"Evraq-nəfisə" məcmuəsinin tədqiqi layihəsinə başlanılıb - FOTO

1919-cu ildə nəşrə başlayaraq 6 sayı işıq üzü görən "Evraq-nəfisə" məcmuəsinin elmi-faktoloji tədqiqatına başlanılıb. Azərbaycan Türk Ocağı İctimai Birliyinin bu layihəsi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 3 ay müddətində həyata keçiriləcək və araşdırmalar kitab şəklində çap olunaraq ictimaiyyətə təqdim ediləcək.

Layihə barədə "Sherg.az"a məlumat verən Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, əməkdar jurnalist Akif Aşırlı bildirib ki, "Evraq-nəfisə" Azərbaycanın ilk peşəkar, ixtisaslaşmış ədəbiyyat, incəsənət və mədəniyyət toplusudur. Ceyhun və Üzeyir Hacıbəylilərin böyük qardaşı Zülfüqar bəy Hacıbəylinin naşirliyi, dövrün məşhur yazarı, məhsuldar publisist Əliabbas Müznibin redaktorluğu ilə nəşr edilən bu toplu Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasətinin ən parlaq nümunəsidir.

A.Aşırlı bildirib ki, topluda türk-islam mədəniyyətinin izləri, Şərq fəlsəfəsi, musiqi alətləri, islam abidələrinin tarixi ilə yanaşı Azərbaycan milli ədəbi mühitin görkəmli nümayəndələrinin, mədəniyyət-incəsənət xadimlərinin tərcümeyi-halı, əsərlərindən nümunələr dərc olunub. Tarixi fotoşəkillərlə zəngin olan "Evraq-nəfisə" milli opera və teatr tariximizin öyrənilməsi və tədqiqi üçün dəyərli mənbədir.

Layihə çərçivəsində dərginin bütün sayları rubrikalara, məqalələrin məzmununa, istiqamətinə uyğun qruplaşdırılaraq mütəxəssislər tərəfindən tədqiq olunacaq.

A.Aşırlı qeyd edib ki, layihənin sonunda hazırlanacaq kitab may ayında Azərbaycan Respublikasının Müstəqillik günü ərəfəsində geniş oxucu kütləsinə çatdırılacaq.