğul olur.

1971-ci ildə İraqa gedib Bağdad Universitetində fars dilini və qədim türkcəni tədris edir...

1979-cu uldə Təbrizə qayıdaraq universitetdə ərəb dili müəllimi olur; öz açdığı bölmədə gənclərə Azərbaycan türkcəsini öyrədir və buna görə də rejimin qəzəbinə tuş gələrək 4 il cəza evində yatmağa məhkum edilir. 1981-ci ildə Mütərəqqi İran Türkləri Aydınlar Cəmiyyətini, Təbriz Azərbaycan mədəniyyət ocağını qurur.

Çoxlu şeiri, məqaləsi, araşdırma əsəri var. Mənə göstərdiyi İran türklərinin əski tarixi adlı kitabı 1998-ci ildə Güneydə nəşr edilib və əsl inqilab effekti yaradıb. Bundan sonra Şəbüstərdəki evində faciəli şəkildə qətlə yetirilib...

İran rejimi uzun müddət öz əcəliylə öldü yalanını yaysa da, sonradan həqiqət ortaya çıxdı... On il sonra DAK-ın qurultayında cəsədinin şəkilləri nümayəndələrə paylandı və onun necə vəhşi işgəncələrlə öldürüldüyünə şübhə yeri qalmadı.

Dr. Zehtabi Azərbaycan tarixiylə bağlı həqiqətləri ortaya çıxarmaq istəyirdi və bunun qurbanı oldu. Şəhid oldu və öz taleyi ilə yalan üzərində siyasət quran Fars-molla rejiminin əsl üzünü dünyaya göstərdi... Görkəmli filoloq, folklorşünas, dilçi, mətnşünas, etnoqraf, tarixçi və nəhayət, şair olan Zehtabinin gənclik illərində yazdığı şeirlərdən birini xatırlatmaq istəyirəm:

Su deyibdir mənə əvvəldə anam, ab yox,

Yuxu öyrətdi uşaqlıqda mənə xab yox,

Bəli, daş yağsa göydən sən O-san, mən də Bu-yam,

Var sənin başqa anan, vardı mənim başqa anam.

Özümə məxsus olan başqa elim vardır mənim,

Elimə məxsus olan başqa dilim vardır mənim...

Dr. Zehtabi də daha çox İran və Qərb mənbələrinə söykənərək türklərin Güney Azərbaycanda qurulmuş dövlətlərinin tarixini incələyərək bu dövlətlərin türklərə məxsusluğunu və türklərin aborogen, yerli xalq olduğunu və farsdilli xalqlardan 2-3 min il öncədən bu bölgədə böyük sivilizasiyalar qurduqlarını sübut edir. Onun tarix kitabının gücü daha çox dil və maddi-mədəniyyət abidələri əsasında yazılmasındadır. O, İran tarixi deyilən ideologiya maşınının üstündən yalan pərdəsini götürmüşdü. Bu gün dünyada meydan sulayan şovinizm cəfəngiyyatlarının bir çox hallarda tarixi saxtalaşdırmaq zəminində yarandığını göstərirdi. Qədim yunanlarda da belə olub, orta əsrlərin farslarında da, bu günün ermənilərində də...

Bölgəyə nisbətən yeni, yəni 3 min il öncə yerləşmiş Hind-Avropalılar - farslar öz müstəsnalıqlarını göstərmək və köçüb gəldikləri torpaqların ilkin sahiblərinin dirənişi ilə üzləşməmək üçün ilk növbədə onların qədim mədəniyyətlərinin izlərini silib məhv etmək və ya o mədəniyyətlərə sahiblənmək yolu tutublar.

Ərdəşirin başçılığı ilə Sasani imperatorluğu özündən əvvəlki bütün dil və mədəniyyət abidələrinin türk xalqlarına məxsusluğunu qəbul edə bilmir, Arratta, Gitti, İullibi, Manna, Matienna, Med və sair sivilizasiyaları arilərə bağlamaqla bu torpaqlardan türklərin 6 minillik izlərini silməyə çalışırdılar...

Dr. Zehtabinin yazdıqlarından:

“Elam dili bugünkü İranın batı vilayətlərində yaşayıb uyarlıq yaratmış Kassilər, Guttilər, Lullibilər, Hurrilər, Gilzanlar və Urartuların dilləri ilə eyni bir kökə malik olmuşdur və bir takım əski tarix bilginləri bu düşüncədədirlər ki, Elam dili Gutti-Lullibilər və onların torunları olan Manna-Medlər içərisində rəsmi dövlət və ticarət dili olmuşdur.  Elam sivilizasiyasının Əhəməni uyğarlığından daha qədim, yüksək və zəngin olması bəlli olduğunda Ariaçılıq tərəfdarları Elamları da arilərdən olaraq göstərməyə başladılar.

Anadolu torpaqlarının batı bölümləri bugünkü Van-Ərzurumdan Aralıq dənizi və boğazlara qədərki yerlərin ilk insanları və topluluqları tarixçilərin düşüncələrinə görə, hititlər olmuşlar. Hitit xalqı Orta Asiyadan bölgəmizə olan üçüncü ellər köçünün törəmələridir. Bəzi tarixçilərə görə, bu köç Miladdan öncəki altıncı minilliyin sonlarında olmuşdur. Şumerlər  kimi hititlər də türkdilli olmuş və bugünkü Anadolunun bəlkə də ilk sakinlərini təşkil etmişlər....

Farslar və arilərlə başlanan tarix soyqırımları İranda Sasanilərdən Pəhləvilərə uzanan bir ənənə ilə bugünədək davam etdirilir və Qərbdə özünə çoxlu tərəfdar tapıb. Türkü inkar etmək, farsdandönmə saymaq və oxşar şəkildə bölgədəki, o cümlədən İran ərazisindəki bütün qədim Turan və Elam köklərini baltalamaqla bu ərazilərin tarixən farslara məxsusluğunu sübut etmək... Ən əsas silah da yalançı, uydurulmuş tarix və uydurmalardan ilhamlandırılmış Şahnamələrdir!.. Sərsəm böyüklük iddialarının hamısının kökündə millətləri başdan çıxaran bu tarix illüziyaları dayanır... Və qəribədir ki, türkü inkaretmək mövqeyində saxtakarlar şox asanca birləşirlər... Min ildir türk xalqı yenə bu bölgənin ən böyük ulusu olaraq qalır... Dünyada obyektiv tarixçiliyin meydanı genişləndikcə, ilkin mənbələr və qədim dillərdəki yazılar doğru-düzgün oxunduqca türk-Azərbaycan tarixinin əsl möhtəşəm mənzərəsi daha aydın görünəcəkdir...”

Dr. Zöhtabi də təxminən bunları yazır. Burada dövlət qurmuş qədim xalqların dillərini araşdırır; onların çoxunun prototürk dili olduğunu və buna görə də iz buraxmadan sonrakı türk dönüşlərinin və ya axınlarının içində əridiklərini qeyd edir...

Şumerlərdən başlayaraq, elam, hurri, guti, lullubi, urartu, manna, işquz uyqarlıqlarını yaradanların dili bugünkü dilimiz kimi şəkilçi artırılmaqla güzələn dillər olmuşdur. Buna görə o dillərdən nümunələr, xüsusi örnəklər axtarmaq da yersizdir; çünki o dillər bu gün də canlı şəkildə yaşayır, türk dilinin ləhcələri kimi, qıpçaq türklərinin dilinin Borçalıda, sak türklərinin dilinin Şəkidə, alban türklərinin dilinin Qubada, elam dilinin Həmədanda yaşadığı kimi... Doktor Zehtabi bunları yazırdı...