Yanvarın 19–23-də dünyanın siyasi və iqtisadi elitası, maliyyə və texnologiya sahəsinin nəhəngləri Davosa toplaşacaq. Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) dialoq mədəniyyətinə həsr edilmiş builki toplantısında dünyanın 130-dan çox ölkəsindən 3 000-ə qədər iştirakçı olacaq. Təxminən 400 yüksək səviyyəli siyasi lider arasında 65 dövlət və hökumət başçısı — prezidentlər və baş nazirlər yer alacaq.
Qeyd edək ki, Davos forumu artıq sadəcə iqtisadi məsələlərin müzakirə olunduğu platforma deyil. Dünya liderlərinin burada iştirakı onların qlobal siyasət və iqtisadiyyata real təsir göstərə biləcəkləri bir məkan olaraq Davosu qəbul etdiklərini göstərir. BMT və digər beynəlxalq institutlarda qərar qəbuletmə proseslərinin ləngiməsi, eləcə də BMT-nin təsir gücünün azalması, liderləri alternativ platformalara, əsasən də Davosa yönəldib.
Siyasi şərhçi Aqil Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Davos Forumunun əsas üstünlüyü çevik, bürokratiyadan uzaq və çoxtərəfli dialoq imkanları yaratmasıdır. Burada dövlət başçıları, transmilli şirkətlərin rəhbərləri, maliyyə mərkəzləri, texnologiya nəhəngləri və qlobal fikir liderləri eyni masa arxasında bir araya gəlirlər:

"Bu da bəzən rəsmi beynəlxalq təşkilatların illərlə müzakirə etdiyi məsələlərin Davosda qısa müddətdə irəli aparılmasına şərait yaradır. Bir sözlə, Davos Dünya İqtisadi Forumu sürətlə dəyişən beynəlxalq münasibətlər fonunda dövlətlərarası dialoqun, qeyri-rəsmi diplomatiyanın və strateji razılaşmaların formalaşdığı əsas qlobal məkanlardan birinə çevrilib".
Ötən həftə Dünya İqtisadi Forumunun Qlobal Risk 2026 hesabatını açıqladığını xatırladan A. Məmmədov qeyd edib ki, hesabat 2026, yaxın 2 və uzunmüddətli 10 ili əhatə edən riskləri əks etdirir:
"Hesabata əsasən, yaxın 10 il dünya üçün kifayət qədər fırtınalı və gərgin keçəcək. Yaxın iki il ərzində geosiyasi qarşıdurmaların davam etməsi və bunun təsiri ilə dövlətlər arasında silahlı qarşıdurmalar dünya üçün əsas risk olaraq qalacaq. Eyni zamanda dezinformasiya da artıq qlobal risk kimi gündəmdədir. Yalnız 2 ildən sonra geosiyasi gərginliklərin səngiməsi ilə dünyanın gələcəyi üçün əhəmiyyətli olan qlobal iqlim dəyişikliyi və ekoloji problemlər ön plana çıxacaq. Bu hesabat fonunda deyə bilərəm ki, sabah Davosda başlayacaq diskussiyalar Şərq-Qərb arasında kifayət qədər gərgin keçəcək".
Siyasi şərhçi onu da deyib ki, əməkdaşlığın ruhu devizi ilə keçiriləcək diskussiyalara Azərbaycan da qatılacaq və rəsmi Bakı Şərqlə Qərb arasında gərginləşən bu mühitdə özünü güc kimi təqdim etməyə, xətləri Qafqazda uzlaşdırmağa çalışacaq:
"Davosda Qafqaz regionu Azərbaycan Prezidenti İlham Əliyevin timsalında təmsil ediləcək. Qafqaz regionunda yeni yaranan ticarət dəhlizləri, infrastruktur layihələrindən faydalanma, resurslar uğrunda rəqabət və digər mühüm mövzular müzakirə olunacaq".