"Heydər Əliyev dövlətçiliyimizin memarı, müstəqilliyimizin xilaskarıdır” – Xalq yazıçısı


Azərbaycan xalqının taleyində tarixi əhəmiyyətə malik elə böyük günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü ilin 3 oktyabrına təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 

1993-cü il 3 oktyabr Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ümummilli Lider ölkəmizdə siyasi gərginliyin, hakimiyyət böhranının kəskinləşdiyi bir dövrdə hakimiyyətə gəldi. Həmin vaxt xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı.

Bir tərəfdən də Ermənistanın təcavüzü ilə üzləşən ölkəmiz təşviş içində idi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu. Ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu. Təsadüfi deyil ki, 1993-cü il Azərbaycanın tarixinə qurtuluş ili kimi daxil oldu. Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. 



Ulu öndərin prezident seçilməsi və buna qədər keçilən yol barədə “Şərq”ə danışan xalq yazıçısı, ümummilli liderlə bağlı ən sanballı əsərlərin müəllifi, millət vəkili Elmira Axundova söylədi ki, Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişini və ümumiyyətlə, həmin günləri çox yaxşı xatırlayır.

Xanım parlamentari diqqətə çatdırıb ki, ümummilli liderə həsr etdiyi kitabının 5-ci cildi H.Əliyevin Naxçıvandakı fəaliyyəti dövrünü əhatə edir:

Kitabın sonunda isə tam təfərrüatı ilə Milli Qurtuluş Günü hadisələrinə öz qiymətimi vermişəm. Qurtuluşdan əvvəl cərəyan edən hadisələrin hamısı bizi məyus etmişdi. Vətəndaş qarşıdurması başlamışdı. Çox böyük inamsızlıq hökm sürürdü. İnsanlar hakimiyyətə inanmırdı. Dahi Konfutsinin yaxşı bir kəlamı var. O deyib: "Dövlət bir müddət silahsız, hətta çörəksiz yaşaya bilər, amma inamsız heç vaxt yaşaya bilməz”. O zamanlar da xalqımız inamını itirmişdi. Ona görə də bütün xalqın diqqəti Naxçıvana yönəlmişdi və hamı bir ağızdan deyirdi: "Yalnız Heydər Əliyev ölkəni və xalqı bu xaotik durumdan çıxara bilər” 

Xalq yazıçısı qeyd edib ki, həmin günlərdə Heydər Əliyevdən başqa heç kim bu çətin və dözülməz vəziyyəti tənzimləyə bilməzdi:

"Yalnız Heydər Əliyevin dühası, gücü və xalqın ona olan inamı bu durumu düzəldə bilərdi. Bu da baş tutdu. 1993-cü ilin 3 oktyabrında ümummilli lider Heydər Əliyev prezident seçildi. Bununla da ölkədə vətəndaş müharibəsinə son qoyuldu və mövcud ağrılı, iztirablı durum tədricən aradan qalxdı. Əlbəttə, bu hal və ya hərc-mərclik bir müddət sonra da davam etdi. Amma 2-3 ay müddətində ümummilli lider vəziyyəti ələ aldı. Könüllü birləşmələr cəbhədə xaos yaradırdı, buna soy qoyuldu.

Dərhal milli ordunun qurulması prosesinə başlanıldı. Milli ordu 1993-cü il noyabrından başlayaraq 1994-cü ilin aprelinə qədər hücuma keçdi və fevral-mart ayına qədər neçə-neçə yaşayış məntəqələrimiz geri alındı. Bütün bu məşəqqətli anların şahidi olmuş, həmin acıları öz dərimdə hiss etmiş bir insan kimi tam məsuliyyətlə deyə bilərəm ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Respublikamız mövcud olmazdı. Sonradan biz məkirli planlar haqqında xəbər tutduq. Öyrəndik ki, Azərbaycanı üç yerə böləcəklər. Bəzi qüvvələrin respublikamızı parçalamaq planları var idi və bu niyyətlərini həyata keçirməyə başlamışdılar. Nə yaxşı ki, Heydər Əliyev kimi dahi və cahanşümul insan bu planları pozdu. H.Əliyev olmasa idi, bəlkə də Respublikamız indiki hüquqlarla mövcud olmayacaqdı”.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına da toxunub:

Düzdür, hələ ki, Dağlıq Qarabağ məsələsini həll etməmişik, lakin bütün beynəxalq ictimaiyyət və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, hər zaman bütün sənədlərdə hüquqi cəhətdən əks olunub. Ona görə də gec-tez problemlər mütləq həll olunacaq. Başqa yol yoxdur. İşğalçı dövlət nə qədər istəyirsə torpaqları işğal altında tutsun, amma tarixdə heç vaxt belə bir hal olmayıb ki, hansısa dövlət ömrü boyu işğal altında qalsın.

Heydər Əliyev o dövrlərdə insanlarımızın inamını geri qaytardı, hərtərəfli siyasət qurdu və Respublikamızı beynəlxalq aləmdə müstəqil dövlət kimi tanıtdırdı. Doğrudan da, Heydər Əliyev dövlətçiliyimizin memarı,  müstəqilliyimizin xilaskarıdır”.